KEMEL VÖRDİ | BİOQRAFİYA
«Məndə həmişə güclü ədalət hissi olub»
1973-cü ilin avqust ayında mən iki bacımla birgə İngiltərənin Tvikenham şəhərində keçirilən «Allahın zəfəri» adlı beynəlxalq toplantıda iştirak etdim. Orada biz Edvin Skiner qardaşla tanış olduq. O, 1926-cı ildən Hindistanda xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. Qardaş pəncab dilində danışdığımızı biləndə dedi: «Sizin burada nə işiniz var? Hindistana gəlin!» Biz belə də etdik və bu bizim pəncabdilli sahədə xidmətimizin başlanğıcı oldu. Amma ilk öncə sizə qardaşla bu söhbətimizdən əvvəl həyatımızda baş verənlər haqda danışmaq istəyirəm.
Mən 1951-ci ilin aprel ayında Keniyanın Nayrobi şəhərində anadan olmuşam. Valideynlərim Hindistandan idilər. Onlar siqhizm dininə mənsub idilər. Atam dul qalmış baldızını ikinci arvadı olaraq aldı. Mənim anam atamın birinci arvadı olsa da, bu məsələdə onun söz deməyə haqqı yox idi. Anam və ögey anam çox vaxt eyni zamanda uşaq dünyaya gətirirdilər. Buna görə də mən çoxlu doğma və ögey bacı-qardaşlarım və bir xalaoğlu ilə birgə böyümüşəm. 1964-cü ildə 13 yaşım olanda atam vəfat etdi.
Ədalət axtarışında
Böyüdükcə çoxlu mübahisələrin və ayrı-seçkiliyin şahidi olurdum. Sonradan öyrəndim ki, bizim ailənin vəziyyəti Müqəddəs Kitabda qələmə alınmış Ləya ilə Rəhilənin hadisəsinə oxşayır. Fikir vermişdim ki, ailə üzvlərim keniyalı qulluqçularımızla pis rəftar edirdilər və bizə öyrədirdilər ki, bu qulluqçular bizdən aşağı səviyyəli insanlardır. Atam istəyirdi ki, qonşuluqdakı avropalılarla oturub-duraq, çünki onlardan çox şey öyrənə biləcəyimizə inanırdı. Eyni zamanda bizə tapşırmışdı ki, afrikalılarla dostluq etməyək, çünki onlardan heç nə öyrənə bilməyəcəyimizi düşünürdü. Həmçinin bizə deyirdilər ki, pakistanlılarla da dostluq etməyək, çünki onlar bizim düşmənlərimizdir. Məndə həmişə güclü ədalət hissi olub və atamın düşüncəsi ilə razılaşmırdım.
Siqhizm XV əsrin sonlarında quru Nanak tərəfindən yaradılmışdı. Mən Nanakın təlimlərini, o cümlədən, bir həqiqi Allahın olması fikrini qəbul edirdim. Amma siqhlərin bir-biriləri ilə ədalətsiz rəftarı məni bu dində bir problem olduğu barədə düşündürdü.
Amma məni narahat edən təkcə bu deyildi. Siqhizm cəmi bir neçə əsr idi yaranmışdı. Buna görə də məndə tez-tez bu cür suallar yaranırdı: «Bəs siqhizmdən əvvəl nə olub? Allahın bəyəndiyi ilk ibadət forması hansı olub?» Ailəmiz evdə on tarixi siqh qurusunun şəkillərindən ibarət təqvimlər asmışdı. Mən düşünürdüm: «Biz onların necə göründüyünü haradan bilirik? Bir halda ki qurular bir həqiqi Allaha ibadət etməli olduğumuzu deyirdilər, nəyə görə ailəm və digərləri quruların şəkilləri qarşısında təzim edirlər?»
1965-ci ildə 14 yaşım olanda ailəm Hindistana köçdü. Maddi vəziyyətimiz yaxşı olmadığı üçün yaşayışımız çətin idi. Təxminən bir il sonra yavaş-yavaş İngiltərəyə köçməyə başladıq. Biz iki-iki köçdük və Lester şəhərində məskunlaşdıq.
