Kontentə keç

İMAN ÖRNƏKLƏRİ | YONATAN

«Yonatanın qəlbi Davuda bağlandı»

«Yonatanın qəlbi Davuda bağlandı»

 Döyüş bitir və İlah dərəsinə sükut çökürdü. Günortadan sonra xəfif külək ordu düşərgəsinin çadırlarını tərpədirdi. Bu vaxt Talut padşah əsgərlərini başına yığır. Onun böyük oğlu Yonatan da orada idi. Gənc bir çoban həyəcanla öz hekayəsini nəql edirdi. Bu şövqlü gənc Davuddur. Talut Davudun heç bir sözünü buraxmadan, ona diqqətlə qulaq asırdı. Bəs Yonatan özünü necə hiss edirdi? O, Yehovanın ordusundakı xidməti boyu çoxlu qələbələrə imza atmışdı. Amma bu günün qələbəsi Yonatana aid deyildi, bu gəncə aid idi. Davud Calutu öldürmüşdü. Yonatan Davuda yağdırılan tərifin paxıllığını edirdi?

 Yonatanın reaksiyası sizi təəccübləndirə bilər. Biz oxuyuruq ki, «Davud Talutla danışıb qurtaranda Yonatanın qəlbi Davuda bağlandı. Yonatan onu öz canı kimi sevməyə başladı». O, Davuda döyüş libasını və ox-kamanını verdi. Yonatan məşhur oxatan olduğundan bu, dəyərli hədiyyə idi. Bundan əlavə, Yonatanla Davud əhd-peyman bağladı. Bu əhd onları əsl dost kimi bir-birinə yaxınlaşdırdı (1 İşmuil 18:1—5).

 Beləliklə, Müqəddəs Kitabda təsvir olunan ən möhkəm dostluq münasibətlərindən biri başladı. Dostluq münasibətləri imanlı insanlar üçün çox vacibdir. Əgər dostlarımızı hikmətlə seçsək və özümüz də arxa-dayaq duran, sədaqətli dost olsaq, onda məhəbbətin çatışmadığı bu zəmanədə imanımızı möhkəmləndirə bilərik (Məsəllər 27:17). Ona görə də gəlin Yonatanın dostluğundan nələr öyrənə biləcəyimizə baxaq.

Dostluğun təməli

 Necə ola bilər ki, bu qədər tez bir vaxtda dostluq münasibətləri yaransın? Cavab bu dostluğun təməli ilə əlaqəlidir. Gəlin onların həyatına nəzər salaq. Yonatan çox çətin dövr yaşayırdı. Atası Talut padşah illər keçdikcə çox dəyişmişdi və getdikcə daha pis insan olmuşdu. Vaxtilə təvazökar, itaətkar, imanlı insan olan Talut qürrəli və itaətsiz bir padşaha çevrilmişdi (1 İşmuil 15:17—19, 26).

 Talutdakı bu dəyişikliklər Yonatanın ürəyini dağlayırdı, axı o, atasına çox bağlı idi (1 İşmuil 20:2). Ola bilsin, Yonatan qorxurdu ki, Talut Yehovanın seçilmiş xalqını bəlaya düçar edə bilər. Padşahın itaətsizliyi onun xalqının yoldan çıxmasına və Yehovanın lütfünü itirməsinə səbəb ola bilərdi? Şübhəsiz, Yonatan kimi imanlı insan üçün bu çox ağır dövr idi.

 Bu öyrəndiklərimiz bizə Yonatanın gənc Davuda nəyə görə bu qədər bağlandığını başa düşməyə kömək edəcək. Yonatan Davudun böyük imanını görmüşdü. Baxmayaraq ki, Calut çox nəhəng insan idi, Davud Talutun ordusundakı əsgərlərdən fərqli olaraq, ondan qorxmamışdı. Davud bilirdi ki, döyüşə Yehovanın adı ilə getmək onu silah-sursatla dolu Calutdan daha güclü edəcək (1 İşmuil 17:45—47).

