3 DEKABR 2020
DÜNYADAN XƏBƏRLƏR
Xüsusi kampaniya 2020. Dövlət məmurlarının minnətdarlığı
Bu ilin noyabr ayında bütün dünyada Yehovanın Şahidləri «Gözətçi qülləsi»nin 2020-ci il №2 sayını iş adamlarına, qohumlarına və digərlərinə paylayırdılar. Kampaniyanın özəlliyi onda idi ki, jurnal hakimiyyət nümayəndələrinə də təqdim olunurdu. Filiallara xeyli sayda minnətdarlıq məktubları daxil olub.
Syerra-Leonenin Torpaq, Yaşayış-Kommunal və Şəhərsalma nazirinin müavini Reks Bonafa yazdığı məktubda jurnalı ona göndərən qardaşlara minnətdarlığını bildirdi. O yazıb: «Etiraf etməliyəm ki, sizin jurnal məni zənginləşdirdi və maarifləndirdi. İndi mən onu hər gün oxuyuram».
Samoanın Baş Naziri jurnala görə təşəkkür etdi və Ağanın duasının çox vacib olduğunu vurğuladı. Dövlət başçısı II Tuimalealiifano Vaaletoa Sualauvi Müqəddəs Kitab üzrə maarifləndirmə işimizə görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, bizim işimizin «insanlara xeyri var, bunun sayəsində onlar Müqəddəs Kitabı öyrənir və həyatlarında yaxşılığa doğru dəyişikliklər edirlər». Dövlət başçısı COVID-19 pandemiyasına görə insanlara şəxsən baş çəkmədiyimizə və ev-ev təbliğimizi dayandırdığımıza görə qardaşları təriflədi.
Çilidə icra hakimiyyəti başçısının katibi Osvaldo Kartagena Qarsiya deyib: «Ümid edirəm ki, sizin bu xoşniyyətli kampaniya ölkəmizdə və bizim kommunada bütün məmurların maariflənməsinə xidmət edəcək. Beləcə, onlar ölkəmiz və bütün dünya üçün bu cür çətin bir vaxtda xeyirli işlər görməyə təşviq olunacaqlar».
Bundestaq üzvü Almaniyada yerləşən Mərkəzi Avropa filialına ünvanladığı məktubunda yazıb: «Sizin dinlə tanışam. Sizə hörmətim böyükdür. Yehovanın Şahidləri olduğunuzu açıq-aydın bildirməyinizə heyranam... Üçüncü Reyx dövründə (nasist rejimi) ən ağır repressiyaya məruz qalan insanların siz olduğundan da xəbərim var».
Almaniyanın federal nazirliyi COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda insanlara ürək-dirək verdiklərinə görə Yehovanın Şahidlərinə təşəkkür etdi. Nazirlikdən gələn məktubda deyilirdi: «Siz cəmiyyətin və bütün ölkənin birliyinə dəyərli töhfə verirsiniz».
Kolumbiya filialı Senatın və Nümayəndələr palatasının üzvlərindən məktub alıb. Onlar jurnala görə minnətdarlığını bildirib və onu başqaları ilə paylaşacaqlarını deyiblər. Ətraf Mühitin Mühafizəsi və Dayanıqlı İnkişaf Nazirliyinin bir əməkdaşı yazıb: «“Gözətçi qülləsi”ni mənə göndərdiyinizə görə sizə ürəkdən minnətdaram, çünki orada həyatları xilas edən xəbər haqqında yazılıb!»
Qananın Yaponiyadakı səfiri Frank Okyere deyib: «Jurnalınızı böyük maraqla oxudum, çünki orada bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli göstərilir».
Azərbaycanın ölkələrdən birində olan səfiri deyib: «“Gözətçi qülləsi”nin xüsusi sayını səfirliyə göndərdiyinizə görə çox sağ olun. Onu böyük məmnuniyyətlə oxudum».
Biz Mozambik filialının Məlumat xidmətinin nəzarətçisi Amaro Taşarenin sözlərinə şərikik. O deyib: «Bu kampaniya gözlədiyimizdən də yaxşı keçdi. Padşahlıq haqqında xəbər adətən əlçatmaz olan insanlara çatdı».
Şübhə yoxdur ki, məmurlara Müqəddəs Kitabdakı xoş xəbər çatdıqca daha çox minnətdarlıq məktubları alacağıq (1 Timutiyə 2:2).