GƏNCLƏRİN SUALLARI
Vəftiz olunmağım vacibdir? Hissə 2. Vəftizə hazırlıq
Əgər artıq Müqəddəs Kitab qanunları ilə yaşayırsansa və Yehova ilə dostluq edirsənsə, vəftiz haqda düşünməyin təbiidir. Vəftiz olunmağa hazır olub-olmadığını necə müəyyən edə bilərsən? a
Bu məqalədə
Biliyim nə qədər olmalıdır?
Vəftizə hazırlaşmaq imtahana hazırlaşmaq kimi deyil — bunun üçün çoxlu məlumat əzbərləmək tələb olunmur. Bununla belə, ağlını işə salaraq Müqəddəs Kitabda yazılanların həqiqət olduğuna şəxsən əmin olmalısan (Romalılara 12:1). Misal üçün:
Sən əminsən ki, Allah var və sənin Ona ibadət etməyinə layiqdir?
Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır» (İbranilərə 11:6).
Özünə bu sualları ver: «Məni Allahın varlığına nə əmin edir?» (İbranilərə 3:4); «Nəyə görə yalnız Ona ibadət etməliyəm?» (Vəhy 4:11).
Kömək lazımdır? «Təkamül, yoxsa yaradılış? I hissə: Allaha inanmaq üçün hansı əsaslar var?» adlı məqaləyə bax.
Müqəddəs Kitabda yazılanların Allahdan olduğuna əminsən?
Müqəddəs Kitabda deyilir: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır» (2 Timutiyə 3:16).
Özünə bu sualı ver: «Nəyə görə Müqəddəs Kitabın insanın yox, Allahın Kəlamı olduğuna inanıram?» (Əşiya 46:10; 1 Salonikililərə 2:13).
Kömək lazımdır? «Müqəddəs Kitab mənə necə kömək edə bilər? I hissə. Müqəddəs Kitabı araşdır» adlı məqaləyə bax.
Niyyətini həyata keçirmək üçün Yehovanın məsihi yığıncağından istifadə etdiyinə əminsən?
Müqəddəs Kitabda deyilir: «Nəsildən-nəslə, əbədiyyət boyu yığıncaq və Məsih İsa vasitəsilə [Allaha] alqış olsun» (Efeslilərə 3:21).
Özünə bu sualları ver: «Məsihi yığıncağında Müqəddəs Kitabdan öyrəndiklərimə insanların, yoxsa Yehovanın təlimi kimi baxıram?» (Mətta 24:45); «Valideynlərimdə yığıncağa getmək alınmayanda mən özüm (əgər onlar icazə verirlərsə) gedirəm?» (İbranilərə 10:24, 25).
Kömək lazımdır? «İbadət evindəki görüşlərdə nəyə görə iştirak etməliyəm?» adlı məqaləyə bax.
Məndən nə gözlənilir?
Vəftiz olmaq üçün səndən kamillik gözlənilmir. Bununla belə, sənin hərəkətlərindən görünməlidir ki, sən şərdən çəkinirsən və xeyrə can atırsan (Zəbur 34:14). Misal üçün:
Yehovanın qayda-qanunları ilə yaşayırsan?
Müqəddəs Kitabda deyilir: «Vicdanınızı təmiz saxlayın» (1 Butrus 3:16).
Özünə bu sualları ver: «Ağlımı “yaxşını pisdən ayırmağa” öyrəşdirdiyim nədən görünür?» (İbranilərə 5:14); «Həmyaşıdlarımın təzyiqinə uymadığım halları yadıma sala bilərəm? Məni düz işlərə təşviq edən insanlarla dostluq edirəm?» (Məsəllər 13:20).
Kömək lazımdır? «Vicdanımı necə tərbiyə edə bilərəm?» adlı məqaləyə bax.
Əməllərinə görə məsuliyyəti üzərinə götürürsən?
Müqəddəs Kitabda deyilir: «Hər birimiz özümüzə görə Allaha cavab verəcəyik» (Romalılara 14:12).
Özünə bu sualları ver: «Özümə və başqalarına qarşı dürüstəm?» (İbranilərə 13:18); «Səhvlərimi boynuma alıram? Yoxsa onları gizlətməyə çalışıram, yaxud başqalarının üstünə atıram?» (Məsəllər 28:13).
Kömək lazımdır? «Səhv hərəkət etmişəmsə, nə etməliyəm?» adlı məqaləyə bax.
Yehova ilə dostluğunu əziz tutursan?
Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
Özünə bu sualları ver: «Allaha yaxınlaşmaq üçün nə edirəm?»; «Müqəddəs Kitabı hər gün oxuyuram?» (Zəbur 1:1, 2); «Müntəzəm dua edirəm?» (1 Salonikililərə 5:17); «Dualarım nə dərəcədə konkretdir? Dostlarımı Yehovanın dostları arasından seçirəm?» (Zəbur 15:1, 4).
Kömək lazımdır? «Müqəddəs Kitab mənə necə kömək edə bilər? II hissə. Müqəddəs Kitab mütaliəsini maraqlı et» və «Nə üçün dua etməliyəm?» adlı məqalələrə bax.
MƏSLƏHƏT. Vəftizə hazırlaşmaq üçün «Gənclərin sualları. Praktiki məsləhətlər (2-ci cild)» (türk dilində) kitabının 37-ci fəslini oxu. 308 və 309-cu səhifələrdəki hərəkət planına xüsusi diqqət yetir.
a Allaha həsr olunmağın və vəftizin mənası və vacibliyi izah edilən «Vəftiz olunmağım vacibdir? Hissə 1» adlı məqaləni oxu.