16 yaşımda mən fiziki işlərdə işləməyə başladım. Gecələr isə fasilə verdiyim təhsilimi davam etdirirdim. Amma görürdüm ki, iş yerində bəzi işçilərlə ədalətsiz davranılır. Məsələn, ingilis işçilərin maaşı mühacirlərin maaşından yüksək idi. Ədalət hissimdən irəli gələrək mən həmkarlar ittifaqının gənc fəal üzvü oldum. Mən mühacir qadınları təşviq edirdim ki, maaşları ingilis işçilərin maaşları qədər olmayınca tətil elan edib işləməsinlər. Tək istəyim o idi ki, bütün dünyada ədalət bərqərar olunsun.
Suallarıma cavab tapıram
Yehovanın Şahidləri ilə ilk dəfə 1968-ci ildə qarşılaşdım. İki Yehovanın Şahidi qapımı döydü. Allahın Padşahlığı yer üzünü idarə edəndə ədalətin bərqərar ediləcəyinə dair vəd mənim çox xoşuma gəldi. Qapını döyən Şahidlərdən biri növbəti dəfə arvadı ilə birgə gəldi. Bacım Casvinder, ögey bacım Çani və mən Müqəddəs Kitabı öyrənməyə başladıq. Cəmi altı dərsdən sonra biz əmin olduq ki, Yehova həqiqi Allahdır, Müqəddəs Kitab Onun Kəlamıdır və yalnız Allahın Padşahlığı bütün dünyada ədaləti bərqərar edə bilər.
Amma Müqəddəs Kitabı oxuduğumuza görə ailəmiz tərəfindən zorakılıqla üzləşdik. Atam vəfat edəndən sonra ögey qardaşım ailə başçısı oldu. Anası onu təhrik etdi ki, bizə qarşı çıxsın. O, kiçik bacılarım Casvinderi və Çanini dəmir burunlu çəkməsi ilə təpikləyirdi. O bilirdi ki, mənim 18 yaşım olduğu üçün öz hüquqlarım var və mənə nə isə etsə, onu dövlətə şikayət edə bilərəm. Amma o düşünürdü ki, bacılarımın yaşları az olduğu üçün onlara nə istəsə edə bilər. Bir dəfə o, Müqəddəs Kitabı götürüb açdı, vərəqlərini yandırıb düz onların gözləri qabağında tutub dedi: «Allahınız Yehovaya deyin ki, alovu söndürsün». O vaxt biz cəmi bir neçə ibadət görüşündə gizlincə iştirak etmişdik. Biz yalnız həqiqi Allah Yehovaya xidmət etmək istəyirdik. Ancaq bizim vəziyyətimizdə bu, mümkünsüz görünürdü. Buna görə də biz evdən qaçıb təhlükəsiz bir yerdə yaşamağı qərara aldıq. Bəs bunu necə edəcəkdik?
Biz nahar pulumuzu, avtobus pulumuzu, üstəlik, ögey anama verməli olduğum maaşımın bir hissəsini gizlincə yığmağa başladıq. Sonra üç çamadan alıb onu evdən kənarda gizlətdik və yavaş-yavaş paltarlarımızı həmin çamadanlara yığmağa başladıq. 1972-ci ilin may ayında Casvinderin 18 yaşı olmağına az qalmış İngiltərənin cənub-qərbində yerləşən Penzansa gedən qatara bilet aldıq. Həmin vaxt biz cəmi 100 funt (260 ABŞ dolları) pul yığa bilmişdik. Penzansa çatanda oradakı telefon köşkündən yerli Yehovanın Şahidlərinə zəng etdik. Qardaşlar bizi mehribanlıqla qarşıladılar. Biz kirayə ev tapıb yerləşməli idik. Buna görə də müxtəlif işlərə düzəldik. Gördüyümüz işlərdən biri balığın içalatını təmizləmək idi.