 İllər əvvəl Yonatan eyni vəziyyətlə üzləşmişdi. O əmin idi ki, silahdarı və o, cəmi iki nəfər düşmən ordusunun keşikçi dəstəsinə hücum edə və onları məğlubiyyətə uğrada bilər. Yonatanda bu əminlik haradan idi? O demişdi: «[Yehovaya] heç nə mane ola bilməz» (1 İşmuil 14:6). Gördüyümüz kimi, Yonatanla Davud Yehovaya güclü imanda və məhəbbətdə bir-birilərinə çox bənzəyirdilər. Bu cəhətlər iki insan arasındakı dostluq münasibəti üçün ideal təməl idi. Həmin vaxt Yonatan güclü şahzadə idi və təxminən 50 yaşlarında idi, Davud isə təvazökar çoban idi və haradasa 20 yaşlarında idi. Amma onlar arasındakı bu müxtəliflik dostluqlarına əngəl törətmirdi a.

 Onların bağladıqları əhd dostluq münasibətləri üçün əsl müdafiə idi. Bu nə deməkdir? Davud Yehovanın onunla bağlı niyyətini bilirdi. O, İsrailin növbəti padşahı olmalı idi! Bəs o, bu məlumatı Yonatandan gizlətmişdi? Xeyr! Onlar yaxşı dostluq münasibətlərinə sahib idilər. Belə dostluq münasibətləri sirlərə və yalanlara yox, açıq ünsiyyətə söykənir. Davudun padşah olacağını bilmək Yonatana necə təsir edəcəkdi? Görəsən, Yonatan bir gün padşah olacağına, atasının səhvlərini düzəldəcəyinə ümid edirdi? Müqəddəs Kitabda Yonatanın bu vəziyyətlə bağlı hansısa mənfi hisslər keçirdiyi haqda heç nə deyilmir. Orada ancaq Yonatanın müsbət cəhətlərindən, onun sədaqətindən və imanından bəhs olunur. O görürdü ki, Yehovanın ruhu Davudun üzərindədir (1 İşmuil 16:1, 11—13). Buna görə də Yonatan içdiyi andı yerinə yetirdi və Davuda rəqib kimi yox, dost kimi baxmağa davam etdi. Yonatan Yehovanın niyyətinin həyata keçməsini görmək istəyirdi.

Yonatanla Davud Yehova Allaha güclü imanda və məhəbbətdə bir-birilərinə bənzəyirdilər

 Bu dostluq münasibəti böyük xeyir-duaya çevrildi. Yonatanın imanından nə öyrənə bilərik? Yaxşı olardı ki, Allahın bütün xidmətçiləri dostluq münasibətlərinə belə dəyər versin. Şərt deyil, dostlarımız bizimlə eyni yaşa və mənsubiyyətə sahib olsun. Əgər onlarda əsl iman varsa, bizə çox yaxşı təsir edəcəklər. Dəfələrlə olmuşdu ki, Yonatanla Davud bir-birini ruhlandırmış və möhkəmləndirmişdi. Onların dostluğu çətin sınaqlarla üz-üzə qaldığı üçün hər ikisinin bu cür köməyə ehtiyacı var idi.

Sədaqət sınağı

 Təzə-təzə Talut Davudu çox istəyirdi və onu ordu başçısı təyin etmişdi. Lakin çox keçməmiş Talut Yonatanın özündə baş qaldırmasına imkan vermədiyi paxıllıq xüsusiyyətinin qurbanına çevrilmişdi. Davud İsrailin düşməni filiştlilər üzərində ard-arda qələbə çalırdı. Bunun sayəsində o, çoxlu təriflər qazanırdı. Hətta bəzi israilli qadınlar ona nəğmə oxumuşdular: «Talut qırdı minləri, Davudsa on minləri». Bu nəğmə Talutun çox acığına gəlmişdi. «Həmin gündən Talut Davuda şübhə ilə baxmağa» başlamışdı (1 İşmuil 18:7, 9). O qorxurdu ki, Davud taxt-tacı onun əlindən alacaq. Necə də axmaq düşüncə idi! Düzdür, Davud Talutu əvəz edəcəyini bilirdi, amma heç vaxt Yehovanın məsh olunmuş padşahını hələ hakimiyyətdə ikən aradan qaldırmağı ağlının ucundan belə keçirməmişdi!

