Saylar 6:1—27
6 Yehova sözünə davam edib Musaya dedi:
2 «İsraillilərə belə de: “Əgər bir kişi və ya qadın Yehova üçün nəziri*+ kimi yaşamağı əhd edərsə,
3 bu adam şərabdan, yaxud başqa kefləndirici içkilərdən uzaq durmalıdır. O, dilinə şərabdan və ya başqa kefləndirici içkilərdən+ düzələn sirkə, üzümdən hazırlanan heç bir içki vurmamalı, nə üzüm, nə də kişmiş yeməməlidir.
4 Nəziri olduğu bütün günlərdə nə meynədən hazırlanmış bir şey, nə kal üzüm, hətta üzüm qabığı belə, ağzına almamalıdır.
5 Nəzirilik günlərində onun başına ülgüc dəyməməlidir.+ Bu günlər başa çatanacan o, saçını uzatmalıdır, beləliklə, özünün Yehovaya xidmət etməyə həsr olunduğunu göstərməlidir.
6 Yehovaya xidmət etməyə həsr olunduğu bütün günlərdə meyitə yaxın getməməlidir.
7 Hətta atası, anası, qardaşı, yaxud bacısı belə, ölərsə, o, özünü murdarlamamalıdır,+ çünki başında nəziriliyinin nişanı var.
8 Bütün nəzirilik günləri ərzində o, Yehova üçün müqəddəsdir.
9 Əgər onun yanında qəflətən adam ölərsə+ və o, başında nəzirilik rəmzi ola-ola özünü murdarlayarsa, paklandığı gün — yeddinci gün başını ülgücləməlidir.+
10 Səkkizinci gün Hüzur çadırının girişinə iki qumru quşu və ya iki bala göyərçin gətirib kahinə verməlidir.
11 Kahin onlardan birini günah qurbanı kimi, digərini isə yandırma qurbanı kimi təqdim etməli, beləcə, meyitə toxunub günaha batdığına görə onun üçün kəffarə verməlidir.+ Bundan sonra, elə həmin gün nəziri başını paklamalıdır.
12 O, Yehova üçün nəziri olduğu günləri yenidən başlamalıdır və günah qurbanı olaraq bir erkək toğlu gətirməlidir. Əvvəlki günlər sayılmayacaq, çünki onun nəziriliyi batil olub.
13 Nəzirilərə dair qanun budur: nəzirilik+ günləri başa çatanda nəziri Hüzur çadırının girişinə gətirilməlidir.
14 Burada o, özü üçün Yehovaya bunları təqdim etsin: yandırma qurbanı+ kimi bir sağlam erkək toğlu, günah qurbanı+ kimi bir sağlam dişi toğlu, ünsiyyət qurbanı+ kimi bir sağlam qoç,
15 narın una yağ qatılaraq yoğrulub bişirilmiş bir səbət halqavarı çörək, üstünə yağ çəkilmiş mayasız lavaş, eləcə də onların yanında gətirilən taxıl təqdiməsi+ və şərab təqdiməsi+.
16 Kahin bunları Yehovanın önünə gətirməli və günah qurbanı ilə yandırma qurbanını təqdim etməlidir.
17 Kahin qoçu səbətdəki mayasız çörəklərlə birlikdə Yehovaya ünsiyyət qurbanı kimi təqdim etməlidir. Həmçinin qoçun yanında taxıl təqdiməsini+ və şərab təqdiməsini də təqdim etməlidir.
18 Sonra nəziri nəzirilik dövründə uzanmış saçlarını Hüzur çadırının girişində qırxmalıdır+ və onları götürüb ünsiyyət qurbanının altında yanan oda atmalıdır.
19 Nəziri nəzirilik əlaməti olan saçlarını qırxdıqdan sonra kahin qoçun suda bişmiş+ kürəyini, eləcə də səbətdən bir halqavarı mayasız çörək və bir mayasız lavaş götürsün və bunları onun əlinin içinə qoysun.
20 Kahin bunları Yehovanın önündə yellətmə təqdiməsi kimi yellətsin.+ Bunlar da yellətmə təqdiməsi olaraq gətirilən döş və müqəddəs pay olaraq gətirilən ayaq kimi müqəddəsdir və kahinə məxsusdur.+ Bundan sonra nəziri şərab içə bilər.
21 Əgər nəziri Yehovaya nəziridən tələb olunandan artıq təqdimə gətirməyi nəzir edərsə və buna gücü çatırsa, onda nəzirilik qanununa+ görə, nəzirini yerinə yetirməlidir. Bu, nəzir edən nəziri ilə bağlı qanundur”».
22 Sonra Yehova Musaya dedi:
23 «Harunla oğullarına de, israillilərə bu sözlərlə xeyir-dua versinlər:+
24 “Yehova səni saxlasın, səni nemət sahibi etsin.+
25 Yehova üzünə gülsün, sənə lütf göstərsin.+
26 Yehova üzünə baxsın, sənə salamatlıq versin”.+
27 Onlar israillilərə xeyir-dua verəndə Mənim adımı çəksinlər ki,+ Mən onlara nemətlər nəsib edim».+
Haşiyələr
^ İbr. nazir. Mənası: seçilmiş, ayrılmış, həsr olunmuş.