Kontentə keç

10 OKTYABR 2024
ERİTREYA

Eritreyada keçirilən reydlər Yehovanın Şahidlərinin kütləvi həbsi ilə nəticələndi

Həbs olunan 23 nəfərin arasında səksən beş yaşlı bacımız var

Eritreyada keçirilən reydlər Yehovanın Şahidlərinin kütləvi həbsi ilə nəticələndi

2024-cü il 27 sentyabr tarixində Eritreya dövlət orqanları Yehovanın Şahidlərinin ibadət görüşünün keçirildiyi evə basqın etdilər. Polis 24 nəfəri həbs etdi: 6 qardaşı, 16 bacını və 2 azyaşlı uşağı. Üç gün sonra dövlət orqanları gəlib ibadət görüşünün keçirildiyi evdə yaşayan 85 yaşlı bacını da həbs etdi. İki azyaşlı uşaq sonradan buraxıldı, qalan 23 nəfər isə May Serva həbsxanasına köçürüldü.

Hal-hazırda Eritreyada etiqadına görə 63 Yehovanın Şahidi həbsdədir, onlardan 10 nəfərin yaşı 70-i keçib. Bu dindaşlarımızdan heç biri heç vaxt cinayət törətməkdə təqsirli bilinməyib.

Eritreyadakı Yehovanın Şahidləri artıq uzun illərdir ki, təqib olunurlar. Təxminən 30 il bundan əvvəl, 25 oktyabr 1994-cü ildə Eritreya prezidenti ölkədə doğulan bütün Yehovanın Şahidlərini vətəndaşlıqdan məhrum etdi. Demək olar ki, elə həmin vaxtdan bəri bacı-qardaşlar güclü təqiblərlə və əsassız həbslərlə üzləşirlər.

Baş verən bu son hadisələr bizi çox narahat və məyus edir. Biz Eritreyada həbsdə olan dindaşlarımız üçün dua edirik və əminik ki, Yehova onlara qəlb rahatlığı, dözüm və güc verəcək (İbranilərə 13:3).