Məsəllər 27:1—27

  • Dost məzəmməti xeyir gətirər (5, 6)

  • Oğlum, hikmətli ol (11)

  • Dəmir dəmiri itilər (17)

  • Sürünü yaxşı tanı (23)

  • Var-dövlət həmişəlik deyil (24)

27  Sabahla öyünmə,Çünki sabahın nə doğacağını bilmirsən.+  2  Özün özünü tərifləmə, qoy səni başqası tərifləsin,Qoy başqalarının dili sənə tərif desin, özününkü yox.+  3  Daş da ağırdır, qum da,Amma axmağın yaratdığı dilxorçuluq ikisindən də ağırdır.+  4  Hiddət amansızdır, qəzəb aşıb-daşar,Amma qısqanclığın* qarşısında kim dura bilər?+  5  Açıq məzəmmət gizli məhəbbətdən yaxşıdır.+  6  Dostun vurduğu yara sədaqətindəndir.+ Düşmən isə öpdükcə öpər*.  7  Tox adam şanı balını da rədd edər,Amma ac adama acı da şirin gələr.  8  Yurdundan didərgin düşən adamYuvasından ayrı düşən quşa bənzər.  9  Könlü xoşhal eylər yağ ilə buxur,Bir də ki saf öyüddən doğan şirin dostluq.+ 10  Nə öz dostunu, nə də atanın dostunu atma,Dar günündə qardaşının evinə getmə. Yaxın qonşu uzaqdakı qardaşdan yaxşıdır.+ 11  Oğlum, hikmətli ol, qəlbim sevinsin,+Mənə meydan oxuyana* cavab verə bilim.+ 12  Uzaqgörən bəlanı duyub gizlənər,+Cahil isə qabağa gedib ziyan tapar. 13  Özgədən ötrü zamin duranın libasını al,Yadelli qadından ötrü zamin durarsa, ondan girov al.+ 14  Kim uca səslə səhər sübhdən başqasına alqış oxuyarsa,Onun alqışı qarğış sayılar. 15  Davakar* arvad yağışlı gündə daman dama bənzər.+ 16  Onu cilovlamaq küləyi tutmağa,Sağ ovucda yağı saxlamağa bənzər. 17  Dəmir dəmiri itilər,İnsan da insanı.+ 18  Əncir ağacına qulluq edən bəhrəsini yeyər,+Ağasına yaxşı baxan hörmət qazanar.+ 19  Camalın əksi suya düşər,Bir adamın ürəyi də o birinin ürəyini əks etdirər. 20  Məzar* və qara torpaq* heç vaxt doymadığı kimi,+İnsanın gözləri də heç vaxt doymaz. 21  Gümüş üçün kürə var, qızıl üçün soba,+İnsan isə təriflə yoxlanar. 22  Həvəngdəstədə buğda döyən kimiAxmağı döysən də,Axmaqlığı canından çıxmaz. 23  Sürünü yaxşı tanı,Qoyunlarına yaxşı bax.+ 24  Çünki var-dövlət həmişəlik deyil,+Tac da əbədilik nəsildən-nəslə keçməz. 25  Yaşıl ot yox olar, yerinə təzəsi bitər,Dağların otunu yığarlar. 26  Qoçların səni geyindirər,Təkələrdən tarla pulu çıxar. 27  Keçilərin o qədər süd verər ki,Özün də, külfətin də, qarabaşların da doyar.

Haşiyələr

Yaxud paxıllığın.
Digər variant: Düşmənin isə öpüşləri sünidir.
Yaxud: məni təhqir edənə.
Yaxud zəhlətökən.
İbr. şeol. Lüğətə bax.
Hərfən: həlak yeri.