Kontentə keç

Münhen Nasional-Sosializm Tarixi Sənədləşdirmə Mərkəzində (sağda) Yehovanın Şahidlərinin nasizm dövründə üzləşdiklərinə həsr olunmuş xüsusi sərgi keçirilib. Mərkəz vaxtilə Nasional-Sosializm Partiyasının baş qərargahının yerləşdiyi məkanda tikilib

18 FEVRAL 2019
ALMANİYA

Münhendə Yehovanın Şahidlərinin nasizm dövründə təqibi mövzusunda sərgi

Münhendə Yehovanın Şahidlərinin nasizm dövründə təqibi mövzusunda sərgi

Münhen Nasional-Sosializm Tarixi Sənədləşdirmə Mərkəzinin sərgi salonunda altmış lövhədə Yehovanın Şahidlərinin nasizm dövründə üzləşdikləri təqiblərə dair sənəd və şəkillər nümayiş etdirilib

26 sentyabr 2018-ci il tarixindən 6 yanvar 2019-cu il tarixinədək Münhen Nasional-Sosializm Tarixi Sənədləşdirmə Mərkəzində Yehovanın Şahidlərinin nasizm dövründə üzləşdiklərinin ictimaiyyətləşdirilməsinə həsr olunmuş xüsusi sərgi keçirilib. Mərkəz vaxtilə Nasional-Sosializm Partiyasının baş qərargahının yerləşdiyi məkanda tikilib.

Münhen Şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə məsləhətçisi Doktor Hans-Georq Küppers açılış nitqində sərginin təşkil edilməsinin səbəbləri barədə məlumat verərək qeyd edib: «Bu sərgi çox vacib məna kəsb edir, çünki uzun illər Yehovanın Şahidləri nasizm rejiminin qurbanları kimi qəbul edilmirdilər... Sərginin məqsədi onlar barədə həqiqəti ictimaiyyətin nəzərinə çatdırmaqdır».

Münhendə nasizm rejimi zamanı qardaşlarımızın üzləşdikləri təqiblər, göstərdikləri cəsarət, sadiqlik və necə sağ qalmaları barədə tarixi məlumatlar altmış lövhədə nümayiş etdirilmişdi. Lövhələrdən biri Martin və Qertrud Pötzinger haqqındadır. Onlar ailə qurandan cəmi bir neçə ay sonra tutularaq fərqli həbs düşərgələrinə göndərilmiş və doqquz il bir-birini görməmişdilər. Hər ikisi düşərgədən sağ qayıtmış və Martin Pötzinger sonralar Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü kimi xidmət etmişdir.

1944-cü il oktyabrın 6-sı nasistlər tərəfindən edam edilən Tereza Küner

Digər lövhə 1929-cu ildə Yehovanın Şahidi (o zaman Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınan) olmuş Tereza Künerin həyat hekayəsindən bəhs edir. Şahidlər Almaniyada qadağan ediləndə onun evində gizlincə dini yığıncaqlar keçirilirdi və o, xəlvəti olaraq əl mimeoqrafında dini ədəbiyyat çap edirdi. Nasistlər onun fəaliyyətindən xəbər tutanda onu həbs etdilər və «dövlət əleyhinə ədəbiyyat çap edib yaymaqda və əsgərlərin mənəvi ruhunu qırmaqda» ittiham etdilər. Ölümlə üzləşməsinə baxmayaraq, bacımız sadiqliyindən dönmədi. O, 6 oktyabr 1944-cü il tarixində edam olundu.

Digər lövhələr Hitlerə təzim etməkdən imtina edən və buna görə rejimin amansız nifrətinə tuş gələrək xüsusi hədəfinə çevrilən qardaşlarımızın siyasi bitərəf mövqeyindən bəhs edir.

1934-cü ildə Hitler Yehovanın Şahidlərinin kökünü kəsməyə and içərək demişdir: «Almaniyada onların nəsli-kökü kəsiləcək!» Hitler öz pis niyyətini həyata keçirməyə çalışırdı, lakin Şahidlər bütün amansız təqiblərə sinə gərdilər. Hitler və onun partiyasından əsər-əlamət qalmadığı bir halda, Almaniyada qardaşlarımızın sayı 165000-dən çoxdur. Yehovaya minnətdarıq ki, sınaqlar zamanı bizə məyusluq gətirməyən ümid verir (Romalılara 5:3—5).