İspan tərcümə qrupu İspaniyaya köçdü
İsa demişdi ki, Padşahlıq haqqında xoş xəbər bütün yer üzündə təbliğ ediləcək (Matta 24:14). 1909-cu ildən bəri Yehovanın Şahidləri tərəfindən hazırlanan, Müqəddəs Kitaba əsaslanan nəşrlər ispan dilinə tərcümə edilir və bunun sayəsində bütün dünyada yaşayan insanlar Padşahlıq haqqında xoş xəbəri öz ana dilində eşidirlər. İspan dili bu dildə danışanların sayına görə Çin dilindən sonra ikinci yerdədir və dünyada yarım milyard insan bu dildə danışır.
İspan tərcümə qrupunun üzvü Uilyam deyir: «İspan dili beynəlxalq dildir, çünki bu dildə müxtəlif mədəniyyətlərdən olan və müxtəlif ölkələrdə yaşayan insanlar danışır. Məqsədimiz tərcümə edərkən keçmişi, təhsil səviyyəsi, həyat şəraiti bir-birindən fərqli olan oxucularımızın qəlbinə yol tapmaqdır». Buna görə də tərcümə qrupunda Argentinadan, Kolumbiyadan, Qvatemaladan, Meksikadan, Puerto-Rikodan, Salvadordan, Uruqvaydan, Venesueladan və təbii ki, İspaniyadan olan insanlar var.
Argentina, Meksika və İspaniyadan olan Yehovanın Şahidlərindən ibarət ispan tərcümə qrupu onilliklər idi ki, bu işi Birləşmiş Ştatlarda həyata keçirirdi. 1993-cü ildə qrup Puerto-Rikoya köçürüldü, bunun sayəsində bütün tərcüməçilər bir yerdə işləməyə başladı.
2012-ci ilin mart ayında ispan tərcümə şöbəsinin yenidən köçürülməsinə, ancaq bu dəfə Yehovanın Şahidlərinin İspaniyadakı filialına köçürülməsinə qərar verildi. Edvard xatırlayır: «Biz nəinki özümüz köçməli idik, həm də şəxsi əşyaları, avadanlıqları, eləcə də tərcümə qrupunun digər vacib “üzvünü” — tərcüməçilərin kitabxanasını da köçürməli idik». Kitabxana, Müqəddəs Kitabın ispan dilində olan yüzlərlə tərcüməsi də daxil olmaqla, 2500 kitabdan ibarət idi.
2013-cü ilin mayın 29-u ispan tərcümə şöbəsinin üzvləri yeni evlərinə çatdılar və İspaniya Bet-El ailəsi tərəfindən çox səmimi qarşılandılar. Kitablar, avadanlıqlar, tərcüməçilər Atlantik okeanın bir tayından o biri tayına sağ-salamat keçirildi. Yaxşı planlaşdırılmanın sayəsində Yehovanın Şahidlərinin ispandilli oxucuları nəşrlərin çıxmasında heç bir fasilə hiss etmədilər. Edvard deyir: «Padşahlıq haqda xəbər hər şeydən önəmlidir. İstəyimiz odur ki, mümkün qədər çox ispandilli insan nəşrlərimizi oxusun».