Markın yazdığı müjdə 4:1—41
4 İsa yenidən dəniz kənarında vəz etməyə başladı. Onun yanına çoxlu adam yığışdı, buna görə də o, qayığa minib sahildən bir az aralandı. Camaat isə sahildə dayanmışdı.+
2 İsa məsəllər+ çəkərək onlara çox şey öyrətməyə başladı. O dedi:+
3 «Qulaq asın. Bir əkinçi toxum səpməyə çıxdı.+
4 Toxum səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.
5 Bəzisi torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+
6 Amma günəş çıxanda soldu və kökü olmadığından qurudu.
7 Bəzi toxumlar tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu və onlar bar vermədi.+
8 Amma bəziləri münbit torpağa düşdü, cücərib boy atdı və bar gətirdi. Onlar otuzqat, altmışqat və yüzqat bar verdilər».+
9 İsa əlavə etdi: «Qulağı olan qoy eşitsin!»+
10 İsa tək qalanda on iki həvarisi və ətrafında olanlar çəkdiyi məsəllərlə bağlı onu sorğu-suala tutdular.+
11 İsa onlara dedi: «Sizə Allahın Padşahlığının müqəddəs sirrini+ başa düşmək ənamı verilib, amma qalanlarına hər şey məsəllərlə söylənilir ki,+
12 baxsalar da bir şey görməsinlər, eşitsələr də, bir şey anlamasınlar, heç vaxt geri dönməsinlər və Allah onları bağışlamasın».+
13 Sonra əlavə etdi: «Bu məsəli başa düşmürsünüzsə, o birilərini necə başa düşəcəksiniz?
14 Əkinçi Allahın sözünü səpir.+
15 Bəzi adamlarda söz, sanki, yol kənarında əkilib. Onlar sözü eşidər-eşitməz Şeytan gəlib+ ürəklərinə səpilmiş toxumu aparır.+
16 Digər adamlarda söz, sanki, daşlıqda əkilib. Onlar sözü eşidən kimi sevinclə qəbul edirlər.+
17 Amma kök atmadığından uzun müddət dura bilmirlər. Allahın sözünə görə çətinlik, təqib başlayan kimi onlar imandan dönürlər.
18 Bəzilərində isə toxum, sanki, tikanlığa düşüb. Onlar sözü eşidir,+
19 lakin bu zəmanənin qayğıları+, var-dövlətin aldadıcı qüvvəsi+ və digər arzular+ ürəklərinə yol tapır, sözü boğur və söz bar gətirmir.
20 Nəhayət, münbit torpaqda əkilənlər Allahın sözünü dinləyən, onu sidqi-ürəkdən qəbul edən adamlardır. Belə adamlar otuzqat, altmışqat və yüzqat bəhrə verirlər».+
21 İsa sözünə davam etdi: «Heç görmüsünüz ki, çırağı səbətin və ya çarpayının altına qoysunlar? Onu çıraqdana qoyurlar, elə deyil?+
22 Bəli, elə bir sirr yoxdur ki, əvvəl-axır üstü açılmasın, elə bir gizli şey yoxdur ki, aşkar olunmasın.+
23 Qulağı olan qoy eşitsin».+
24 Sonra İsa dedi: «Sözlərimə diqqətlə qulaq asın.+ Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər.
25 Kimdə varsa, ona daha çox veriləcək,+ kimdə yoxdursa, əlindəki də alınacaq».+
26 İsa davam etdi: «Allahın Padşahlığı bir adamın torpağa toxum səpməsinə bənzəyir.
27 O, gecə yatır, səhər durur, amma toxum necə cücərir, necə böyüyür, o adamın xəbəri olmur.
28 Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir.
29 Məhsul yetişən kimi adam orağı işə salır, çünki biçin vaxtı yetişib».
30 İsa sözünə davam etdi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə izah edək?
31 Padşahlıq xardal toxumuna bənzəyir. Əkin vaxtı toxumlar arasında ən xırdası odur.+
32 Amma yerə əkiləndən sonra böyüyüb bütün bostan bitkiləri arasında ən yekəsi olur və qol-budaq atır, göy quşları da gəlib onun kölgəsində yuva salırlar».
33 İsa buna bənzər çoxlu məsəl+ çəkir, Allahın sözünü onlara qavraya bildikləri qədər danışırdı.
34 Bəli, İsa danışanda həmişə məsəl çəkirdi, lakin sonra hər şeyi təklikdə şagirdlərinə izah edirdi.+
35 Həmin gün axşam düşəndə İsa onlara dedi: «Gəlin o biri sahilə üzək».+
36 Onlar camaatı yola salandan dərhal sonra İsanı qayıqla apardılar. Orada başqa qayıqlar da var idi.+
37 Birdən güclü fırtına qopdu. Amansız dalğalar qayığa çırpılırdı. Qayıq batmaq üzrə idi.+
38 İsa bu zaman qayığın dal tərəfində başını balışa qoyub yatmışdı. Şagirdlər onu oyadıb dedilər: «Ustad, məgər sənin vecinə deyil ki, biz batırıq?»
39 İsa durub küləyi ram etdi və dənizə əmr etdi: «Dayan! Sakit ol!»+ Külək yatdı, ətrafa dərin sükut çökdü.
40 O, şagirdlərə dedi: «Niyə qorxdunuz? Hələ də imanınız yoxdur?»
41 Onlar bərk qorxmuşdular və bir-birilərinə deyirdilər: «Bu kimdir ki, hətta külək də, dəniz də ona itaət edir?»+