Kontentə keç

Ata-anaya hörmət nə deməkdir?

Ata-anaya hörmət nə deməkdir?

Müqəddəs Yazıların cavabı

 «Atana və anana hörmət et» əmrinə Müqəddəs Kitabda tez-tez rast gəlinir (Çıxış 20:12; Qanunun təkrarı 5:16; Mətta 15:4; Efeslilərə 6:2, 3). Bu əmrə dörd əsas amil daxildir.

  1.   Onların qədrini bilin. Ata-anaya hörmətiniz onların etdiklərini nə dərəcədə qiymətləndirdiyinizdən görünəcək. Həmçinin bunu onların verdikləri öyüd-nəsihətləri dinləməklə də göstərə bilərsiniz (Məsəllər 7:1, 2; 23:26). Müqəddəs Kitab bizi valideynləri «şərəf»imiz kimi görməyə, yəni onlarla qürur duymağa səsləyir (Məsəllər 17:6).

  2.   Onların səlahiyyətlərini qəbul edin. Ata-anaya hörmətiniz, xüsusilə, gənc yaşınızdaykən Allahın onlara verdiyi səlahiyyəti qəbul etməyinizdən görünəcək. Koloslulara 3:20 ayəsində gənclər hər şeydə valideynlərinin sözünə qulaq asmağa təşviq olunur. Kamil doğulan İsa peyğəmbərin valideynlərinə itaət etməsi bizim üçün gözəl nümunədir (Luka 2:51).

  3.   Hörmətcil davranın (Lavililər 19:3; İbranilərə 12:9). Bu, əsasən, nə dediyimizdən və hansı tərzdə dediyimizdən görünəcək. Düzdür, bəzi valideynlər hərdən elə davranırlar ki, onlara hörmət etmək çətin olur. Hətta bu halda belə, uşaqlar hörmətsiz danışıq və davranışdan qaçınmaqla valideynlərinə ehtiram göstərə bilərlər (Məsəllər 30:17). Müqəddəs Kitabda ata və ana ilə təhqiredici şəkildə danışmaq ciddi günah hesab olunur (Mətta 15:4).

  4.   Onların qeydinə qalın. Valideynlər yaşlandıqca köməyinizə ehtiyac duya bilər. Onların qeydinə qalmaq üçün əlinizdən gələni edəndə ata və anaya hörmət etdiyinizi göstərirsiniz (1 Timutiyə 5:4, 8). Məsələn, İsa peyğəmbər ölüm ayağında olanda anasının qeydinə qalmağı öz həvarisinə tapşırmışdı (Yəhya 19:25—27).

Ata-anaya hörmətlə bağlı yanlış düşüncə tərzi

 Səhv: Əgər ata-anana hörmət edirsənsə, sənin ailə həyatına müdaxilə etmələrinə yol verməlisən.

 Doğru: Müqəddəs Kitab öyrədir ki, nikah telləri digər qohumluq münasibətlərindən daha üstün olmalıdır. Yaradılış 2:24 ayəsində deyilir ki: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Mətta 19:4, 5). Təbii ki, ər-arvad həm öz valideynlərinin, həm də qayınana və qayınatanın məsləhətlərindən yararlana bilər (Məsəllər 23:22). Bununla belə, onların haqqı çatır ki, ailələrinə müdaxilə etməməsi üçün qohumlarına müəyyən sərhədlər qoysunlar (Mətta 19:6).

 Səhv: Ata-ananın hər şeyə səlahiyyəti çatır.

 Doğru: Düzdür, Allah ailədəki səlahiyyəti valideynlərə verib, lakin insanların səlahiyyəti məhduddur və heç vaxt Allahın səlahiyyətindən üstün ola bilməz. Məsələn, ali məhkəmə İsa peyğəmbərin şagirdlərindən Allaha itaətsizlik etməyi tələb edəndə onlar belə cavab vermişdilər: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:27—29). Eləcə də, uşaqlar «Rəbbin iradəsinə uyğun» olan, yəni Onun qanunlarına zidd olmayan bütün sahələrdə öz valideynlərinə itaət etməlidirlər (Efeslilərə 6:1).

 Səhv: Ata-anana hörmət edirsənsə, onların dini etiqadını qəbul etməlisən.

 Doğru: Müqəddəs Kitab bizi öyrəndiklərimizin doğru olub-olmadığını yoxlamağa təşviq edir (Həvarilərin işləri 17:11; 1 Yəhya 4:1). Ola bilsin, bundan sonra biz valideynlərimizin dinini yox, başqa bir dini qəbul etmək qərarına gələk. Məsələn, İbrahim peyğəmbər, həvari Bulus və mömin qadın Rut kimi bir sıra Allahın xidmətçiləri ata-babalarının dininə şərik deyildilər (Yuşə 24:2, 14, 15; Rut 1:15, 16; Qalatiyalılara 1:14—16, 22—24).

 Səhv: Ata-anana hörmət edirsənsə, əcdadlara sitayişlə bağlı ənənəvi ayinlərdə iştirak etməlisən.

 Doğru: Müqəddəs Kitabda yazılıb: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Luka 4:8). Allah əcdadlarına sitayiş edən insanlardan narazıdır. Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, «ölülər heç nə bilmir» və onlara edilən sitayişdən bixəbərdirlər. Həmçinin onlar nə bizə kömək edə, nə də zərər vura bilərlər (Vaiz 9:5, 10; Əşiya 8:19).