13 FEVRAL 2019
BİRLƏŞMİŞ ŞTATLAR
Baş idarədəki muzey ekskursiyaları indi Amerika jest dilində
2019-cu ilin yanvar ayından etibarən baş idarədəki muzey ekskursiyaları rəsmi olaraq Amerika jest dilində keçirilir. Baş idarədəki muzey şöbəsinin nəzarətçisi Enrike Ford deyir: «Muzey eksponatları haqqında məlumatın Amerika jest dilinə tərcümə olunması və kompüterdə proqramlaşdırılması üçün görülən işlər həqiqətən heyrətamizdir! Muzeyimizi ziyarət edən eşitmə qabiliyyəti olmayan və ya zəif olan bacı-qardaşlarımız maraqlı və maarifləndirici sərgilərin ab-havasına qərq olurlar».
Eşitmə qabiliyyəti olmayan və Nyu-Yorkda öncül kimi xidmət edən Ana Barrios Amerika jest dilində keçirilən ilk ekskursiyalardan birinin iştirakçısı olub. O deyir: «Mənə Amerika jest dilində videoların olduğu cihaz veriləndə çox sevindim. Əvvəllər muzeydə olmuşam və eksponatlarla tanış idim, lakin ingilis dilində olan yazıları sadəcə oxumaq mənə xırdalıqları başa düşməyə kömək etmədiyi üçün həmin məlumat ürəyimə təsir etmirdi. Amerika jest dilində bir neçə videoya baxandan sonra Yehovanın adını əvvəllər bilmədiyim mənada anlamağa başladım. Sərgi Yehovanın şəxsiyyətinin elə yönlərini işıqlandırmışdır ki, hisslərimi cilovlaya bilməyib ağladım».
Layihə üzrə işlər 2017-ci ilin iyun ayında başlayıb. Altı kar və valideynləri kar olan ailədə böyümüş 6 eşitmə qabiliyyətli təbliğçi də daxil olmaqla, ümumilikdə 23 bacı-qardaş muzey eksponatları haqqında məlumatların Amerika jest dilinə tərcümə edərək yazıya alınmasında iştirak edib. Tərcümə qrupu muzeyin audiomaterialının məzmununa uyğun olan və ümumilikdə doqquz saat çəkən 900-dən çox video yazıya alıb. Amerika jest dilində videolar üç məkanda yerləşən studiyalarda yazıya alınıb: Amerika jest dilinə tərcümə ofisində (Fort-Loderdeyl, Florida ştatı), ABŞ filialında (Volkil, Nyu-York ştatı) və ümumdünya baş idarədə (Vorvik, Nyu-York ştatı). İstifadəyə verilməzdən əvvəl videolar hər yaşda olan müxtəlif kar bacı-qardaşlara göstərilib. Bu, tərcüməni və ekskursiyaların keçirilməsini təkmilləşdirmək məqsədi ilə edilib.
Muzey şöbəsi videoları Amerika jest dilində nümayiş etdirən sensorlu cihazlar alıb. Vorvikdəki muzeydə olan standart audiobələdçi cihazlar vasitəsilə verilən məlumatları həmin cihazlar videoformatda göstərir. Muzey şöbəsi sərgilərdə olan on dörd sensorlu ekranı Amerika jest dilində videoların nümayişi üçün uyğunlaşdırıb.
Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson deyir: «Vorvikdəki muzeyin məqsədi baş idarəyə gələnləri ruhlandırmaq və imanlarını möhkəmləndirməkdir. Muzey eksponatları haqqında məlumatların, eşitmə qabiliyyəti olmayan və ya zəif olan bacı-qardaşların və digər insanların başa düşdüyü Amerika jest dili də daxil olmaqla, on dörd dildə verilməsi bizi çox sevindirir».
Bu günə kimi beş yüz mindən çox insan Vorvikdə ekskursiyada olub. Bacı-qardaşlarımız sərgini görməyə və Yehovanın Şahidlərinin zəngin ruhani irsi barədə daha çox öyrənməyə dəvət olunurlar. Beləcə, sizin bundan sonra da Yehovaya güvənmək əzminiz möhkəmlənəcək (Zəbur 78:7).
Muzey eksponatları haqqında məlumatların Amerika jest dilində təqdimatının hazırlıq mərhələsi: qardaş baş idarədə (Vorvik, Nyu-York ştatı) quraşdırılmış müvəqqəti studiyada videonu nəzərdən keçirir
Valideynləri kar təbliğçilər olan eşitmə qabiliyyətli üç uşaq 1977-ci ilin «Yehovanın adı bütün yer üzündə bəyan edilməlidir» adlı audiodramın Amerika jest dilinə tərcüməsinə baxır
Bir qrup bacı-qardaş əllərindəki sensorlu cihazlarla «Müqəddəs Kitab və Allahın adı» adlı sərgidə ekskursiyada
«Yehovanın adını daşıyan xalq» adlı sərginin qonaqları sensorlu ekranda Amerika jest dilində videoya baxır
Ekskursiyaya gələnlər «Yaradılış fotodramı»na daxil olan 500-ə yaxın slayda dair Amerika jest dilindəki videoya baxır