 Talut Davudun döyüşdə öldürülməsini planlaşdırırdı, amma heç nə işə yaramırdı. Davud döyüşlərdə qələbə çalır və getdikcə xalqın daha çox rəğbətini qazanırdı. Talutun növbəti planı ev əhlini — bütün xidmətçilərini və böyük oğlunu Davuda sui-qəsd hazırlamaqda əlbir etmək idi. Təsəvvür edin, atasının bu cür hərəkət etdiyini görmək Yonatanın ürəyini necə dağlayırdı! (1 İşmuil 18:25—30; 19:1). Yonatan sadiq oğul idi, amma eyni zamanda da sadiq dost idi. Bu, onun üçün əsl sınaq idi. Görəsən, o, kimə sadiq qalacaqdı?

 Yonatan atasına demişdi: «Qoy padşah qulu Davuda qarşı günah etməsin. Onun sənin qarşında təqsiri yoxdur, sənə ancaq yaxşılığı keçib. O, özünü oda atıb filiştlini gəbərtdi. Yehova da bütün İsrailə böyük qələbə verdi. Sən özün də bunu görmüşdün və çox sevinmişdin. Bəs indi nə üçün səbəbsiz yerə Davudu öldürüb günahsız qan tökmək istəyirsən?» Talut bir anlıq insafa gəlib Yonatanı dinlədi və hətta Davuda zərər verməyəcəyinə dair and içdi. Lakin Talut sözünün ağası deyildi. Davud daha çox uğur qazandıqca paxıllıq hissi Talutun ürəyini didib-parçalayırdı. O, hətta nizə ilə Davudu divara pərçimləmək istəmişdi (1 İşmuil 19:4—6, 9, 10). Amma Davud Talutun sarayından qaçıb canını qurtarmışdı.

 Siz də bu cür sədaqət sınağı qarşısında qalmısınız? Bu, çox çətin ola bilər. Belə vəziyyətlərdə məsləhət görə bilərlər ki, ailəniz sizin üçün gərək həmişə birinci gəlsin. Amma Yonatan bu cür düşünmürdü. O, Yehovaya sədaqətli və itaətkar olan Davudu qoyub, atasının tərəfini necə tuta bilərdi? Yonatan Yehovaya sədaqətinin qərarına təsir etməsinə yol verdi. Məhz buna görə o, açıq-aşkar Davudun tərəfində durdu. Yonatan üçün Allaha sədaqət birinci gəlsə də, o, atasına da sədaqət göstərmişdi. O, bu sədaqətini atasının eşitmək istədiyi sözlərlə yox, çəkinmədən ona məsləhət verməklə sübut etmişdi. Hər birimiz Yonatanın göstərdiyi bu cür sədaqət nümunəsini izləməklə fayda əldə edə bilərik.

Sədaqətin mükafatı

 Yonatan Davudla Talutu yenidən barışdırmağa çalışdı. Amma bu dəfə də o, buna nail olmadı. Davud gizlincə Yonatanın yanına gəldi və həyatına görə keçirdiyi narahatçılığı dilə gətirdi. O, özündən yaşca böyük dostuna dedi: «Mənimlə ölüm arasında cəmi bir addım var». Yonatan bu məsələ ilə bağlı atasının hisslərini öyrənməyə və vəziyyətin nə yerdə olduğunu Davuda xəbər verməyə razı oldu. Davud gizlənərkən Yonatan kaman və oxların vasitəsilə işarə verərək vəziyyəti ona bildirəcəkdi. O, Davuddan xahiş etdi ki, növbəti əhdi tutacağına dair and içsin: «Heç vaxt, hətta Yehova sənin düşmənlərinin kökünü yer üzündən kəsəndə də evimdən lütfünü əskik etmə». Davud Yonatanın evinin həmişə qeydinə qalacağına söz verdi (1 İşmuil 20:3, 13—27).

 Yonatan Davudun haqqında Taluta yaxşı danışdı, lakin padşah bərk qəzəbləndi! O, Yonatanı «anası üsyankar oğul» adlandırdı və Davuda sədaqət göstərməklə ailəsini biabır etdiyini dedi. Üstəlik, Davudun Yonatanın gələcək mövqeyi üçün təhlükə yaratdığına eyham vuraraq dedi: «Nə qədər ki Yəssənin oğlu yer üzündə yaşayır, nə sən, nə də səltənətin durmayacaq». Bu təzyiqlər Yonatanı fikrindən daşındırmadı və o, yenə atasına yalvardı: «Axı nə üçün ölməlidir? O nə edib ki?» Talut özündən çıxıb zorakılığa əl atdı. Qoca olmasına baxmayaraq, o, hələ də güclü döyüşçü idi. O, nizəni oğluna atıb, onu vurmaq istədi. Talut nizə atmaqda nə qədər məharətli olsa da, bu dəfə alınmadı. Atası tərəfindən alçaldılan Yonatanın qanı qaraldı (1 İşmuil 20:24—34).

