Kontentə keç

Ruslan həyat yoldaşı Kristina ilə məhkəmə binası qarşısında (17 dekabr 2020-ci il)

17 DEKABR 2020
RUSİYA

Ruslan Alıyev şərti həbs cəzasına məhkum edilib

Ruslan Alıyev şərti həbs cəzasına məhkum edilib

Ruslan qardaşın əlavə sözləri gətirilib

17 dekabr 2020-ci il tarixində Rostov-Don şəhərinin Leninski Rayon Məhkəməsi Ruslan Alıyevi iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edib. Cəza şərti olduğu üçün o həbsə salınmayacaq.

Qərarın verilməsindən öncəki günlərdə görünürdü ki, Yehova ona qəlb rahatlığı və sülhünü verib (Filippililərə 4:7). O, dostlarına demişdi: «Məhkəmənin qərarının necə olacağı məni elə də narahat etmir. Allah nəyinsə baş verməsinə yol verirsə, onu nəzarətdə saxlayır və vaxtında kömək edir. Harada olacağımdan asılı olmayaraq, həmişə Yehovaya xidmət edəcəyəm». Ruslan həmçinin bilir ki, bütün dünyadakı bacı-qardaşlar onun sadiq qalması və dözüm göstərməsi üçün dua edir və o deyir ki, bu, onun üçün böyük təsəllidir.

14 dekabr 2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında son sözü ilə çıxış edərkən Ruslan cəsarətlə dedi: «Eramızın birinci əsrində dövlətə qarşı qiyama təhrikçilikdə ittiham olunan 33 yaşlı cavan kişi hakim kürsüsü qarşısına çıxarılmışdı. Həmin məhkəmə icraatı barədə əlimizdə olan sənədlər təsdiq edir ki, əslində o, Yehova Allahla münasibətlərinə görə məhkum edilmişdi. Şahidlərin ifadələri bir-birinə zidd idi və ittiham tərəfi onun təqsirini sübut edə bilmirdi, bununla belə, ona ittiham hökmü çıxarıldı. Həmin kişi İsa Məsih idi.

Bu gün, iyirmi birinci əsrdə, mən — 33 yaşlı gənc kişi hakim kürsüsü qarşısına çıxarılmışam. Məni də Konstitusiya quruluşuna və dövlət təhlükəsizliyinə qarşı cinayət törətməkdə ittiham edirlər... Konstitusiya quruluşuna və dövlət təhlükəsizliyinə qarşı cinayət törətməyimə dair ittihamların bu qədər ziddiyyətli və mənasız olması məni təəccübləndirir».

Ruslan etnik və dini nifrət qızışdırması ilə əlaqədar ittihamları da qətiyyətlə rədd etdi. O dedi: «Müxtəlif səbəblərə görə mən ən azı üç millətin əhatəsində böyümüşəm: rus, Azərbaycan və Ukrayna. Onların hər biri mənə eyni dərəcədə əziz və yaxındır... Dostluq etdiyim insanlar arasında ingilisdilli afrikalılar və çinlilər var... Mən milliyyətcə azərbaycanlıyam. Azərbaycan və erməni millətləri arasındakı uzunmüddətli ədavətdən hamının xəbəri var. Lakin mənim yaxın dostum ermənidir və o, toyumda şahidim olub. Müxtəlif millətlərdən, irqlərdən, dinlərdən və sosial təbəqələrdən olan insanlara qarşı bu cür münasibət mənə verilmiş dini tərbiyə sayəsində formalaşıb... Millətlərarası və irqi ədavəti qızışdırmağıma, eləcə də birinin digərindən üstün olmasını təbliğ etməyimə dair ittihamları eşitmək həm mən, həm də məni tanıyanlar üçün təəccüblüdür».

Rusiyadakı bacı-qardaşların məhkəmədə cəsarətlə şahidlik vermələri barədə eşitmək çox ruhlandırıcıdır. Biz əminik ki, Yehova hakimiyyət orqanlarının nümayəndələri qarşısında imanımızı müdafiə edərkən səpdiyimiz həqiqət toxumlarına xeyir-dua verəcək (Mətta 10:18).