Ekstremal hava şəraiti. Müqəddəs Kitabda verilən məsləhətlər və ümid
Bu gün milyonlarla insan ekstremal, təhlükəli hava şəraitindən və bunun nəticəsi olan çoxsaylı təbii fəlakətlərdən əziyyət çəkir. Qasırğa, tufan, siklon, tornado, şiddətli küləklər, demək olar, adi hal olub. Leysan yağışları torpaq sürüşmələrinə, ildırım çaxması isə rastına çıxan hər şeyi külə döndərən yanğınlara səbəb olur. Quraqlıq, anomal istilər və boran eyni dərəcədə təhlükəlidir.
Son vaxtlarda dünyanın bir çox yerlərində bu kimi təbiət hadisələrinin sayı artıb və daha şiddətli olub. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatında deyilir: «Milyonlarla insanı evlərini tərk etməyə vadar edən, dolanışıq mənbəyindən məhrum edən və ya həyatlarına son qoyan daşqın, quraqlıq və qasırğaların sayı ildən-ilə artdıqca təbii fəlakət qurbanlarının da sayı artır».
Təbii fəlakətlər həm də insanların ürəklərinə dərin yaralar vurur: onların əmlakı, evi məhv olur, əzizləri ölür.
Əgər bu cür hadisələr sizin də başınıza gəlibsə, Müqəddəs Kitab sizə kömək edə bilər. Təbii fəlakətlərin bir çox qurbanları orada təsəlli, ümid və praktiki məsləhətlər tapıblar (Romalılara 15:4). Müqəddəs Kitabda həm də çoxlarını narahat edən suallara cavab verilir: «Allah niyə buna yol verdi? O məni cəzalandırır?»
Ekstremal hava Allahın cəzası deyil
Müqəddəs Kitab öyrədir ki, əzablarımızın səbəbkarı Allah deyil: «Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (Yaqub 1:13). Beləliklə, ekstremal hava Allahın cəzası deyil.
Keçmiş zamanlarda Allahın pisləri cəzalandırmaq üçün təbiət qüvvələrindən istifadə etdiyi hallar olub. Ancaq onlar bu gün gözlənilmədən baş verən, həm pis, həm də yaxşı insanlara ziyan vuran təbii fəlakətlərdən fərqlənirdi. Müqəddəs Kitaba əsasən, Allah pisləri cəzalandırmaq üçün təbiət qüvvələrindən istifadə etməzdən əvvəl insanları xəbərdar edirdi, onları nəyə görə cəzalandırdığını izah edirdi və günahsız insanları həmişə müdafiə edirdi. Məsələn, O, Nuhun günlərində baş vermiş daşqının səbəbini izah etmişdi, insanları bundan xeyli əvvəl xəbərdar etmişdi, Nuhu və ailəsini isə xilas etmişdi (Yaradılış 6:13; 2 Butrus 2:5).
Bu gün baş verən təbii fəlakətlərin Allahın cəzası olmadığı haqda ətraflı məlumat üçün «Müqəddəs Kitabda təbii fəlakətlər haqda nə deyilir?» adlı məqaləni oxuyun.
Allah ekstremal hava şəraitinin qurbanlarının halına acıyır
Müqəddəs Kitabın növbəti ayələrindən göründüyü kimi, Yehova a qayğıkeş və şəfqətli Allahdır:
Əşiya 63:9: «Onlar əzab çəkəndə O da [Allah] əzab çəkdi».
İzahı. İnsanların əzablarını görmək Ona ürəkağrısı verir.
1 Butrus 5:7: «O, qayğınızı çəkir».
İzahı. Yehova sizin problemlərinizə qarşı laqeyd deyil.
Qayğıkeş Yehova şəfqət hissindən irəli gələrək Müqəddəs Kitab vasitəsilə bizə təsəlli və praktiki məsləhətlər verir, eləcə də əmin edir ki, gələcəkdə ekstremal hava şəraiti ucbatından baş verən təbii fəlakətlər olmayacaq (2 Korinflilərə 1:3, 4).