Yonatan xudbinlik sınağından keçdi

 Səhəri gün Yonatan Davudun gizləndiyi yerin yaxınlığına getdi. O, öncədən razılaşdıqları kimi, ox atdı və bu yolla Davuda bildirdi ki, Talut hələ də onu öldürmək niyyətindədir. Sonra Yonatan nökərini şəhərə göndərdi. O, Davudla tək qaldı, beləcə, onların qısa da olsa söhbət etmək imkanı oldu. Bundan sonra Davud qaçaq kimi yeni həyata başlayacaqdı. Onların hər ikisi ağlaşdı və Yonatan cavan dostu ilə pərişan halda vidalaşdı (1 İşmuil 20:35—42).

 Yonatan ən çətin vəziyyətlərdə sübut etdi ki, o, həqiqətən də sadiq insandır, xudbin deyil. Sözsüz, bütün sadiq insanların düşməni Şeytan Yonatanın Talutun izləri ilə getməsini və ilk növbədə öz mənfəətini güdməsini çox istəyərdi. Yadda saxlayın, Şeytan insanlarda xudbin arzular oyatmaq istəyir. O, ilk valideynlərimiz Adəmlə Həvvada xudbin arzular oyada bilmişdi (Yaradılış 3:1—6). Amma Yonatanda buna nail ola bilməmişdi. Təsəvvür edin, Şeytan nə qədər hiddətlənmişdi! Siz də bu cür hücumlara müqavimət göstərəcəksiniz? Biz xudbinliyin epidemiya kimi yayıldığı bir dövrdə yaşayırıq (2 Timutiyə 3:1—5). Ona görə də yaxşı olar ki, Yonatan kimi fədakar, sadiq insan olmağa çalışaq.

Yonatan sədaqətli dost kimi Davudu təhlükədən qorumaq üçün xəbərdar edir

«Sən mənə çox əziz idin»

 Talutun Davuda nifrəti getdikcə idarəolunmaz hal alırdı. Yonatan atasının günü-gündən daha çox dəliliyə əl atdığına çarəsiz halda seyrçi qalırdı. Talut ordusu ilə birlikdə ölkənin hər yerində günahsız bir insanı axtarıb öldürmək istəyirdi (1 İşmuil 24:1, 2, 12—15; 26:20). Bəs Yonatan atası ilə əlbir idi? Maraqlıdır ki, Müqəddəs Kitabın heç bir yerində Yonatanın Davuda qarşı edilən hücumlarda iştirak etdiyi haqda heç nə deyilmir. Yonatanın atası ilə əlbir olmamasına səbəb Yehovaya, Davuda və dostluq əhdinə sadiq qalması idi.

 Onun gənc dostuna münasibəti heç vaxt dəyişmədi. Həmin vaxt o, Davudla yenidən görüşmək üçün bir yol tapdı. Onların görüşdüyü yerin adı «meşəlik» mənasını verən Xoreş idi. Xoreş səhrada, Həbrundan təxminən bir neçə kilometr cənub-şərqdə yerləşən böyük bir ərazidə yerləşirdi. Nəyə görə Yonatan qaçaq dostunu görmək üçün bu qədər riskə getdi? Müqəddəs Kitabda deyilir ki, onun məqsədi Davudun «Yehovaya inamını [möhkəmləndirməyə]» kömək etmək idi (1 İşmuil 23:16). Bəs o, bunu necə etdi?

