Hadisələri canlandıran şəkillər
Bu gün Yehovanın Şahidlərinin əksər nəşrləri rəngli şəkillərlə zəngindir. Amma bu, həmişə belə olmayıb. 1879-cu ildə işıq üzü görən «Sion Gözətçi qülləsi»nin ilk sayı ümumiyyətlə şəkilsiz idi. Bundan sonra da uzun illər ərzində nəşrlərimiz, tək-tük illüstrasiyası və ya ağ-qara şəkli olan məqalələri çıxmaq şərtilə, tamamilə mətndən ibarət olub.
Lakin indiki nəşrlərimizin çoxu şəkil və illüstrasiyalarla zəngindir. Ədəbiyyatlarımızda, eləcə də bu saytda gördüyünüz fotoşəkillərin və illüstrasiyaların əksəriyyəti fotoqraflarımızın və rəssamlarımızın əl işidir. Əlbəttə ki, onların ərsəyə gəlməsində diqqətli və əsaslı araşdırmalar böyük rol oynayır. Bunlar adi şəkillər deyil, bunlar tarixdən ibrət götürməyə və vacib Müqəddəs Kitab həqiqətlərini başa düşməyə kömək edən vəsaitlərdir.
Buradakı illüstrasiyaya diqqətlə baxın. İlk dəfə bu illüstrasiya «Allahın Padşahlığı haqqında ‘ətraflı şəhadət verin’» kitabının 19-cu fəslində çap edilib. Hadisə yeri qədim Korinf şəhəridir. «Həvarilərin işləri» kitabının 18-ci fəslindən bildiyimiz kimi, həvari Pavel bima, yəni hakim kürsüsü qarşısına gətirilir. Tədqiqatçılar Pavelin qarşısına gətirildiyi vali Qallionun durduğu mərmər kürsünün yeri və rəngi haqda rəssama arxeoloji məlumatlar təqdim etmişdilər. Həmçinin birinci əsrin Roma geyimləri haqda verilən məlumatların sayəsində rəssam vali Qallionu (şəklin mərkəzində) o vaxtlar aristokratlara xas olan geyimdə çəkə bilmişdi. Onun əynində tunika və enli bənövşəyi zolağı olan toqa, ayaqlarında isə kalsey adlanan ayaqqabı görmək olar. Tədqiqatçılar təyin etmişlər ki, Qallio bimada olarkən, çox güman ki, üzü şimal-qərbə tərəf dururdu. Bu məlumat sayəsində rəssam səhnənin işıqlandırılmasını düzgün müəyyən edə bilmişdi.
Rahat və əlverişli
Tədqiqatları sənədləşdirmək və şəkilləri gələcəkdə təkrar istifadə etmək üçün biz onları kataloqa daxil edirik. Uzun illər ərzində şəkil və illüstrasiyaları onların çap edildiyi nəşrlərə uyğun olaraq böyük zərflərdə saxlayırdıq. Fotoşəkillər mövzuya uyğun qruplaşdırılmışdı. Zərflərin sayı artdıqca lazım olan şəkli tapmaq və onu təkrarən istifadə etmək çətinləşirdi.
1991-ci ildə tələbatlarımıza cavab verən şəkil bazasının axtarış sistemini işləyib-hazırladıq. Şəkil Xidmət Sistemi adı verilən bu bazada 440000-dən çox illüstrasiya saxlanılır. Nəşrlərimizdə çap edilən illüstrasiyalardan başqa, orda minlərlə fotoşəkillər də var ki, onlardan gələcəkdə faydalanmaq olar.
İllüstrasiyanın çap edildiyi nəşrin adı, tarixi, oradakı hər bir detalın adı, şəkildə təsvir olunduğu hadisənin ehtiva etdiyi dövr — bir sözlə, hər şey qeydə alınır. Yeni nəşr hazırlananda qısa vaxt ərzində münasib şəkillər tapmaq çox vacibdir.
Bəzən hansısa şəkil və ya illüstrasiyadan istifadə etməzdən öncə, özəl mənbələrdən icazə almaq lazım gəlir. Tutalım, «Oyanın!» jurnalında çap ediləcək bir məqalə üçün Saturn planetinin halqalarının şəkli lazımdır. Köməkçilərimiz münasib şəkili tapanda sahibi ilə əlaqə yaradıb ondan istifadə etmək üçün icazə istəyirlər. Müqəddəs Kitab üzrə ümumdünya maarifləndirmə işimizi nəzərə alaraq, bəziləri ondan pulsuz, digərləri isə pul ödəmək və ya şəklin altında mənbəni qeyd etmək şərti ilə istifadəsinə icazə verirlər. Şəklin sahibi ilə razılığa gəldikdən sonra həmin şəkil ədəbiyyatımızda çıxır və məlumat bazasının kataloquna daxil edilir.
Bu gün nəşrlərimizdən bəziləri, əsas etibarilə, illüstrasiyalardan ibarətdir. Nümunə üçün bu saytda çıxan «Müqəddəs Kitab hekayələri şəkillərlə» rubrikasını, eləcə də həm saytımızda yer alan, həm də çap olunan «Allahın sözünə qulaq as» kimi rəngli broşüraları gətirmək olar. Onların özəlliyi ondadır ki, sözlərə az yer verilib. Bununla belə, orada çox vacib ibrət dərsləri var. Bu, eləcə də saytımızda çıxan və çap edilən nəşrlərimizin hamısı Müqəddəs Kitabı tanıtmaq üçündür.