Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Keçid dövründən necə keçə bilərəm?

Keçid dövründən necə keçə bilərəm?

 «Keçid dövrü qızlar üçün heç də xoş deyil. O, gah ağrılı, gah üzücü olur. Bir sözlə, keçid dövründə yaxşı bir şey yoxdur!» (Oksana).

 «Bilmirəm oğlanlar üçün bu normaldır ya yox, amma məndə belə olurdu: üzümün güldüyü vaxt birdən-birə kefim pozulurdu» (Brayn).

 Keçid dövrü amerikan qorkasına bənzəyir, yəni eyni vaxtda həm həyəcan, həm də qorxu keçirirsən. Dəyişkən əhval-ruhiyyənin öhdəsindən necə gələ bilərsən?

 Keçid dövrü nədir?

 Keçid dövrü səni fiziki və emosional cəhətdən yetkinliyə aparan bir mərhələdir. Bu dövrdə bədənində fiziki və hormonal dəyişikliklər baş verir. Həmin dəyişikliklər səni nəsil artırmaya və dünyaya uşaq gətirməyə hazırlayır.

 Bu o demək deyil ki, sən artıq valideyn olmağa hazırsan. Bu sadəcə uşaqlıq dövrü ilə sağollaşıb yetkin həyata qədəm qoyduğuna əlamətdir. Bu da səndə həm müsbət, həm də mənfi hisslər yarada bilər.

 Test: Səncə keçid dövrü neçə yaşda başlamalıdır?

  • 8

  • 9

  • 10

  • 11

  • 12

  • 13

  • 14

  • 15

  • 16

 Cavab: Əslində, bu yaşların hər birində keçid dövrü başlaya bilər.

 Ona görə də əgər sən yeniyetməsənsə və bu dövr səndə hələ başlamayıbsa, və yaxud əgər sənin on yaşın hələ yoxdur, ancaq keçid dövrü başlayıbsa, həddən artıq narahat olma. Keçid dövrünün özünün bioloji vaxtı var və sən buna heç cür təsir edə bilməzsən.

Amerikan qorkası kimi, keçid dövrü də həyəcanlı və qorxulu ola bilər. Lakin sən dəyişkən əhval-ruhiyyənin öhdəsindən gələ bilərsən

 Fiziki dəyişikliklər

 Keçid dövründə insanda gedən ən gözəçarpan dəyişiklik fiziki inkişafın sürətlənməsidir. Problem ondadır ki, bədənin bütün nahiyələri eyni vaxta inkişaf etmir. Buna görə də hərəkətlərində yöndəmsizlik olsa, təəccüblənmə. Əmin ol ki, vaxt keçdikcə hər şey düzələcək.

 Keçid dövründəki fiziki dəyişikliklər:

 Oğlanlarda:

  •   Cinsiyyət orqanının böyüməsi

  •   Qoltuqaltıda, qasıqda və üzdə tüklərin çıxması

  •   Səsin dəyişməsi

  •   Qeyri-iradi ereksiya (cinsiyyət orqanının dikəlməsi) və gecə pollüsiyası (yuxuda olarkən spermanın ifraz edilməsi)

 Qızlarda:

  •   Döş vəzilərinin böyüməsi

  •   Qoltuqaltıda və qasıqda tüklərin çıxması

  •   Aybaşının başlanması

 Hər iki cinsdə baş verən dəyişikliklər:

  •   Tərlə bakteriyanın qarışması nəticəsində yaranan bədən qoxusu.

     Məsləhət: Tez-tez çimməklə, dezodorant və ya antipersperantlardan istifadə etməklə bədən qoxusunun qarşısını ala bilərsən.

  •   Yağ vəzilərinə bakteriyaların düşməsi nəticəsində yaranan sızanaqlar.

     Məsləhət: Sızanaqların qarşısını almaq çətin olsa da, üzünü tez-tez yumaq və üz təmizləyici vasitələrdən istifadə etmək sənə kömək edə bilər.

