OYAQ QALIN!
Nəyə görə insanlar sülhə nail ola bilmirlər? Müqəddəs Kitabda bu barədə nə deyilir?
Dünya liderləri və beynəlxalq təşkilatlar sülhə nail ola bilmirlər. Bu gün İkinci Dünya müharibəsindən bəri heç vaxt olmadığı qədər dəhşətli münaqişələr baş verir. Dünya əhalisinin dörddə biri, yəni təxminən iki milyard insan münaqişə ərazilərində yaşayır.
Nəyə görə insanlar sülhə nail ola bilmirlər? Müqəddəs Kitabda bu barədə nə deyilir?
İnsanların sülhə nail ola bilməməsinin üç səbəbi
1) Bu gün insanların davranışı və xüsusiyyətləri sülh yaratmağa mane olur. Müqəddəs Kitabda əvvəlcədən yazılmışdı ki, bizim dövrümüzdə «insanlar xudbin, pulpərəst, lovğa, özündən razı,.. vəfasız,.. barışmaz,.. özünə hakim olmayan, zalım,.. tərs, təkəbbürlü olacaqlar» (2 Timutiyə 3:2—4).
2) Yaradan Yehova a Allahın köməyi olmadan insanlar həm ayrı-ayrılıqda, həm də birlikdə problemlərini həll etməyə qadir deyillər. Müqəddəs Kitabda deyilir ki, «addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23).
3) Bütün dünya güclü və zalım hökmdarın, Şeytan İblisin əlindədir. O, «bütün dünyanı [aldadır]» (Vəhy 12:9). Nə qədər ki «bütün dünya... Şəririn əlindədir» müharibə və münaqişələr bitməyəcək (1 Yəhya 5:19).
Əsl sülhü kim yaradacaq?
Müqəddəs Kitab bizi əmin edir ki, əsl sülhü insanlar yox, Allah yaradacaq.
«Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).
Allah bu vədini necə həyata keçirəcək? Sülh mənbəyi olan Allah Şeytanı məhv edəcək (Romalılara 16:20). O, «Allahın Padşahlığı» adlanan səmavi hökuməti vasitəsilə bütün dünyada sülh yaradacaq (Luka 4:43). Bu Padşahlığın Padşahı İsa Məsihin rəhbərliyi altında insanlar sülh içində yaşamağı öyrənəcəklər (Əşiya 9:6, 7).
Əlavə məlumat üçün «Allahın Padşahlığı nələri həyata keçirəcək?» adlı məqaləni oxuyun.
a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18).