 Yonatan gənc dostuna dedi: «Qorxma. Atam Talut səni tapa bilməyəcək». Onda bu əminlik haradan idi? O, ürəkdən inanırdı ki, Yehova Öz niyyətini mütləq həyata keçirəcək. Davamında o, belə demişdi: «İsrailin padşahı sən olacaqsan». İllər öncə Yehova İşmuil peyğəmbərə bu sözləri deməyi tapşırmışdı və indi Yonatan Davuda xatırladırdı ki, Yehovanın sözləri həmişə etibarlıdır. Bəs Yonatan öz gələcəyini necə görürdü? Davuda demişdi ki, «mən də səndən sonra ikinci adam olacağam». Bu insan necə də böyük təvazökarlıq göstərmişdi! O, özündən 30 yaş kiçik bir insanın rəhbərliyi altında xidmət etməyə və onun sağ əli olmağa razı olacaqdı. O, sözlərini belə yekunlaşdırmışdı: «Bunu atam Talut da bilir» (1 İşmuil 23:17, 18). Talut ürəyində bilirdi ki, Yehovanın padşah kimi seçdiyi adama qarşı döyüşdə qalib gəlmək mümkün deyil!

Yonatan ehtiyac duyduğu anda Davudu ruhlandırır

 Şübhəsiz, sonralar Davud bu görüşü tez-tez və xoş xatırlayırdı. Onlar sonuncu dəfə idi, bir-birilərini görürdülər. Təəssüf ki, Yonatanın Davuddan sonra ikinci adam olmaq arzusu heç vaxt gerçəkləşmədi.

 Yonatan atası ilə birlikdə İsrailin açıq-aydın düşməni olan filiştlilərə qarşı döyüşə getdi. O, vicdan rahatlığı ilə atasının tərəfində döyüşmüşdü. Yonatan imkan vermədi ki, atasının səhvləri onun Yehovaya xidmətinə mane olsun. O, həmişəki kimi, sədaqətlə və cəsarətlə döyüşdü. Ancaq döyüş israillilərin məğlubiyyəti ilə nəticələndi. Talut o qədər pis insan olmuşdu ki, hətta Allahın qanununda ciddi günah sayılan spiritizmə əl atmışdı. Ona görə də Yehova Taluta daha xeyir-dua vermədi. Yonatan da daxil olmaqla, onun üç oğlu döyüşdə öldürüldü. Özü isə yaralandı və öz həyatına son qoydu (1 İşmuil 28:6—14; 31:2—6).

Yonatan dedi: «İsrailin padşahı sən olacaqsan, mən də səndən sonra ikinci adam olacağam» (1 İşmuil 23:17)

 Davud iztirab çəkirdi. Böyük ürəyə sahib bu insan, hətta ona bu qədər əzab-əziyyət yaşadan Taluta görə də kədərlənirdi. Davud Talutla oğlu Yonatan üçün ağı deyib, mərsiyə oxumuşdu. Bəlkə də, onun əziz məsləhətçisinə və dostuna aid dediyi ən təsirli sözlər növbəti sözlər idi: «Qardaşım Yonatan, sənin üçün ürəyim yanır, sən mənə çox əziz idin. Sənin məhəbbətin mənim üçün qadın məhəbbətindən üstün idi» (2 İşmuil 1:26).

 Davud Yonatana içdiyi andı heç vaxt unutmadı. İllər sonra o, Yonatanın şikəst oğlu Mefiboşeti axtardı və onun qeydinə qaldı (2 İşmuil 9:1—13). Görünür, Davud Yonatanın sədaqətindən, etibarından və ona baha başa gəlsə belə dostuna sədaqətini qorumaq əzmindən çox şey öyrənmişdi. Biz bu sahədə Yonatandan örnək götürəcəyik? Onun kimi dostlar axtaracağıq? Özümüz də bu cür dost olacağıq? Əgər dostlarımıza Yehovaya imanlarını möhkəmləndirməyə kömək etsək, Allaha sədaqətimizi birinci yerə qoysaq və öz xeyrimizi güdmək əvəzinə sadiq qalsaq, onda biz də Yonatan kimi dost olacağıq. Və onun imanını örnək götürəcəyik.

a Müqəddəs Kitabda Yonatan haqda ilk dəfə Talutun qoşununda ordu başçısı kimi bəhs olunur, belə ki, həmin vaxt onun ən azı 20 yaşı olmalı idi (Saylar 1:3; 1 İşmuil 13:2). Talut 40 il hakimiyyət sürmüşdü. Ona görə də Talut öləndə Yonatanın təxminən 60, Davudun isə 30 yaşı var idi (1 İşmuil 31:2; 2 İşmuil 5:4). Deməli, Yonatan Davuddan təxminən 30 yaş böyük idi.