22 AVQUST 2017
AVSTRİYA
Avstriyanın bir şəhərində nasist rejiminin qurbanı olan 31 Yehovanın Şahidi hörmətlə anılır
Zelters (Almaniya). 2017-ci il mayın 19-u səhər saatlarında Texelsberq (Avstriya) bələdiyyəsi Nasistlər tərəfindən konsentrasiya düşərgələrində həbsdə saxlanılan və edam edilən Yehovanın Şahidlərinin xatirəsinə həsr olunmuş mərasim təşkil etdi. Mərasim zamanı ümumilikdə 31 Yehovanın Şahidinin «Texelsberq və onun ətraf ərazilərində Milli Sosializmin qurbanı» olduğunu təsdiqləyən xatirə lövhəsi açıldı.
Proqram 60 vokalistin «Haydı, irəli, ey Şahidlər!» nəğməsini ifa etməsi ilə başladı. Bu, bütün dünyada Yehovanın Şahidlərinin ibadətlərində hələ də vaxtaşırı ifa etdikləri nəğmənin bir versiyasıdır. Nəğmənin orijinalını II Dünya Müharibəsi ərzində nasistlər tərəfindən Zaksenxauzen konsentrasiya düşərgəsində həbsdə saxlanılmış Erik Frost adlı Yehovanın Şahidi bəstələyib. Musiqili açılışın ardınca qonaq məruzəçilər cənab Yohan Koban (Texelsberqin bələdiyyə başçısı), cənab Peter Stoker (Texelsberqdəki qurbanlardan biri olan Qreqor Volfartın nəvəsi), prof. Peter Qstetner, prof. Vinzenz Jobst və dr. Peter Kayser (dövlət qubernatoru) təxminən 350 nəfərin qarşısında çıxış etdi. «ORF 2» və «ORF Kärnten» adlı Avstriya xəbər yayım stansiyaları bir neçə yerli qəzetlə birlikdə bu hadisəni yayınladı.
II Dünya Müharibəsi ərzində Avstriyadakı 550 Yehovanın Şahidinin 212-si öz bitərəf siyasi mövqelərinə və müharibədə iştirak etməkdən imtina etdiklərinə görə konsentrasiya düşərgələrinə göndərilib və yanlışlıqla Almaniyanın Milli Sosialist rejimi üçün təhlükə yaratmaqda günahlandırılıblar. Bu konsentrasiya düşərgələrində tanınmaları üçün Yehovanın Şahidləri formalarının üzərinə bənövşəyi üçbucaq taxmağa məcbur edilib. Ümumilikdə 154 avstriyalı Yehovanın Şahidi Holokostda həlak olub.
Bu anma mərasimindən əvvəl müharibəyə dair başqa bir anma mərasimində nasistlərin qurbanı olan texelsberqli beş Yehovanın Şahidi (Yohan Ştossier, Anton Uran, Qreqor Volfart, kiçik Qreqor Volfart və Villibald Volfart) tarixi yanlışlıq olaraq «itkin düşmüş şəxslər» kimi qələmə verilib. Prof. Qştetner xatirə lövhəsinin əhəmiyyətini açıqladı: «Bu xatirə lövhəsi tarixi gerçəkliyi aşkara çıxardı. Olduqca cəsarətli və imanlarında qətiyyətli olan bu insanların indi düzgün olaraq anılması şahidlik etdi ki, qeyri-insani sistemin tələblərinə müqavimət göstərməkdə mətanətli olmaq mənəvi cəhətdən doğru hərəkətdir və sonda qələbə qazanır».
Yehovanın Şahidlərinin Avstriyadakı nümayəndəsi Yohan Zimmerman deyir: «Şiddətli təqiblərə baxmayaraq, Yehovanın Şahidlərinin göstərdikləri cəsarət və imanı təqdir edən bu kimi tədbirləri çox qiymətləndiririk. Ümid edirik, bu tədbir bir daha xatırlatdı ki, dini azlıqların dövlət üçün təhlükə kimi qələmə verilməsi nə qədər böyük bir amansızlığa yol açır».
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000
Avstriya: Yohan Zimmerman, tel.: +4318045345
Almaniya: Volfram Slupina, tel.: +496483413110