GƏNCLƏRİN SUALLARI
Müqəddəs Kitab mənə necə kömək edə bilər? I hissə. Müqəddəs Kitabı araşdır
«Müqəddəs Kitabı oxumağa çalışırdım, amma onun həcmi gözümü qorxudurdu» (Briana).
Sən də elə düşünürsənsə, bu məqalə sənə kömək edə bilər.
Müqəddəs Kitabı niyə oxumalıyam?
Müqəddəs Kitabı oxumaq fikri sənə cansıxıcı gəlirsə, bu başa düşüləndir. Düşünə bilərsən ki, Müqəddəs Kitab kiçik ölçülü minlərlə səhifədən ibarətdir, içində şəkillər yoxdur, televiziya verilişləri və videolar ondan daha maraqlıdır.
Amma bir şeyi fikirləş: Əgər sən qədimi böyük xəzinə sandığı tapsan, məgər sənə maraqlı gəlməz, onun içində nə var?
Müqəddəs Kitab məhz bu cür xəzinə sandığıdır. Onun içindəki saysız-hesabsız hikmət cəvahiratı sənə aşağıdakı sahələrdə kömək edə bilər:
Düzgün qərarlar qəbul etməyə
Valideynlərinlə yola getməyə
Ən yaxşı dostlar tapmağa
Narahatçılıqların öhdəsindən gəlməyə
Bəs necə ola bilər ki, qədimi bir kitab müasir dövrdə bu qədər faydalı olsun? Çünki «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Bu o deməkdir ki, Müqəddəs Kitabdakı məsləhətlər mövcud olan ən gözəl Mənbədən qaynaqlanır.
Müqəddəs Kitabı necə oxumalıyam?
Müqəddəs Kitabı oxumağın bir üsulu onu başdan ayağa oxumaqdır. Beləcə, Müqəddəs Kitabın mahiyyətini biləcəksən. Müqəddəs Kitabı oxumağın müxtəlif yolları var. Gəl ikisini nəzərdən keçirək:
Müqəddəs Kitabın 66 bölməsini sıra ilə, «Yaradılış»dan «Vəhy»ə kimi oxuya bilərsən.
Müqəddəs Kitabı xronoloji ardıcıllıqla, yəni baş verən hadisələrin gedişatına görə oxuya bilərsən.
Məsləhət. «Yeni Dünya Tərcüməsi»nin A7 əlavəsində İsanın yer üzündəki həyatı zamanı baş verən əsas hadisələrin xronoloji ardıcıllığı gətirilir.
Müqəddəs Kitabı oxumağın ikinci üsulu üzləşdiyin çətinliklə bağlı parçanı oxumaqdır. Məsələn:
Etibarlı dostun olmasını istəyirsən? Onda Davudla Yonatanın hekayəsini oxu (1 İşmuil 18—20 fəsillər). Sonra bu parçadan praktiki dərslər öyrənmək üçün «Sadiq dostları necə tapmalı?» adlı çalışma vərəqəsindən istifadə et.
Təhriklərə qarşı güclü olmaq istəyirsən? Onda Yusifin hekayəsini oxu (Yaradılış 39-cu fəsil). Sonra bu parçadan praktiki dərslər öyrənmək üçün «Təhriklərə necə müqavimət göstərə bilərsən? Yusif. I hissə» və «Haqsızlığa düçar oldu! Yusif. II hissə» adlı çalışma vərəqələrindən (türk.) istifadə et.
Duanın sənə necə kömək edəcəyini öyrənmək istəyirsən? Onda Nəhəmyanın hekayəsini oxu (Nəhəmya 2-ci fəsil). Sonra bu parçadan praktiki dərslər öyrənmək üçün «Allah onun duasına cavab verdi» adlı çalışma vərəqəsindən istifadə et.
Məsləhət. Müqəddəs Kitabı oxuyanda diqqətini cəmləyə biləcəyin sakit bir yer seç.
Müqəddəs Kitabı oxumağın üçüncü üsulu bir mövzu seçmək, onu oxumaq və sonra necə tətbiq edəcəyini düşünmək. Oxuduqdan sonra özünə bu kimi suallar ver:
Yehova nəyə görə bu parçanı Müqəddəs Kitaba daxil edib?
Bu parça Yehovanın xüsusiyyətləri və nöqteyi-nəzəri haqda nə deyir?
Bu məlumatı həyatımda necə tətbiq edə bilərəm?
Məsləhət. Müqəddəs Kitabı oxumağa başlamaq istəyirsənsə, rəsmi saytımızda yerləşən «Müqəddəs Yazıları oxumaq üçün cədvəl»də başlamaq istədiyin tarixi qeyd et və məqsədyönlü ol.