Romalılara 4:1—25
4 Elə isə, əcdadımız İbrahim haqqında nə deyək? O nə qazandı?
2 Əgər İbrahim əməllərinə görə saleh sayılsaydı, onun öyünməyə əsası olardı, ancaq Allahın qarşısında yox.
3 Müqəddəs Yazılar nə deyir? «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı».+
4 İşçiyə verilən maaş lütf yox, zəhmət haqqıdır.
5 Ancaq insan əməllərə arxalanmırsa, günahkarı saleh sayana iman gətirirsə, imanına görə saleh sayılır.+
6 Davud da əməllərdən asılı olmayaraq, Allah tərəfindən saleh sayılan adamı xoşbəxt adlandırır:
7 «Xoşbəxtdir o kəs ki, təqsirləri bağışlanıb, günahları əfv edilib.
8 Xoşbəxtdir o kəs ki, Yehova onun günahlarını hesaba almır».+
9 Bəs bu xoşbəxtlik yalnız sünnətlilər üçündür, yoxsa sünnətsizlərə də aiddir?+ Axı biz deyirik ki, «İbrahim imanına görə saleh sayıldı».+
10 O, nə vaxt saleh sayıldı? Sünnət olunandan sonra, yoxsa əvvəl? Sünnət olunandan sonra yox, əvvəl saleh sayıldı.
11 İbrahim hələ sünnət edilməmişdən əvvəl imanı ilə qazandığı salehliyin möhürü kimi* bir nişan aldı.+ Bu nişan sünnətdir. Beləcə, o, sünnətsiz halda iman gətirənlərin atası oldu+ ki, onlar da saleh sayılsınlar.
12 O həmçinin sünnət edilmiş nəslin: həm sünnətə sadiq qalmış, həm də özünün hələ sünnət edilməmişdən əvvəl sahib olduğu imanın yolunda yeriyənlərin atası oldu.+
13 Çünki dünyanın varisi olmaq vədi+ İbrahimə və onun övladlarına qanun vasitəsilə yox, imandan doğan salehlik vasitəsilə vəd edilmişdi.+
14 Əgər qanuna riayət edənlər varis olsaydılar, onda iman mənasını itirər, vəd də ləğv olunardı.
15 Əslində, Qanun insanı Allahın qəzəbinə düçar edir,+ qanun olmayan yerdə cinayət də yoxdur.+
16 Buna görə də vəd imana görə lütf ilə verilmişdi+ ki, İbrahimin bütün övladları üçün:+ həm Qanuna riayət edənlər, həm də hamımızın atası olan İbrahim+ kimi iman gətirənlər üçün dəyişməz olsun.
17 (Axı yazılıb: «Mən səni seçdim ki, çoxlu xalqların atası olasan».)+ Bütün bunlar onun inandığı, ölülərə həyat verən, var olmayanı varmış kimi adlandıran* Allahın qarşısında baş verdi.
18 Vəziyyət ümidsiz görünsə də, o, ümidini üzmədi, iman etdi ki, çoxlu xalqların atası olacaq. O, bu sözlərə inanırdı: «Övladların o qədər olacaq».+
19 İmanı zəifləməsə də, həm öz bədəninin ölü olduğunu (çünki təxminən yüz yaşında idi),+ həm də Saranın bətninin ölü olduğunu hesab edirdi.+
20 Amma Allahdan vəd aldığına görə şəkk-şübhə etmədi, iman etdi. İmanı ona güc verdi və o, Allaha alqış etdi.
21 İbrahim tam əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə qadirdir.+
22 Buna görə də «o, saleh sayıldı».+
23 «Saleh sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb,+
24 bu sözlər həm də saleh sayılacaq bizlərdən ötrü yazılıb, çünki biz Ağamız İsanı dirildən Allaha inanırıq.+
25 O, bizim günahlarımızdan ötrü ölümə təslim edildi+ və Allah onu bizim saleh bilinməyimiz üçün diriltdi.+