Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Aranızda sülh qoyub gedirəm» (Yəhya 14:27)

«Aranızda sülh qoyub gedirəm» (Yəhya 14:27)

 «Sizə sülh verirəm, öz sülhümü sizə bağışlayıram. Mənim verdiyim sülh dünyanın verdiyi sülhə bənzəmir. Qoy ürəyiniz narahat olmasın, qorxmayın» (Yəhya 14:27, «Yeni Dünya Tərcüməsi»).

 «Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın» (Yəhya 14:27, «Müqəddəs Kitab Şirkəti—2009»).

Yəhya 14:27 ayəsinin mənası

 Bu sözlərlə İsa öz həvarilərinə demək istəyirdi ki, sınaqlarla üzləşəndə həddən artıq narahat olmasınlar. Onlar da Allahın köməyilə İsa kimi qəlb rahatlıqlarını qoruya biləcəkdilər.

 İsa həvarilərə necə bir sülh verdi? O onlara öz sülhünü, yəni özünün hiss etdiyi sülhü verdi. Bu o demək deyil ki, bu cür sülhə sahib olan insan daha heç vaxt əziyyət çəkməyəcək və ya onun kiminləsə problemi olmayacaq (Yəhya 15:20; 16:33). İsa ədalətsizliklə üzləşmiş və edam edilmişdi. Bununla belə, onda əsl qəlb rahatlığı var idi (Luka 23:27, 28, 32—34; 1 Butrus 2:23). Çünki o bilirdi ki, səmavi Atası Yehova a ondan razıdır və onu sevir (Mətta 3:16, 17).

 İsa həvarilərini əmin etdi ki, o və səmavi Atası Yehova onları sevir və onlardan razıdır; bununla da İsa onlara öz sülhünü verdi (Yəhya 14:23; 15:9, 10; Romalılara 5:1). Bu sülhün təməlində İsanın Allahın Oğlu olduğuna iman dururdu. Bu sülh onlara qorxu və narahatçılıqların öhdəsindən gəlməyə kömək etdi (Yəhya 14:1). İsa vəd etmişdi ki, artıq cismən onların yanında ola bilməsə də, Allahın müqəddəs ruhu sayəsində qəlblərində əminlik və sülh olacaq (Yəhya 14:25—27). İsanın davamçıları Yehovanın onlardan razı olduğuna və onlara dayaq olduğuna əmin olduqları üçün bütün çətinliklərə cəsarətlə sinə gərə biləcəkdilər (İbranilərə 13:6).

 İsa yer üzündə yaşayanda insanlar, adətən, salamlaşarkən bir-birilərinə sülh diləyirdilər (Mətta 10:12, 13). Ancaq İsa həvarilərinə sadəcə sülh diləmədi, sülhü onlara verdi. Bundan əlavə, İsanın verdiyi sülh dünyanın b verə biləcəyi sülhdən fərqlənir. Düzdür, insanlar arasındakı münasibətlər, var-dövlət, ad-san, vəzifə də insana müəyyən mənada sülh verə bilər. Lakin İsanın verdiyi sülh xarici amillərdən asılı deyil. Bu, müvəqqəti yox, daimi qəlb rahatlığıdır.

Yəhya 14:27 ayəsinin konteksti

 Bu ayədə yazılan sözləri İsa ölümündən bir gün qabaq sadiq həvarilərinə demişdi. Həmin axşam İsa tezliklə onları tərk edəcəyini söylədi (Yəhya 13:33, 36). Bu sözlər həvariləri bərk kədərləndirdi (Yəhya 16:6). Amma İsa onları sakitləşdirdi və izah etdi ki, o gedəndən sonra baş verəcək şeylərə görə narahat olmalı deyillər.

 İsanın sözləri bizə də ürək-dirək verir. Biz də İsada olan sülhə sahib ola bilərik (2 Salonikililərə 3:16). İsanın şagirdi olanda əmin olduq ki, İsa və onun Atası Yehova bizi sevirlər və bizdən razıdırlar (Koloslulara 3:15; 1 Yəhya 4:16). Üstəlik, Allah bizim tərəfimizdədir (Zəbur 118:6; Filippililərə 4:6, 7; 2 Butrus 1:2). Ona görə də biz heç nəyə görə həddən artıq narahat olmuruq.

 Bu qısa videoya baxın və «Yəhya» kitabı ilə tanış olun.

a «Yehova» Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.

b Müqəddəs Kitabda «dünya» sözü Allahı tanımayan insanlara aid işlənə bilər.