Kontentə keç

Mündəricatı göstər

GEORGİ PORÇULYAN | BİOQRAFİYA

«Yehovaya məhəbbətim mənə dayaq oldu»

«Yehovaya məhəbbətim mənə dayaq oldu»

Sərt iqlimi olan Maqadanda (Sibir) yerləşən əmək düşərgəsinə göndəriləndə mənim 23 yaşım var idi. Həmin vaxt cəmi bir il idi ki, Yehovanın Şahidi kimi vəftiz olunmuşdum. Mən özümdən tez çıxan və təcrübəsiz idim. Ona görə də düşərgədə ilk dəfə əqidəmi bir məhbusla bölüşəndə bu az qala dava ilə qurtarsın.

 Bəs məni, keçmiş kommunisti, dövlətin düşməni hesab edilən dini qrupa qoşulmağa nə təşviq etdi? Yehovanın məhəbbəti və verdiyi təlim sayəsində məcburi əmək və sürgün illərində xasiyyətim necə dəyişdi?

Ədalət və qəlb rahatlığı sorağında

 Mən 1930-cu ildə Moldovanın şimalında yerləşən kasıb Taban kəndində anadan olmuşam. Valideynlərim altı uşaqdan ibarət ailəni dolandırmaq üçün kolxozda işləyirdilər. Onların işi çox ağır idi. Dolanmaq çətin idi. Anam Rus Pravoslav Kilsəsinin, atam isə katolik kilsəsinin üzvü idi. Onlar keşişlərin tükürpədici hərəkətləri barədə tez-tez qızğın müzakirələr aparırdılar.

 18 yaşımda məktəbi bitirəndən sonra mən kommunizm ideologiyasını təbliğ edən Kommunist Gənclər İttifaqının (Komsomol) üzvü oldum. Təşkilatın məqsədi Kommunist partiyasının gələcək üzvlərini yetişdirmək idi. Çox keçməmiş məni yerli qrupun katibi seçdilər. Onlar qardaşlıq, bərabərlik və ədalət kimi dəyərləri təbliğ edirdilər və bu mənim xoşuma gəlirdi, lakin cəmiyyəti içəridən yeyən ədalətsizlik və əxlaqsızlığı görəndə ürəyimdə boşluq yarandı.

 Komsomolun fəal üzvü olduğum üçün Sovet İttifaqı a hökuməti kilsələrin və dini qrupların bağlanması haqda fərmanlar çıxaranda onları dəstəkləməkdən başqa çıxış yolum yox idi. Kəndimizdə bir neçə Yehovanın Şahidi var idi. Onların dürüst və sülhsevər olduqlarını görürdüm, amma yenə də onları fanatik hesab edirdim. Heç ağlıma da gəlməzdi ki, tezliklə bir çox suallarıma onlardan biri vasitəsilə cavab tapacağam.

 Bizim kənddə yaşayan əmim Dimitri də Yehovanın Şahidi idi. 1952-ci ilin yaz ayı idi. Bir gün o məndən soruşdu: «Georgi, həyatınla nə etmək fikrindəsən?» O mənə görə həqiqətən narahat idi, ona görə bu sualı verdi. Əslində, beynimdə çoxlu cavabsız suallar dolaşırdı. Məsələn, özümdən dəfələrlə soruşurdum: «Əgər Allah varsa, nəyə görə bu qədər əzab-əziyyətin olmasına yol verir?» Bundan sonra növbəti səkkiz gün ərzində əmim Müqəddəs Kitab vasitəsilə suallarıma cavab verdi. Bəzən Allah haqqında söhbətlərimiz gecə saat üçə qədər davam edirdi.

Georgi və Dimitri gecələr Müqəddəs Kitabı müzakirə edirdilər

 Bu söhbətlərdən sonra Müqəddəs Kitabı dərindən araşdırmaq qərarına gəldim. Mən başa düşdüm ki, məni həqiqətən sevən Səmavi Atam var (Zəbur 27:10). Müqəddəs Kitabdan biliyim çox olmasa da, Yehovaya məhəbbətim o qədər güclü idi ki, bu məni qəti addımlar atmağa təşviq etdi. Yerli sədrin hədə-qorxularına baxmayaraq, Kommunist partiyasından çıxdım. Müqəddəs Kitabı araşdırmağa başlayandan cəmi dörd ay sonra, 1952-ci ilin sentyabr ayında, özümü Yehovaya həsr etdim və vəftiz olundum.

