GƏNCLƏRİN SUALLARI
Kiberxuliqanlığa tuş gələndə nə edim?
Nələri bilməlisən?
İnternet xuliqanlıq üçün əlverişli məkandır. Bir kitaba əsasən, internetdə «anonim qalmaq imkanı olduğuna görə, hətta yaxşı uşaq da rahatlıqla kobudluq edə bilir» («CyberSafe»).
Bəzilərinin hədəfə çevrilmə ehtimalı daha çoxdur. Bunlar adətən utancaq görünən, başqalarından fərqlənən, yaxud da özünə əminlik hissi aşağı olan insanlar olur.
Kiberxuliqanlığın qurbanları ciddi fəsadlarla üzləşir. Belə insanlar tənhalığa və depressiyaya qapıla, hətta intihara əl ata bilər.
Nə edə bilərsən?
İlk növbədə özündən soruş: «Bu, həqiqətən də, xuliqanlıqdır?» Hərdən insanlar fərqində olmadan bizi incidən sözlər işlədir. Belə vəziyyətlə üzləşəndə Müqəddəs Kitabdakı məsləhətə əməl edə bilərik:
«Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:9, haşiyə).
Digər tərəfdən isə, əgər kimsə internet vasitəsilə başqasını təhqir edir, alçaldır, yaxud hədələyirsə, bu, xuliqanlıqdır.
Əgər sən də kiberxuliqanlığa məruz qalırsansa, yadda saxla ki, sənin necə cavab verməyindən çox şey asılıdır. Növbəti məsləhətlərə əməl etməyə çalış.
Fikir vermə. Müqəddəs Kitabda yazılıb: «Çox bilən az danışar, ağıllı adam təmkinini pozmaz» (Məsəllər 17:27).
Bu, çox gözəl məsləhətdir. Nensi Uilyard da öz kitabında deyir: «Xuliqanların əsas məqsədi qarşı tərəfin təmkinini pozmaqdır. Təmkini itirən şəxs artıq xuliqanın əlinə düşür».
Nəticə: Bəzən ən yaxşı cavab cavab verməməkdir.
Qisas alma. Müqəddəs Kitabda deyilir: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin» (1 Butrus 3:9).
Bu, çox gözəl məsləhətdir. Bir kitabda deyilir: «Qəzəblənmək zəifliyin əlamətidir və xuliqanları daha da qızışdırır» («Cyber-Safe Kids, Cyber-Savvy Teens»). Əvəz çıxsan, sən də müəyyən mənada xuliqanlıqda təqsirli ola bilərsən.
Nəticə: Od ilə od sönməz.
Tədbirli ol. «Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl» (Romalılara 12:21). Vəziyyəti daha da qəlizləşdirmədən xuliqanlığın qarşısını ala bilərsən.
Misal üçün:
Sənə mesaj yazan şəxsi qara siyahıya sal. «Oxumadığın sözlər sənin kefini poza bilməz» («Mean Behind the Screen»).
Bütün dəlilləri saxla, hətta onları oxumamış olsan belə. Bunlar aqressiv məzmunlu mətnlər, çat mesajları, email, bloq və ya sosial şəbəkələrdə paylaşmalar, səsli mesajlar və ya digər bu kimi məlumatlar ola bilər.
Xuliqanı xəbərdar et. Ciddi, lakin hisslərini büruzə verməyən mesaj yollaya bilərsən. Məsələn:
«Bir də mənə mesajlar göndərmə».
«Paylaşdığını sil».
«Əgər bu, bir də təkrarlanarsa, bunun qarşısını almaq üçün başqa tədbir görməli olacağam».
Özünə əminliyini artır. Diqqətini zəifliklərinə yox, güclü cəhətlərinə cəmlə (2 Korinflilərə 11:6). Bütün xuliqanlar kimi, kiberxuliqanların da hədəfi zəif insanlar olur.
Böyüklərə xəbər ver. İlk öncə valideynlərinə söylə. Həmçinin xuliqanın istifadə etdiyi vebsayt və ya digər xidmətin məlumat mərkəzinə şikayət bildirə bilərsən. Vəziyyət daha ciddidirsə, valideynlərin və sən bu haqda məktəbə, polis idarəsinə və ya hər hansı hüquqi məsləhət mərkəzinə xəbər verməlisiniz.
Nəticə: Müəyyən addımlar ataraq kiberxuliqanlığın qarşısını almaq və ya təsirini azaltmaq mümkündür.