Bizim Müqəddəs Kitab dərsimizi Hari və Beti Briqz adlı yaşlı ər-arvad keçməyə başladı. 1972-ci ilin sentyabrında, hələ də ailəmizdən gizləndiyimiz vaxt, Trurodakı ibadət evində səhnənin yaxınlığında yerləşən hovuzda vəftiz olunduq. Çani öncüllüyə başladı. Casvinder və mən isə ona maddi dəstək olurduq.
Tələbat olan ərazidə xidmət
Hari və Betinin doxsana yaxın yaşları olsa da, onlar İngiltərənin cənub-qərb sahillərində yerləşən Silli adalarına müntəzəm təbliğə gedirdilər. Onların nümunəsi bizi də bu cür xidmətə can atmağa təşviq etdi. Ona görə də 1973-cü ildə Edvin qardaşla əvvəldə qeyd etdiyim söhbətdən sonra artıq nə etməli olduğumuzu bilirdik.
1974-cü ilin yanvar ayında biz Hindistanın Nyu-Dehli şəhərinə bilet aldıq. Orada Dik Koteril qardaş icazə verdi ki, biz xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə qonaq qalaq. Çani öncüllük etməyə davam etdi, Casvinder və mən isə xidmətə daha çox vaxt ayırmağa başladıq.
Sonra bizi Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinə yönəltdilər. Orada biz Çandiqarh şəhərində əvvəlcə bir müddət xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə qaldıq, sonra isə özümüzə kirayə ev tapdıq. 1974-cü ilin sentyabr ayında öncül xidmətinə başladım və 1975-ci ildə xüsusi öncül təyin olundum. Xidmət sayəsində başa düşdüm ki, pəncabdilli insanlara Yehovanı tanımağa, Onun necə ədalətli Allah olduğunu öyrənməyə kömək etmək üçün pəncab dilində nəşrlərə böyük ehtiyac var. 1976-cı ildə Hindistan filialı üçümüzü də nəşrlərimizi pəncab dilinə tərcümə etməyə dəvət etdi. Çap maşını və kompütersiz nəşrlərimizi tərcümə etmək çox çətin idi. Biz tərcümə olunmuş mətni əl ilə yazıb yoxlayırdıq. Sonra isə köhnə çap maşınları olan yerli çapxanada mətnin hər hərfini əl ilə yığaraq çap edirdik.
Çandiqarhdakı yığıncağımız (Hindistan, Pəncab)
Sağlamlığımdakı problemlərə rəğmən sevincimi itirmirəm
Vəziyyətimiz bir göz qırpımında dəyişdi. Casvinder bir qardaşla ailə qurub Kanadaya köçdü. Çani isə Birləşmiş Ştatlardan gəlmiş alman bir qardaşla ailə qurub Birləşmiş Ştatlara köçdü. Mən isə bərk xəstələndim və 1976-cı ilin oktyabr ayında İngiltərəyə qayıtdım. Mənim doğma anam və qardaşım Lesterdə yaşayırdılar. Onlar həqiqətə qarşı deyildilər və mən onlarla yaşamağa başladım. Mənə Evans sindromu diaqnozu qoyuldu. Bu nadir hallarda rast gəlinən autoimmun xəstəlikdir. Bu xəstəlik qan hüceyrələrini zədələyir. Mənə güclü müalicə lazım idi, həmçinin dalağım da çıxarılmalı idi. Buna görə də öncüllüyü dayandırmalı oldum.
Mən Yehovaya ürəkdən dua edib dedim ki, sağlamlığım düzəlsə, yenidən tamvaxtlı xidmətə başlayacağam. Belə də etdim. Xəstəliyim ucbatından bəzən özümü xüsusilə pis hiss etsəm də, 1978-ci ildə Vulverhemptona köçdüm. Orada mən, əsas etibarilə, pəncabdilli sahədə öncüllük etməyə başladım. Biz ibadət görüşlərinə əl ilə dəvətnamələr hazırlayır və yerli sexlərdə nüsxələrini çıxarırdıq. Sonra isə onları pəncabdilli insanlara paylayıb, onları açıq nitqi dinləməyə dəvət edirdik. Hal-hazırda Böyük Britaniyada beş pəncabdilli yığıncaq və üç qrup var.