Yehovaya məhəbbətim sınanır

 O vaxt Yehovanın Şahidlərinin fəaliyyəti qadağan idi. Amma mən Yehovaya məhəbbətimi əməldə göstərmək istəyirdim. Buna görə də kəndlərdə yaşayan dindaşlarıma nəşrlərimizi çatdırmağa hazır olduğumu bildirdim. Bu, təhlükəli iş idi, çünki sakinlər kəndlərinə yad adam gələndə o dəqiqə onun barəsində yerli hakimiyyət nümayəndələrinə xəbər verirdilər. Hətta bəzi Yehovanın Şahidləri də məndən ehtiyat edirdilər. Onlar qorxurdular ki, mən yığıncağa soxulan çoxsaylı gizli polis əməkdaşlarından biri ola bilərəm. Amma tezliklə mənim casus olmadığımı başa düşdülər. Vəftizdən cəmi iki ay sonra məni həbs edib qadağan olunmuş ədəbiyyat çatdırdığıma görə məhkum etdilər.

 Məhkəməyədək həbsdə olduğum təxminən bir il ərzində məni dəfələrlə sorğu-sual edir və imanımdan döndərməyə çalışırdılar. Amma ürəyimdə Yehova Allaha qarşı artıq dərin məhəbbət var idi. Məhkəmə iclası Ukraynanın Odessa şəhərində baş tutdu. O vaxt Yehovanın Şahidi olmayan valideynlərim və bacı-qardaşlarım da məhkəmə iclasına çağırıldılar.

 Məni aldatma yolu ilə təhlükəli təriqətə cəlb olunan biri kimi məhkəmə qarşısına çıxardılar. Hakimiyyət nümayəndələri ailə üzvlərimi inandırmağa çalışırdılar ki, mən ağlımı itirmişəm. Valideynlərim bərk qorxudulmuşdular. Onlar ağlaya-ağlaya yalvarırdılar ki, tutduğum yoldan dönüm. Lakin mən təmkinliyimi qoruyurdum. Anama dedim: «Narahat olma. Mən yolumu azmamışam. Həyatım boyu axtardığımı nəhayət ki tapmışam və yolumdan dönən deyiləm» (Məsəllər 23:23). Müqəddəs Kitabdan biliyim çox olmasa da, Yehovadan bərk yapışmaq üçün Onu kifayət qədər yaxşı tanıyırdım. Təxminən altı il sonra valideynlərim başa düşdü ki, tutduğum yol həqiqətdir və onlar da Yehovanın Şahidi oldular.

Valideynlərinin gözü qarşısında məhkəmə Georgini təhlükəli təriqətə qoşulmaqda təqsirli bildi

 Məni 15 il müddətinə islah işlərinə məhkum etdilər və Kolımaya, Sibirin çoxsaylı islah-əmək düşərgələrinin yerləşdiyi bölgəyə göndərdilər. Məhkumları mənən sındırmaq üçün nəzarətçilər və zabitlər bizi döyür və ac saxlayırdılar. Əvvəl-əvvəl heç bilmirdim mən burdan sağ çıxacağam, ya yox.

Allah məhəbbətlə mənə təlim verir

 Düşərgəyə gələndə orada 34 Yehovanın Şahidi var idi. Onların bəziləri ehtiyatla məndən soruşdular: «Sizin qrupda yəhunədablar var?» O dəqiqə bildim ki, onlar mənim ruhani qardaşlarımdır. Belə Müqəddəs Kitab terminindən yalnız onlar istifadə edə bilərdilər! Bu təcrübəli qardaşlar mənə Müqəddəs Kitab prinsiplərini çətin vəziyyətlərdə tətbiq etməyi öyrətdilər və bəsirət kimi ruhani keyfiyyətlər yetişdirməyə kömək etdilər.

 Düşərgədə maşinist işləyirdim. Bir gün Matfey adında bir iş yoldaşım 50 müqəddəsin adını əzbər bildiyi ilə öyündü. Həmin «müqəddəslər» haqda təhqiramiz söz deyəndə Matfey məni vurmaq istədi, ancaq mən qaçdım. Qardaşların bu vəziyyətə gülməsinə pis oldum və onlardan soruşdum: «Nəyə gülürsünüz? Mən sadəcə təbliğ etmək istəyirdim!» (1 Butrus 3:15). Matfey siyasi məhbus idi, bununla belə, Yehovanın Şahidlərinin nəzarətçilərə və hakimiyyətə göstərdikləri hörmət ona dərin təsir bağışlamışdı. Sonradan onda Müqəddəs Kitaba maraq yarandı. Onun soyuq su ilə dolu çəlləkdə vəftiz olunduğu gecə indiyə qədər yadımdadır.

