12 NOYABR 2024
DÜNYADAN XƏBƏRLƏR
Şərqi Afrika filialının ərazisində ibadət evlərinin sürətləndirilmiş tikintisi proqramının 25 ili tamam olur
1000-ə yaxın ibadət evi tikilib!
2024-cü il Şərqi Afrika filialının ərazisində ibadət evlərinin sürətləndirilmiş tikinti proqramı əsasında inşasının 25 ili tamam olur. Hal-hazırda bura Keniya, Cənubi Sudan, Sudan və Tanzaniya əraziləri daxildir.
1999-cu ildə Rəhbərlik Şurası inkişaf etməkdə olan 88 ölkədə ibadət evlərinin tikintisini sürətləndirmək üçün hazırlanmış Məhdud Resurslu Ölkələr (MRÖ) proqramını a təsdiqlədi. Bu proqramı dəstəkləmək məqsədilə maddi imkanları yaxşı olan filiallar məhdud resurslu ölkələrə səxavətlə yardım edirlər (2 Korinflilərə 8:13—15). Üstəlik, ibadət evlərinin tikintisində təcrübəsi olan bacı-qardaşlar digər ölkələrə səfər edərək yerli bacı-qardaşlara təlim keçirlər. Təlim keçdikdən sonra yerli dindaşlarımız ərazilərindəki tikinti işini davam edə bilir. Şərqi Afrika filialının ərazisində tikilən ibadət evləri haqda düşünəndə bu tədbirin necə gözəl bəhrələr verdiyini aydın görürük.
1999-cu ildə Şərqi Afrikada 23 000-dən çox təbliğçi, amma yalnız 51 ibadət evi var idi. Əksər yığıncaqlar açıq havada, şəxsi evlərdə, yaxud digər yerlərdə keçirilirdi. Məhdud Resurslu Ölkələr (MRÖ) proqramına başlamazdan əvvəl yerli bacı-qardaşlar tikintidə əllərində olan hər hansı materiallardan məsələn, taxta dirək, palçıq, büzməli metal və hətta qurumuş peyin və kül qarışığından istifadə edirdilər. Embudakı (Keniya) Kinqpost yığıncağında xidmət edən Nensi Ruita bacımız deyir: «Bizim ibadət evimiz dəmir tənəkələrdən tikilmişdi. Hava isti olanda içəri soba kimi od tutub yanırdı. Yağışın səsindən isə natiqin dediklərini eşitmirdik. İndi çox sevinirik ki, dəmir tənəkələr yerinə daş divarlarımız var. Görüşün proqramını yaxşı dinləyə bilirik və proqramdan daha çox fayda əldə edirik. İbadət evlərimiz başqaları üçün gözəl şahidlikdir».
Şərqi Afrikadakı bacı-qardaşlar MRÖ proqramı sayəsində Nayrobidə (Keniya) ilk ibadət evini tikdilər. Sevindirici haldır ki, 25 il ərzində filialın ərazisində tikilən ibadət evlərinin sayı 51-dən 1000-ə qalxdı.
Şərqi Afrika ərazisində müjdəyə hay verənlərin sayı çoxaldıqca ibadət evlərinin tikintisinə tələbat artır. Şərqi Afrikada Yerli layihə-inşaat şöbəsində nəzarətçinin köməkçisi kimi çalışan Timoti Stivens qardaş deyir: «2024-cü ildə 126 ibadət evinin tikintisinə, 200-dən çox ibadət evinin isə təmirinə ehtiyac var idi. Növbəti beş il ərzində tələbatın daha da artacağı gözlənilir».
Bütün dünyada, eləcə də Şərqi Afrikadakı bacı-qardaşlarımızın tələbatlarını ödəmək üçün çəkilən zəhmətə və verilən qurbanlara görə ürəkdən minnətdarıq. Əminik ki, ibadət evlərinin tikintisi davam etdikcə, Yehova pak ibadəti dəstəkləmək və Onun adını ucaltmaq üçün gördüyümüz işlərə bərəkət verəcək (Əşiya 2:3).
a 2014-cü ildə Məhdud Resurslu Ölkələr (MRÖ) proqramı Yerli layihə-inşaat şöbəsi kimi fəaliyyət göstərməyə başladı.