Yaradılış 39:1—23

  • Yusif Fitfirin evində (1—6)

  • Yusif Fitfirin arvadını rədd edir (7—20)

  • Yusif zindanda (21—23)

39  İsmayıllılar+ Yusifi Misirə gətirdilər.+ Orada fironun saray əyanlarından biri, keşikçibaşı misirli Fitfir+ Yusifi onlardan satın aldı.  Lakin Yehovanın nəzəri Yusifin üstündə idi.+ Odur ki, Yusif hər işdə uğur qazandı və misirli ağası ona evinin işlərinə baxmağı tapşırdı.  Ağası görürdü ki, Yehova Yusiflədir və əlini atdığı hər işi Yehova avand edir.  Ağasının günü-gündən Yusifə rəğbəti artırdı. O, Yusifi özünün şəxsi xidmətçisi etmişdi. Evini və nəyi var idisə hər şeyini ona tapşırmışdı.  Evini və hər şeyini Yusifə tapşırdığı gündən Yehova Yusifə görə misirlinin evinə ruzi-bərəkət verirdi. Onun həm evinə, həm tarlasına Yehovanın bərəkət verdiyi görünürdü.+  Axırda o, bütün varidatını Yusifin ixtiyarına verdi. Onun yediyi yeməkdən başqa evində olan heç nədən xəbəri yox idi. Yusif böyüyüb boylu-buxunlu, yaraşıqlı bir gənc olmuşdu.  Fitfirin arvadının Yusifə gözü düşmüşdü. Hər dəfə ona: «Mənimlə yat», — deyirdi.  Amma o razı olmur və ağasının arvadına deyirdi: «Ağam məndən tam arxayındır deyə evindən narahat deyil. Nəyi varsa, hər şeyini mənə həvalə edib.  Bu evdə məndən böyüyü yoxdur. Hər şeyi mənim ixtiyarıma verib, tək səndən başqa, çünki sən onun arvadısan. İndi mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?»+ 10  Qadın isə Yusifdən əl çəkmir, hər gün eyni sözlərlə ona yanaşırdı. Lakin Yusif onunla nə yaxınlıq etməyə, nə də təklikdə qalmağa razı olmurdu. 11  Bir gün Yusif iş görmək üçün evə girdi. Nökərlərdən heç biri evdə yox idi. 12  Onda qadın onun paltarından yapışıb dedi: «Mənimlə yatmalısan!» Amma Yusif onun əlindən çıxıb bayıra qaçdı, paltarı isə qadında qaldı. 13  Qadın görəndə ki, Yusif paltarını onun əlində qoyub qaçdı, 14  hay-haray saldı, nökərləri çağırıb dedi: «Bir buna baxın! Ağanızın evə gətirdiyi bu ibrani el-aləmi bizə güldürmək fikrindədir. O, mənimlə yaxınlıq etmək istəyirdi, ancaq mən var gücümlə qışqırmağa başladım. 15  Elə ki gördü qışqırıram, paltarını qoyub qaçdı». 16  Əri evə gələnə qədər o, Yusifin paltarını özündə saxladı. 17  Əri gələndə ona belə dedi: «Evə gətirdiyin bu ibrani qul məni el içində rüsvay etmək istəyirdi. 18  Amma mən qışqırmağa başlayanda paltarını qoyub qaçdı». 19  Yusifin ağası arvadının «qulun mənə belə-belə etmək istədi» sözlərini eşidəndə hirs başına vurdu. 20  Yusifi tutub zindana atdı. Həmin zindanda padşahın dustaqları yatırdı. Beləcə, Yusif zindana düşdü.+ 21  Ancaq Yehova məhəbbət göstərib Yusifi tək qoymurdu. Onun rizası ilə Yusif zindan rəisinin rəğbətini qazandı.+ 22  Zindan rəisi Yusifi zindandakı dustaqların üstündə qoydu. Orada görülən bütün işlərə o nəzarət edirdi.+ 23  Zindan rəisi Yusifin öhdəsinə verdiyi heç bir işə görə narahat olmurdu, çünki Yehova Yusiflə idi. Əlini hansı işə atırdısa, Yehova onu avand edirdi.+

Haşiyələr