 Düşərgəyə gələndən çox keçməmiş məni və iki gənc qardaşı siyasi nəzəriyyə dərslərinə dəvət etdilər. Əvvəl-əvvəl belə toplantılara qatılmaqdan imtina etdik. Düşünürdük ki, onlarda iştirak etməklə məsihi bitərəfliyimizi pozmuş olacağıq (Yəhya 17:16). Nəticədə, bizi iki həftəlik qaranlıq cəza kamerasına saldılar. Oradan çıxanda qayğıkeş qardaşlar bizə izah etdilər ki, belə toplantılarda sadəcə oturmaq bitərəfliyimizi pozmaq demək deyil. Əksinə, bu, gözəl şahidlik vermək üçün bir fürsət ola bilər. Bu mehriban və xeyirxah qardaşlar sayəsində biz daha müdrik olmağı və qərar verərkən Müqəddəs Kitab prinsiplərini tətbiq etməyi öyrəndik.

 Onların səbirlə verdiyi təlim Yehovanın mənə məhəbbətlə qayğı göstərdiyinin bariz sübutu idi. Məsələn, keşiş olan bir məhbus baş mühasib təyin edilmişdi. Hər dəfə yemək vaxtı yollarımız kəsişəndə o: «Salam, Şeytan oğlu!» — deyə məni salamlayırdı. Başqa bir məhbus mənə məsləhət gördü ki, istehza ilə ona: «Salam, ata!» — deyə cavab verim. Təəssüf ki, onun məsləhətinə əməl etdim və buna görə bərk döyüldüm. Qardaşlar başıma gələnlərdən xəbər tutanda davranışımın yaxşı olmadığını izah etdilər (Məsəllər 29:11). Sonra gedib kahindən üzr istədim.

 Əmək düşərgəsinə göndərilməzdən əvvəl gecə və ya səhər tezdən keçirilən məsihi yığıncaqlarında gizli şəkildə iştirak edirdim. Ancaq düşərgədə gizlənməyə yer yox idi. Buna görə biz qardaşlar hər gün düz nəzarətçilərin gözü qarşısında dairə qurub kiçik kağız parçasına əvvəlcədən yazdığımız Müqəddəs Kitab ayələrini müzakirə edirdik. Məqsədimiz mümkün qədər çox ayə əzbərləmək və onları daima yadımıza salmaq idi. Nəzarətçi görüşümüzü pozanda kağız parçalarımızı tez udurduq.

Əmək düşərgəsində gizlənməyə yer olmadığı üçün Yehovanın Şahidləri Müqəddəs Kitabı düz nəzarətçilərin gözü qarşısında oxuyurdular

Sürgünə göndərilsəm də, Allahın məhəbbətindən kənarda qalmadım

Georgi əmək düşərgəsindən azad ediləndən sonra (1960-cı illərin əvvəli)

 1959-cu ildə düşərgədən azad olunduqdan sonra Qazaxıstanın Qaraqanda vilayətinə sürgün edildim. Sınaq müddətində ola-ola hakimiyyət orqanlarından evlənmək üçün məni 20 günlük buraxmağı xahiş etdim. Mən Rusiyanın Tomsk vilayətinə getdim, orada Mariya adında sadiq və qəlbi gözəl bir bacı yaşayırdı. Həmişəki kimi, birbaşa mətləbə keçdim və ona dedim: «Mariya, görüşməyə vaxt yoxdur. Mənə ərə gəl!» O razılaşdı və kiçik toy məclisi qurduq. Mariya mənim bu qədər sınaqlara tab gətirdiyimi qiymətləndirirdi və Yehovaya xidmətimi davam etdirməyə kömək etmək istəyirdi (Məsəllər 19:14).

 1960-cı illərdə biz açıq şəkildə ev-ev təbliğ edə bilmirdik, buna görə də xoş xəbəri təbliğ etmək üçün hər fürsətdən istifadə edirdik. Bizi qonaq dəvət edəndə və ya məzuniyyətdə olanda tez-tez yer üzündə əbədi yaşamaq ümidimizi bölüşürdük. Özümüz də bunun üçün imkanlar yaradırdıq. Məsələn, satışda olan evlərə baxmağa gedirdik və ev sahibləri ilə ruhani mövzularda söhbət açmağa çalışırdıq. Beləcə Mariya ilə mən sonradan Yehovanın Şahidi olan altı nəfərlə Müqəddəs Kitab dərslərinə başladıq.

