GƏNCLƏRİN SUALLARI
Niyə valideynlərim əylənməyə imkan vermir?
Dostların səni həftəsonu partiyə dəvət ediblər. Valideynlərindən icazə istəyirsən, amma onlar deyir: «Yox, vəssalam». Sən buna təəccüblənmirsən. Çünki keçən dəfə də eyni cavabı almışdın.
Bu məqalədə
Niyə valideynlərim həmişə «yox» deyir?
Əgər valideynlərin hər istəyinə «yox» deyirlərsə, düşünə bilərsən ki, onlar sənin əylənməyini istəmirlər.
Mari adlı bir gənc təzə telefon alanda bu cür düşünürdü. O deyir: «Atam çoxlu qaydalar qoyurdu: telefonuma hansı tətbiqləri yükləyə bilərəm, kimlərlə və saat neçəyə kimi söhbət edə bilərəm. Dostlarım isə ürəkləri istəyəni edə bilirdilər».
Düşün: Marinin atası doğrudan onun əylənməsini istəmirdi? Bəlkə o, nəyəsə görə narahat idi?
Məsləhət: Təsəvvür et ki, sən valideynsən və yeniyetmə övladın təzəcə telefon alıb. Səni nələr narahat edərdi? Övladını qorumaq üçün hansı qaydaları qoyardın? Əgər övladın desəydi ki, onun əylənməyini istəmirsən, sən nə cavab verərdin?
«Atam həmişə deyirdi: “Özünü mənim yerimə qoy”. Belə edəndə nəinki atamın qoyduğu qaydaların xeyrini görürdüm, həm də səbəblərini başa düşürdüm. Uşaqlarım olsaydı, atamın məndən gözlədiklərini mən də onlardan gözləyərdim» (Tanya).
Valideynlərimdən «hə» cavabı almaq üçün nə edə bilərəm?
«Qışqır-bağır salmaqla heç nə əldə etməyəcəksən. Əksinə, özünü də, valideynləri də yoracaqsan. Söz güləşdirsən, valideynlərin düşünəcəklər ki, sən hələ böyüməmisən, səni sərbəst buraxmaq olmaz» (Riçard).
«Valideynlərim adətən yaxşı niyyətdən irəli gələrək qayda qoyurdular. Onlar əylənməyimə qarşı deyildilər. Sadəcə istəyirdilər ki, zərərsiz əyləncə seçim, durduq yerə başıma iş açmayım» (Ayve).
Müqəddəs Kitab prinsipi: «Axmaq adam hirsini ortaya tökər, hikmətli isə təmkinini pozmayıb sakit qalar» (Məsəllər 29:11).
«Atamın telefonla bağlı qoyduğu qaydalara məhəl qoymurdum. Onun xəbəri olmadan gecə yarısı dostlarımla yazışırdım, onun qadağan elədiyi tətbiqləri yükləyirdim. Bunun üstü açılsaydı, mənə daha sərt qadağalar qoyardı, çünki daha mənə etibar etməzdi. Bu cür davranmaq ağılsızlıqdır» (Mari).
«Səbirli ol. Valideynlərinə qoyduqları qaydaya dəyişiklik etməyə vaxt lazım gələ bilər. Amma onlar görsələr ki, qoyduqları qaydalara əməl edirsən, onda ola bilsin, sənə daha çox sərbəstlik verəcəklər» (Melinda).
Müqəddəs Kitab prinsipi: «Hər şeydə valideynlərinizin sözünə qulaq asın» (Koloslulara 3:20).
«Elə düşünmə ki, təkid etməklə vəziyyət daha yaxşı olacaq və istədiyini əldə edəcəksən» (Natali).
«Valideyn görmək istəyir ki, sən düzgün qərar verə bilirsən. Mən valideynlərimlə danışanda çalışıram, fikrimi hisslərə əsasən yox, məntiqli şəkildə ifadə edim» (Cozef).
Müqəddəs Kitab prinsipi: «Atana və anana hörmət et» (Efeslilərə 6:2).