Britaniya filialı mənim Hindistanda nəşrlərimizi pəncab dilinə tərcümə etdiyimi bilirdi. Ona görə də 1980-ci illərin axırlarında filial mənimlə əlaqə saxladı və mən London Beytelində könüllü kimi xidmət etməyə başladım. Mən şriftlərin və proqram təminatının, eləcə də qurmukhi şrifti üçün nəşriyyat standartlarının hazırlanmasına kömək edirdim. Qrafikim çox gərgin idi, çünki mən həm özümü dolandırır, həm məndən aralıda yaşayan anamın qayğısına qalır, həm də Beytelə kömək edirdim. Bununla belə, Beytelə kömək etmək çox xoşuma gəlirdi.
Beyteldə təlim zamanı (1980-ci illərin sonu)
1991-ci ilin sentyabrında mən Beytel ailəsinin üzvü olmağa və Müqəddəs Kitaba əsaslanan nəşrlərimizi pəncab dilinə tərcümə etməyə dəvət olundum. Dəvət mənim üçün gözlənilməz oldu. Bu xidmətə yararlı olduğumu düşünmürdüm, üstəgəl, mənim xəstəliyim var idi və yaşım yeni beytellilər üçün tələb olunan yaşdan yuxarı idi. Bununla belə, Yehova məni bu şərəfə layiq bilmişdi. Beyteldə sevinclə xidmət etdiyim illərdə sağlamlığımdakı problemlər də davam edirdi. Kimyaterapiya və digər müalicələr zamanı dəfələrlə qanköçürmə məsələləri ortaya çıxmışdı. Müalicəmin nəticəsi hematoloqları heyran qoymuşdu. Buna görə də onlar məni Londonun böyük xəstəxanasında qırxa yaxın tibb mütəxəssisinin iştirakı ilə keçirilən seminara dəvət etdilər. Orada mən on dəqiqə ərzində qanköçürmədən nəyə görə imtina etdiyim barədə danışdım. Sonra isə Xəstəxana məlumat masasında xidmət edən qardaş mütəxəssislərin suallarına cavab verdi.
Bu çətin dövrlərdə bacılarım Casvinder və Çani yanımda idilər. Eləcə də, Beytel ailəsinə və digər dostlarıma göstərdikləri dəstəyə görə ürəkdən minnətdaram. Bütün çətinliklərim boyu Yehova mənə xidmətimi davam etdirməyə güc verirdi (Zəbur 73:26).
Yehovadan gələn nemətlər insanı zənginləşdirir
Beyteldə xidmət etdiyim 33 il mənə Yehovanın necə gözəl Allah olduğunu görməyə kömək etdi (Zəbur 34:8; Məsəllər 10:22). Yaşlı bacı-qardaşların nümunəsindən çox şey öyrəndim. Geriyə baxanda Müqəddəs Kitab dərsi keçdiyim pəncabdilli insanların inkişaf edib Yehovanın sadiq xidmətçisi olduqlarını görmək mənə böyük sevinc bəxş edir. Yaxın ailə üzvlərimlə yaxşı münasibətlərim var. Anam və qardaşım Yehovanın Şahidləri olmasalar da, anam tez-tez deyir: «Sən, həqiqətən də, Allaha sadiqsən». Yaşlı anama baxmaq üçün Beytel xidmətini dayandırmağı təklif edəndə isə qardaşım demişdi: «Sən vacib bir iş görürsən. Xidmətini davam etdir». Anam Beyteldən uzaqda qocalar evində yaşasa da, mən mümkün qədər tez-tez onu ziyarət edirəm.
Hər dəfə sınaqlarla üzləşəndə özüm-özümə deyirəm: «Qorxma, Kemel, sənin qalxanın Yehovadır. Sənin mükafatın çox böyük olacaq» (Yaradılış 15:1). Mən haqq Allahı Yehovaya balaca qızı görüb, onun həyatına məna qatdığı üçün ürəkdən minnətdaram (Əşiya 30:18). Mən «heç bir [sakinin] “xəstəyəm”» deməyəcəyi günü səbirsizliklə gözləyirəm (Əşiya 33:24).
Çelmsford Beytelində