Allah var?
Müqəddəs Yazıların cavabı
Bəli. Müqəddəs Kitabda Allahın varlığına dair inandırıcı sübutlar gətirilir. Müqəddəs Kitab bizə məsləhət görür ki, dini təlimlərə kor-koranə inanmayaq, zehnimizi və dərrakəmizi işlədərək onların həqiqət olub-olmadığına özümüz əmin olaq (Romalılara 12:1; 1 Yəhya 5:20). Gəlin Müqəddəs Kitabdan Allahın varlığına dəlalət edən bəzi arqumentlərə baxaq.
Canlılarla zəngin olan və nizam-intizamın hökm sürdüyü kainatımız Yaradanın varlığına dəlalət edir. Allahın Kəlamında deyilir: «Əlbəttə, hər bir ev kimsə tərəfindən tikilir, hər şeyi tikən isə Allahdır» (İbranilərə 3:4). Bu, sadə arqument kimi görünsə də, bir çox ali savadlı insanlar üçün olduqca məntiqli səslənir a.
Bir insan kimi, bizdə həyatın mənasını və məqsədini bilmək istəyi var. Bu, elə bir tələbatdır ki, yemək-içməklə onu ödəmək olmur. Özünə Allahı tanımaq və Ona ibadət etmək istəyini daxil edən bu tələbat Müqəddəs Kitabda «ruhani ehtiyac» adlanır (Matta 5:3, haşiyə; Vəhy 4:11). Bu cür ruhani ehtiyacımızın olması Allahın varlığına dəlalət etməklə yanaşı, həm də Onun məhəbbətli Yaradan olduğuna və bizim bu ehtiyacı ödəməyimizi istədiyini göstərir (Matta 4:4).
Müqəddəs Kitabda təfsilatları ilə yazılan peyğəmbərliklər əsrlər əvvəl yazılmasına baxmayaraq, son nöqtəsinədək yerinə yetib. Bu peyğəmbərliklərin ən xırda təfsilatlarına qədər dəqiq yerinə yetməsi onların fövqəlbəşər bir mənbədən gəldiyinin danılmaz sübutudur (2 Peter 1:21).
Müqəddəs Kitabı yazanlar öz dövrlərindəki insanların bilmədikləri elmi faktlardan agah idilər. Məsələn, qədim dövrlərdə insanların çoxu elə fikirləşirdi ki, yer fil, qaban və ya öküz kimi heyvanların üstündə dayanıb. Ancaq Müqəddəs Kitab Allahın «dünyanı heçliyin üstündən» asdığını deyir (Əyyub 26:7). Eynilə, Müqəddəs Kitabda yerin dairə, yəni kürə formasında olmasına dair dəqiq məlumat var (Yeşaya 40:22, Kitabı Mukaddes). Həqiqətən də, Müqəddəs Kitabı qələmə alanlar öz dövrlərində hələ elmə məlum olmayan faktlardan xəbərdar idilər. Bir çoxlarının fikrincə, bunun ən məntiqli izahatı bu məlumatların Allahdan gəlməsidir.
Müqəddəs Kitab bir çox çətin suallara cavab verir. İnsan bu suallara qaneedici cavab tapmayanda ateist olmağı seçə bilər. Misal üçün, bu suallar: Allah bizi sevirsə və hər şeyə qadirdirsə, niyə dünya əzab-əziyyət və pisliklərlə doludur? Nəyə görə dinin xeyirdən çox, ziyanı dəyir? (Titusa 1:16)
a Misal üçün, mərhum astronom Allan Sandeyc bir dəfə Kainat haqda belə demişdi: «Bu nizam-intizamın bir xaosdan əmələ gəldiyi fikri mənə heç də inandırıcı gəlmir. Nizamlayıcı bir prinsip olmalıdır. Mənə görə Allah sirr olsa da, yaradılış möcüzəsinin, yəni əslində heç bir şey olmamalı olduğu halda hər şeyin olmasının yeganə izahatı Allahdır».