 Bəzən seçkilər vaxtı da şahidlik vermək fürsəti düşürdü. Bir gün mənim və bir neçə qardaşın işlədiyi zavoda gizli polis əməkdaşları gəldilər. Təxminən 1000 işçinin gözü qabağında bizdən Yehovanın Şahidlərinin nəyə görə siyasətdə iştirak etmədiklərini soruşdular. Baş mühəndis və oranın başqa işçiləri bizim müdafiəmizə qalxdılar. Onlar bizim məsuliyyətli və zəhmətkeş olduğumuzu dedilər. Onların bu sözlərindən sonra bizə güc gəldi və əzbər bildiyimiz ayələrdən sitatlar gətirərək mövqeyimizi izah etdik. Cəsarətli şahidliyimiz nəticəsində dörd işçi Müqəddəs Kitab həqiqətinə maraq göstərdi və bir il keçməmiş vəftiz olundu.

 1970-ci illərin əvvəlində Qazaxıstanda bir çox səmimi insanlar Yehovanın Şahidi oldular. İlk toplantımızı təşkil etməyin əsl vaxtı idi. Bəs hakimiyyət orqanlarını şübhələndirmədən bunu necə edə bilərdik? Qərara gəldik ki, Almatı şəhəri yaxınlığındakı kəndlərdən birində toy məclisi ilə birlikdə birgünlük toplantı keçirək. Tədbirdə bəy, gəlin və 300-dən çox qonaq iştirak etdi! Bu həm əsl toy məclisi, həm də toplantı idi. Həyat yoldaşım və bir neçə bacı məkanı bəzəmək və dadlı yeməklər bişirmək üçün çox zəhmət çəkdilər. Qonaqlar ondan çox natiqin söylədiyi Müqəddəs Kitab nitqlərini xüsusilə bəyəndilər. Həmin gün həyatımda ilk dəfə böyük auditoriya qarşısında Müqəddəs Kitab nitqi ilə çıxış etdim.

Sınaqlar vaxtı bizi Allahın məhəbbəti saxladı

Georgi, yoldaşı Mariya və onların qızı Lyudmila

 Sevimli həyat yoldaşım Mariya bütün həyatı boyu mənə sadiq köməkçi idi. O, həlim, itaətkar və Padşahlıq işini həmişə hər şeydən üstün tutan qadın idi. Mariyanın canı möhkəm olsa da, birdən-birə onda osteoporozun ağır forması inkişaf etdi və o, 16 ilə yaxın yataq xəstəsi oldu. Mariya 2014-cü ildə vəfat edənə qədər qızımız Lyudmila ilə birgə ona yaxşı baxdıq.

 Sevimli yoldaşımın çəkdiyi iztirabları görəndə özümü çarəsiz hiss edirdim. Bununla belə, son nəfəsinə qədər onunla birlikdə Müqəddəs Kitabı və ruhlandırıcı məqalələr oxuyurduq, tez-tez yeni dünya haqqında söhbətlər edirdik. Hərdən onun yanında səssizcə ağlayırdım. Lakin hər dəfə Yehovanın gözəl vədləri haqqında oxuyanda qəlbimizə rahatlıq çökürdü və həyatımızı davam etdirmək üçün bizə güc gəlirdi (Zəbur 37:18; 41:3).

Georgi və Lyudmila məsihi yığıncağında

 Yehovanın məhəbbətini ilk dəfə duyduğum gündən indiyə qədər Onun dəstəyini və qayğısını hiss edirəm (Zəbur 34:19). Təcrübəsiz gənc olanda Onun məhəbbətini xasiyyətimi düzəltməyə səbirlə kömək edən qardaşlar vasitəsilə hiss etdim. Əmək düşərgəsində və sürgündə olarkən çətinliklərlə üzləşəndə Yehovanın Öz Kəlamı vasitəsilə mənə necə dayaq olduğunu gördüm. Üstəlik, O, əziz həyat yoldaşım Mariyaya son nəfəsinədək baxmaq üçün mənə ehtiyac duyduğum gücü verdi. Bu gün tam əminliklə deyə bilərəm ki, Yehovanın məhəbbəti həyatım boyu mənə dayaq olub (Zəbur 31:19).

a Qazaxıstan, Moldova və Ukrayna 1991-ci ilə qədər keçmiş Sovet İttifaqının tərkibində idi.