Yəhyanın yazdığı müjdə 17:1—26
17 Bu sözlərdən sonra İsa başını göyə qaldırıb dedi: «Ata, vaxt yetişdi. Oğlunu şərəfləndir ki, oğlun da Səni şərəfləndirsin.+
2 Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin+ ki, o, Sənin ona verdiyin adamların hamısını+ əbədi həyata qovuşdursun.+
3 Əbədi həyat odur+ ki, Səni, tək gerçək Allahı+ və göndərdiyin İsa Məsihi tanısınlar*.+
4 Mənə tapşırdığın işi başa çatdırdım,+ Səni yerdə şərəfləndirdim.+
5 İndi isə Ata, qoy yanında olum, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şərəflə məni şərəfləndir.+
6 Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım.+ Onlar Səninki idilər, Sən onları mənə verdin. Onlar Sənin sözünə əməl edirlər.
7 İndi onlar bilirlər ki, mənə verdiyin hər şeyin sahibi Sənsən,
8 çünki mənə verdiyin sözləri onlara çatdırdım.+ Onlar bu sözləri qəbul etdilər və Sənin elçin olduğumu aydın dərk etdilər,+ inandılar ki, məni Sən göndərmisən.+
9 Onlardan ötrü Səndən xahiş edirəm, dünya üçün yox, mənə verdiyin adamlar üçün Sənə yalvarıram, çünki onlar Sənindirlər.
10 Nəyim varsa, Sənindir, Sənin də nəyin varsa, mənimdir.+ Mən onların arasında şərəfləndim.
11 Mən artıq dünyada olmayacağam, Sənin yanına gəlirəm, onlar isə dünyadadırlar.+ Müqəddəs Atam, mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun+ ki, biz bir olduğumuz kimi, onlar da bir olsunlar.+
12 Mən onlarla olanda mənə verdiyin adının xatirinə gözüm onların üstündə idi.+ Mən onları qorudum, heç biri itmədi.+ Yalnız həlaka gedən adam* itdi.+ Beləcə, Müqəddəs Yazılarda deyilən söz yerinə yetdi.+
13 İndi isə Sənin yanına gəlirəm və hələ dünyada olduğum üçün bu şeyləri deyirəm ki, onların ürəyi duyduğum sevinclə aşıb-daşsın.+
14 Mən onlara Sənin sözünü verdim, lakin dünya onlara nifrət edir, çünki mən dünyaya məxsus olmadığım kimi,+ onlar da dünyaya məxsus deyillər.
15 Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən* qoruyasan.+
16 Onlar da mənim kimi+ dünyaya məxsus deyillər.+
17 Onları həqiqət vasitəsilə müqəddəs et.+ Həqiqət Sənin sözündür.+
18 Sən məni dünyaya göndərdiyin kimi, mən də onları dünyaya göndərdim.+
19 Mən onlar üçün müqəddəsliyimi qoruyuram ki, onlar da həqiqət vasitəsilə müqəddəs olsunlar.
20 Mən yalnız onlar üçün yox, onların sözləri vasitəsilə mənə iman edəcək adamlar üçün də yalvarıram ki,
21 aralarında birlik olsun.+ Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi,+ qoy onlar da bizimlə vəhdətdə olsunlar və beləcə, bütün dünya inansın ki, məni Sən göndərmisən.
22 Biz bir olduğumuz kimi, onlar da bir olsunlar+ deyə, Sən məni şərəfləndirdiyin kimi, mən də onları şərəfləndirdim.
23 Mən onlarla vəhdətdəyəm, Sən də mənimlə vəhdətdəsən. Bu, onun üçündür ki, onlar kamil birliyə yetişsinlər. Beləcə, qoy dünya bilsin ki, məni Sən göndərmisən və məni sevdiyin kimi, onları da sevirsən.
24 Ata, arzu edirəm ki, mənə verdiyin adamlar mənim olduğum yerdə, yanımda olsunlar+ və mənə verdiyin şərəfi görsünlər, çünki Sən məni bəşərin təməli qoyulandan əvvəl sevmisən.+
25 Ey adil Ata, dünya Səni tanımır.+ Mən isə Səni tanıyıram+ və bunlar da bilirlər ki, məni Sən göndərmisən.
26 Mən Sənin adını onlara açdım və yenə açacağam+ ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum».+
Haşiyələr
^ Tanımaq kimi tərcümə olunan yunan feli daimi prosesi bildirir.
^ Hərfən: həlak oğlu.
^ Yəni Şeytandan.