Yəhyaya nazil olmuş vəhy 9:1—21
9 Sonra beşinci mələk kərənayını çaldı.+ Mən göydən yerə düşmüş bir ulduz gördüm. Ona dibsiz quyunun*+ açarı verildi.
2 Ulduz dibsiz quyunu açdı. Quyudan böyük kürədən çıxan tüstüyə bənzər tüstü çıxdı. Həmin tüstüdən günəş və hava qaraldı.+
3 Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı.+ Onlara yerin əqrəblərinin ixtiyarı kimi ixtiyar verildi.
4 Çəyirtkələrə deyilmişdi ki, yer üzündəki heç bir bitkiyə, yaşıllığa və ağaca dəyməsinlər, yalnız alınlarında Allahın möhürü olmayan adamlara zərər vursunlar.+
5 Çəyirtkələrə tapşırılmışdı ki, insanlara beş ay ərzində əzab versinlər, lakin öldürməsinlər. Onların çəkdiyi əzab əqrəb+ sancarkən duyulan ağrıya bənzəyir.
6 O vaxt insanlar ölüm axtaracaq, lakin tapmayacaqlar. Onlar ölüm arzulayacaqlar, lakin ölüm onlardan qaçacaq.
7 Çəyirtkələr görkəmcə döyüşə hazır atlara bənzəyirdilər.+ Onların başında, sanki, qızıl tac vardı, üzləri insan üzünə oxşayırdı.
8 Saçları qadın saçı kimi, dişləri şir dişi kimi idi.+
9 Sinələrində, sanki, dəmir zireh vardı. Qanadlarından çıxan səs atlara qoşulmuş, döyüşə atılan cəng arabalarının səsinə bənzəyirdi.+
10 Bundan əlavə, onların quyruqları ilə neştərləri də əqrəb quyruğuna və neştərinə oxşayırdı. Quyruqlarında insanları beş ay ərzində incitmək ixtiyarı vardı.+
11 Dibsiz quyunun+ mələyi onlara padşahlıq edir. İbranicə onun adı Abaddon*, yunanca isə Apolliondur *.
12 Bir bəla keçdi. İrəlidən iki bəla da gəlir.+
13 Altıncı mələk+ kərənayını çaldı.+ Mən Allahın qarşısındakı qızıl qurbangahın+ buynuzlarından çıxan bir səs eşitdim.
14 O səs kərənay çalan altıncı mələyə dedi: «Böyük Fərat çayında+ əli-qolu bağlanmış dörd mələyi aç burax».
15 İnsanların üçdə birini öldürmək məqsədilə həmin saat, gün, ay və il üçün hazırlanmış dörd mələk buraxıldı.
16 Mən süvari ordunun sayını eşitdim. Süvarilərin sayı iki yüz milyon* idi.
17 Vəhydə gördüyüm atların və atlıların görkəmi belə idi: onların əynində al-qırmızı, göy və sarı rəngli zireh vardı. Atların başı şir başına oxşayırdı,+ ağızlarından alov, tüstü və kükürd püskürürdü.
18 Bu üç bəladan, yəni onların ağzından püskürən alov, tüstü və kükürddən insanların üçdə biri qırıldı.
19 Atların gücü ağızlarında və quyruqlarındadır. Onların quyruqları ilana bənzəyir və başları da var. Atlar insanlara bunlarla zərər vururlar.
20 Bu bəlalarda sağ qalan insanlar öz əməllərinə görə tövbə etmədilər, cinlərə və qızıldan, gümüşdən, misdən, daşdan və ağacdan düzəldilmiş, heç nə görməyən, eşitməyən və ayaq tutub yeriməyən bütlərə sitayiş etməkdən əl çəkmədilər.+
21 Onlar törətdikləri qətllərdən, cindarlıqdan, əxlaqsızlıqdan və oğurluqdan əl çəkib tövbə etmədilər.