24 DEKABR 2020
AZƏRBAYCAN
AİHM-nın Azərbaycandakı dindaşlarımızla bağlı son qərarları
2020-ci ilin oktyabr və noyabr aylarında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandakı Yehovanın Şahidlərinin xeyrinə bir neçə qərar çıxarıb. Həmin qərarlar bunlardır: «Qridnyova Azərbaycana qarşı», «Şeveli və Şengelaya Azərbaycana qarşı», «Cəfərov Azərbaycana qarşı» və «Tağıyev Azərbaycana qarşı». AİHM-nın bu qərarları qardaşlarımızın təbliğ etmək, ibadət üçün birgə toplaşmaq və Azərbaycana dini ədəbiyyat idxal etmək hüquqlarının qanuni müdafiəsinə xidmət edəcək.
Ərizələr məhkəməyə 2011 və 2012-ci illərdə verilib. «Qridnyova Azərbaycana qarşı» işi hüquq-mühafizə orqanları əməkdaşlarının təbliğ işinə müdaxiləsi, «Şeveli və Şengelaya Azərbaycana qarşı» işi isə yığıncaq görüşünə reyd keçirmələri barədə idi. «Cəfərov Azərbaycana qarşı» və «Tağıyev Azərbaycana qarşı» işləri isə hökumətin bəzi nəşrlərimizin idxalına icazə verməməsi və sayına məhdudiyyət qoyması barədə idi.
Bu işlərin üçündə («Qridnyova Azərbaycana qarşı», «Cəfərov Azərbaycana qarşı» və «Tağıyev Azərbaycana qarşı») Azərbaycan hökuməti dindaşlarımızın hüquqlarını pozduğunu tanıdı və ümumilikdə 10 500 avro (12 880 ABŞ dolları) məbləğində təzminat ödəməyə razılaşdı.
«Şeveli və Şengelaya Azərbaycana qarşı» işi üzrə qərarında məhkəmə səyyar xidmətdə olan ər-arvadın həbs və deportasiya edilməsinin qanunsuz olduğunu bildirdi və onlara 3000 avro (3680 ABŞ dolları) məbləğində təzminatın ödənilməsini təyin etdi.
Qərarda AİHM izah edib ki, dua və ya digər formada ibadət etdiklərinə görə bu ər-arvadın cəzalandırılması Avropa İnsan Hüquqları Konvensiyasını pozur; əksini iddia etmək ölkədə rəsmi qeydiyyatdan keçməmiş dini azlıqların etiqadlarını tanımamağa və nəticədə dövlətin insana nəyə inanmalı olduğunu diktə etməsinə haqqı çatdığını etiraf etməyə bərabər olacaqdı.
Son illərdə Azərbaycan hakimiyyət orqanları Yehovanın Şahidlərinə qarşı daha yaxşı münasibət göstərir və onların hüquqlarını müdafiə edir. Biz çox şadıq ki, AİHM-nın bu son qərarları sayəsində dindaşlarımızın din azadlığı daha çox qorunacaq. Ən əsası isə biz gücümüz və pənahımız olan Yehova Allaha minnətdarıq (Zəbur 46:1).