Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?

Valideynlərimlə qoyduqları qaydalar haqda necə söhbət edə bilərəm?

 «15 yaşım olanda valideynlərimin üzərimə qoyduqları qayda-qanunlarla tam razı idim, amma indi 19 yaşındayam və düşünürəm ki, daha çox sərbəstliyə ehtiyacım var» (Silviya).

 Sən də Silviya kimi eyni hissləri keçirirsən? Onda bu məqalə valideynlərinlə bu vəziyyəti müzakirə etməyinə kömək edəcək.

 Nəyi bilməlisən?

 Valideynlərinlə qayda-qanunlar haqda söhbət etməzdən əvvəl aşağıdakıları nəzərdən keçir:

  •  Qaydalarsız həyat xaos olardı. İşlək bir magistral yolu təsəvvür et. Əgər burada heç bir işarə, işıqfor və heç bir sürət limiti olmasaydı, necə olardı? Evdəki qaydalar da yol qaydaları kimi əmin-amanlığı qorumağa kömək edir.

  •  Qaydalar valideynlərinin sənin qeydinə qaldığını göstərir. Əgər onlar heç bir qayda-qanun qoymasaydı, onda bu göstərəcəkdi ki, sənin başına gələnlər onların vecinə deyil. Heç belə də valideyn olar?!

 BİLİRDİN? Valideynlərin də tabe olduqları qayda-qanunlar var! Şübhən varsa, onda Yaradılış 2:24; Qanunun təkrarı 6:6, 7; Efeslilərə 6:4 və 1 Timutiyə 5:8 ayələrini oxu.

 Bəs əgər valideynlərinin qoyduğu qaydaların lüzumsuz olduğunu düşünürsənsə, onda necə?

 Nə edə bilərsən?

 Müzakirə etməzdən əvvəl düşün. Valideynlərinin qoyduğu qayda-qanunları normal qəbul edib, onlara tabe olursan? Əgər adətən, qayda-qanunlara tabe olmursansa, onda daha çox sərbəstlik tələb etməyin vaxtı deyil. Yaxşı olar ki, «Valideynlərimin etibarını necə qazana bilərəm?» adlı məqaləyə baxasan.

 Əgər qayda-qanunlara tabe olursansa, onda valideynlərinə nə demək istədiyini əvvəlcədən hazırla. Nə deyəcəyini qabaqcadan düşünmək, hətta onları qeyd etmək sənə kömək edəcək ki, xahişinin nə qədər əsaslı olduğunu müəyyən edəsən. Sonra hər kəsin rahat və yaxşı hiss edəcəyi bir vaxt və yer təyin etmələrini valideynlərindən xahiş et. Daha sonra valideynlərinlə görüşüb danışanda aşağıdakıları yadda saxla:

 Hörmətcil ol. Müqəddəs Kitabda deyilir: «Kobud söz qəzəb oyadar» (Məsəllər 15:1). Ona görə də ağlında tut: əgər valideynlərinlə mübahisə etsən və ya onları ədalətsiz olmaqda günahlandırsan, onda söhbətiniz yaxşı sonlanmayacaq.

 «Valideynlərimə nə qədər çox hörmət göstərsəm, onlardan bir o qədər çox hörmət görürəm. Qarşılıqlı hörmət olanda hansısa bir razılığa gəlmək çox asan olur» (Bianka, 19 yaş).

 Dinlə. Müqəddəs Kitabda buyurulur ki, insan «eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19). Unutma ki, sən valideynlərinlə müzakirə edirsən, onlara məruzə söyləmirsən.

 «Böyüdükcə düşünə bilərik ki, valideynlərimizdən daha çox bilirik, amma bu qətiyyən belə deyil. Yaxşı olar ki, onların məsləhətlərinə və tövsiyələrinə qulaq asaq» (Devan, 20 yaş).

 Anlayış göstər. Məsələyə valideynlərinin nöqteyi-nəzərindən baxmağa çalış. Müqəddəs Kitabda məsləhət görülür ki, «təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4). Belə vəziyyətdə yaxşı olar ki, özümüzü valideynlərin yerinə qoyaq.

Necə düşünürsən, hansı yanaşma tərzi daha çox sərbəstlik əldə etməyinə kömək edəcək?

 «Qrup yoldaşlarımdan çox valideynlərimi rəqib kimi görürdüm. İndi başa düşürəm ki, sən demə, mən məsuliyyətli insan olmağı öyrəndiyim kimi, onlar da yaxşı valideyn olmağı öyrənirdi. Onların etdiyi hər şey sevgilərindən irəli gəlir» (Coşua, 21 yaş).

 Həll yolları təklif et. Misal üçün, fərz et ki, partiyə getmək istəyirsən, amma oraya getmək üçün bir saat maşın sürməli olacaqsan. Valideynlərin isə sənin oraya getməyini istəmir. Onların əsas narahatlıqlarını müəyyən et: problem məsafədir, yoxsa parti?

  •   Əgər məsafədirsə, onda yaxşı sürücülük qabiliyyəti olan bir dostunun səninlə getməsini təklif edə bilərsən. Bu, valideynlərinin fikrini dəyişə bilər.

  •   Əgər partidirsə, onda partiyə kimlərin gəldiyini və onu kimin təşkil etdiyini valideynlərinə deyə bilərsən. Bəlkə, fikirləri dəyişdi.

 Danışığında hörmətcil olmağı və valideynlərin dediklərinə səbirlə qulaq asmağı yaddan çıxarma. Həm sözlərində, həm də rəftarında «atana və anana hörmət et»diyini göstər (Efeslilərə 6:2, 3). Bəlkə də onlar fikirlərini dəyişəcək, bəlkə də yox. Amma hər necə də olsa, istənilən halda...

 Valideynlərinin qərarını nəzakətlə qəbul et. Adətən, bu o qədər də vacib bir addım kimi görünmür, amma bunun sayəsində valideynlərin tərəfindən daha çox sərbəstlik qazana bilərsən. Əgər istədiyinə nail ola bilməyəndə valideynlərinlə mübahisə etməyə başlasan, onda gələn dəfə onlarla bu barədə söhbət etmək çox çətin olacaq. Amma könüllü şəkildə itaətkarlıq göstərsən, böyük ehtimal, onlar sənə daha çox sərbəstlik verəcəklər.