 Emosional dəyişikliklər

 Keçid dövrü zamanı fiziki dəyişikliklərə səbəb olan hormonların artması sənə emosional cəhətdən də təsir edə bilər. Ola bilər, əhval-ruhiyyən tez-tez dəyişsin.

 «Bir gün bütün günü ağlayırsan, o biri gün isə hər şey yaxşıdır. Əgər bir dəqiqə əvvəl hər şeyə əsəbləşirdinsə, indi isə otağına qapanmaq istəyirsən» (Oksana).

 Keçid dövrü zamanı əksər yeniyetmələr utancaq olurlar. Onlara elə gəlir ki, sanki hamının diqqəti onlardadır. Üstəlik, bədəndəki fiziki dəyişikliklər bu hissi daha da artırır.

 «Bədənim böyüdükcə belimi bükürdüm və böyük köynək geyinirdim. Baş verən dəyişikliklərin səbəbini bilsəm də, özümü narahat hiss edirdim, çox sıxılırdım» (Canis).

 Ola bilər ki, keçirdiyin ən böyük emosional dəyişiklik əks cinsə qarşı baxışının dəyişməsi olsun.

 «Əvvəllər oğlanları zəhlətökən hesab edirdim. Amma sonradan fikrim dəyişdi. İndi onlardan bəzilərini cəlbedici hesab edirəm və kimisə sevməyə pis bir şey kimi baxmıram. Artıq “kimin kimdən xoşu gəlir” mövzusu mənim üçün maraqlı mövzuya çevrilib» (Aleksis).

 Keçid dövründə bəzi gənclər eyni cinsin nümayəndəsinə meyil sala bilər. Əgər səndə də bu cür hisslər varsa, fikirləşmə ki, sən homoseksualsan. Bir çox hallarda bu cür hisslər tədricən keçib gedir.

 «Özümü daima başqa oğlanlarla müqayisə edirdim, buna görə də onlara qarşı hisslərim yarandı. Ancaq qızlara meyil salanda bu hisslər keçib getdi. Homoseksual hisslər artıq keçmişdə qaldı» (Alan).

 Çarə

  •   Müsbət düşünməyə çalış. Fiziki və emosional cəhətdən formalaşmağın üçün keçid dövründən keçməlisən. Sən məzmurçu Davudun bu sözlərinə əmin ola bilərsən: «Nə heyrətli, nə ecazkar yaradılmışam!» (Zəbur 139:14).

  •   Müqayisə etməkdən və fikrini bədən quruluşuna cəmləməkdən qaçın. Müqəddəs Kitabda deyilir: «İnsan zahiri görür, Allah isə ürəyi» (1 İşmuil 16:7).

  •   Kifayət qədər idmanla məşğul ol və istirahət elə. Yetərincə yatsan, əsəbin, stressin və gərginliyin azalacaq.

  •   Hər deyiləni ürəyinə salma. Çətin ki, səndə olan dəyişikliklərə hamı diqqət yetirsin. İnsanlar sənə nəsə desələr belə, çalış onların dediklərinə düzgün yanaşasan. Allahın Kəlamında deyilir: «Hər deyilən sözə fikir vermə» (Vaiz 7:21).

  •   Cinsi istəklərini nəzarət altında saxlamağı öyrən. Müqəddəs Kitabda deyilir: «Əxlaqsızlıqdan qaçın... Əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir» (1 Korinflilərə 6:18).

  •   Valideynlərindən biri ilə və ya etibar etdiyin yetkin insanla danış. Əvvəl-əvvəl utana bilərsən, ancaq bunun sənə böyük köməyi dəyəcək (Məsəllər 17:17).

 Xülasə. Keçid dövrünün öz çətinlikləri var. Bununla belə, bu dövr nəinki fiziki cəhətdən, həmçinin əqli, emosional və ruhani cəhətdən böyüməyin üçün də bir fürsətdir (1 İşmuil 2:26).