Bu vəd nə zaman gerçəkləşəcək?
Müqəddəs Kitabda deyilir ki, Yehova bizə gözəl gələcək, ümid bəxş etmək istəyir (Ərəmya 29:11). Onun niyyətinə əsasən, insanlar təbii fəlakət qorxusu bilmədən yer üzündə cənnətdə əbədi yaşayacaqlar (Yaradılış 1:28; 2:15; Əşiya 32:18).
Bütün bunları Allah Padşahlığı vasitəsilə həyata keçirəcək. Padşahlıq İsa Məsihin başçılıq etdiyi səmavi hökumətdir (Mətta 6:10). Ekstremal hava şəraitinin səbəb olduğu fəlakətlərin qarşısını almaq üçün İsanın həm gücü, həm də hikməti var. Yer üzündə olanda o, bunu əyani şəkildə nümayiş etdirmişdi (Mark 4:37—41). O, hikmətli hökmdar olacaq və insanlara ətraf mühitin qayğısına qalmağı və təbiətlə harmoniyada yaşamağı öyrədəcək (Əşiya 11:2). İsanın rəhbərliyi altında insanlar bir daha anomal hava şəraitindən əziyyət çəkməyəcək.
Ola bilsin, siz düşünürsünüz: «Görəsən, bu deyilənlər nə vaxt olacaq?» Bu sualın cavabını «Allahın Padşahlığı yer üzünü nə zaman idarə edəcək?» məqaləsindən tapa bilərsiniz.
Ekstremal hava şəraitinə əvvəlcədən hazırlaşın
Müqəddəs Kitabda qələmə alınmış məsləhətlər sizə ekstremal hava şəraitinə və onun nəticələrinə hazırlaşmağa kömək edə bilər.
Fəlakətdən əvvəl: dərhal hərəkətə keçməyə hazır olun.
Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).
İzahı. Ərazinizdə hansı fəlakətin baş verə biləcəyini qabaqcadan götür-qoy edin ki, fəlakət baş verəndə dərhal hərəkətə keçə və ailənizi qoruya biləsiniz.
Hadisə. «Bir gün canımızı yanğından qaçıb qurtarmalı olduq. Amma biz buna hazır idik. Fəlakət çantalarımız hazır dururdu. Orada lazım olacaq dərmanlar və paltar var idi. Qonşularımız təlaş içində idi, bilmirdilər nə etsinlər. Biz heç nədən korluq çəkmirdik. Buna çox sevinirəm» (Tamara, ABŞ, Kaliforniya).
Fəlakət zamanı. Fikriniz ən vacib şeylərdə olsun.
Müqəddəs Kitabda deyilir: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15).
İzahı. Həyat əşyalardan daha dəyərlidir.
Hadisə. «“Lavin” b tayfunu evimizi məhv edəndə bilmirdim nə edim. Bircə onu bilirdim ki, Yehovaya dua etməliyəm. Onda mənə çatdı: biz ki sağıq, əşyalar isə gəldi-gedərdir» (Lesli, Filippin).
Fəlakətdən sonra: problemləri birdəfəyə həll etməyə çalışmayın
Müqəddəs Kitabda deyilir: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək» (Mətta 6:34).
İzahı. Gələcək problemlərin dərdini çəkməyin.
Hadisə. «“İrma” qasırğası nəticəsində evimizi su basdı. O qədər həll ediləsi məsələlər ortaya çıxdı ki, başım fırlanırdı. Çalışırdım Müqəddəs Kitabda yazıldığı kimi, sabahkı gün üçün narahat olmayım. Mən başa düşdüm ki, Yehovanın köməyilə düşündüyümdən də çox şeyə dözə bilərəm» (Salli, ABŞ, Florida ştatı).
Əlavə məsləhətlər üçün «Fövqəladə hallarda həyatımızı qoruyan tədbirlər» adlı məqaləyə baxın.
a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18).
b Həmçinin «Hayma» tayfunu kimi də tanınır.