Kontentə keç

Müqəddəs Kitab mənə təsəlli tapmağa kömək edə bilər?

Müqəddəs Kitab mənə təsəlli tapmağa kömək edə bilər?

Müqəddəs Kitabın cavabı

 Bəli (Romalılara 15:4). Gəlin müxtəlif çətinliklərlə üzləşmiş bir çox insanlara kömək edən Müqəddəs Kitab ayələrinə nəzər salaq.

Bu məqalədə

 Problemlər və bədbəxtliklər

 Zəbur 23:4: «Qaranlıq dərədən keçəndə belə, heç nə məni qorxutmur, çünki Sən mənimləsən».

 Mənası. Allaha dua edəndə və problemlərin həlli üçün Onun Kəlamına müraciət edəndə O sizə çətinliklərə sinə gərməyə kömək edəcək cəsarət verəcək.

 Filippililərə 4:13: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır».

 Mənası. Problemin öhdəsindən gəlmək üçün Allah sizə güc verməyə qadirdir.

 Əziz adamın ölümü

 Vaiz 9:10: «Məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var».

 Mənası. Ölən insanlar nə əzab çəkir, nə də onlardan dirilərə ziyan gəlir, çünki onlar heç nə hiss etmir və heç nə bilmirlər.

 Həvarilərin işləri 24:15: «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm».

 Mənası. Allah ölən əzizlərimizi həyata qaytarmağa qadirdir.

 Həddən artıq güclü vicdan əzabı

 Zəbur 86:5: «Ey Yehova a, kəramətlisən, bağışlayansan, Səni çağıranlara qarşı məhəbbətin boldur».

 Mənası. Allah keçmiş səhvlərinə görə ürəkdən tövbə edən və onlardan əl çəkən insanları bağışlayır.

 Zəbur 103:12: «Şərq qərbdən nə qədər uzaqdırsa, günahlarımızı bizdən o qədər uzaqlaşdırdı».

 Mənası. Allah günahlarımızı bağışlayanda onları bizdən heç təsəvvür edə bilməyəcəyimiz qədər uzaqlaşdırır və nə bizi cəzalandırmaq, nə də üzümüzə vurmaq üçün onları bir daha yada salmır.

 Qəm-qüssə

 Zəbur 31:7: «Əzab-əziyyətimi gördün, qəlbimdəki dərdi bilirsən».

 Mənası. Allah sizin dərdinizdən tam agahdır. O hətta başqalarının görə bilmədiyi ən dərin hisslərinizi belə başa düşür.

 Zəbur 34:18: «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir».

 Mənası. Allah vəd edir ki, dar gününüzdə sizə dayaq olacaq. Ürəyinizdəki ağrı-acının öhdəsindən gəlmək üçün O sizə güc verə bilər.

 Xəstəliklər

 Zəbur 41:3: «Yatağa düşəndə, Yehova, ona dayaq olarsan».

 Mənası. Allah sizə qəlb rahatlığı, güc, səbir və düzgün qərar qəbul etməyiniz üçün hikmət verə və beləcə ciddi xəstəliklə mübarizədə kömək edə bilər.

 Əşiya 33:24: «Heç bir sakin “xəstəyəm” deməyəcək».

 Mənası. Allah söz verir ki, gün gələcək bütün insanlar tamamilə sağlam olacaqlar.

 Stres və narahatçılıq

 Zəbur 94:19: «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun».

 Mənası. Stresli vəziyyətlərdə Allaha üz tutsanız, O sizə sakitliyi qorumağa kömək edəcək.

 1 Butrus 5:7: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir».

 Mənası. Allah çəkdiyiniz əzablara laqeyd deyil. O sizi duada ürəyinizi Ona boşaltmağa səsləyir.

 Müharibələr

 Zəbur 46:9: «Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir».

 Mənası. Allahın Padşahlığı tezliklə bütün müharibələrə son qoyacaq.

 Zəbur 37:11, 29: «Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar... Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar».

 Mənası. Yaxşı insanlar yer üzündə əbədiyyən sülh içində yaşayacaq.

 Gələcəyə görə narahatçılıq

 Ərəmya 29:11: «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir».

 Mənası. Allah xidmətçilərini əmin edir ki, qarşıda onları gözəl həyat gözləyir.

 Vəhy 21:4: «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».

 Mənası. Allah söz verir ki, bu gün başımıza gələn bütün bəlalar və şahidi olduğumuz dəhşətli hadisələr keçmişdə qalacaq.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.