Lavililər 26:1—46
26 Özünüz üçün puç allahlar düzəltməyin,+ oyma bütlər,+ dik daşlar* qoymayın, ölkənizdə təsvirli daşlar+ qoyub önündə səcdə qılmayın.+ Mən sizin Allahınız Yehovayam.
2 Şənbə günlərimə riayət edin, müqəddəs məkanıma ehtiramla yanaşın. Mən Yehovayam.
3 Əgər qanunlarımla oturub-dursanız, əmrlərimə riayət edib onlara uyğun yaşasanız,+
4 sizin üçün mövsümündə yağışlar yağdıracağam,+ torpağınız məhsul verəcək,+ ağaclarınız bar gətirəcək.
5 Üzüm yığımına kimi dən üyüdəcək, səpin mövsümünəcən üzüm yığacaqsınız. Doyunca çörək yeyəcək, ölkənizdə firavan yaşayacaqsınız.+
6 Ölkənizə əmin-amanlıq verəcəyəm,+ gecəni rahat yatacaqsınız, sizi qorxudan olmayacaq.+ Torpağınızdan yırtıcı heyvanları qovacağam, müharibə nədir bilməyəcəksiniz.
7 Düşmənlərinizi qovub qılınca yem edəcəksiniz.
8 Beşiniz yüz nəfərin, yüzünüz on min nəfərin dalınca düşüb onları qılıncdan keçirəcəksiniz.+
9 Sizə lütf göstərəcəyəm, oğul-uşaq sahibi edib çoxaldacağam.+ Sizinlə bağladığım əhdə sadiq qalacağam.+
10 Ötən ilin məhsulunu yeyib qurtarmağa macal tapmamış anbarları boşaltmalı olacaqsınız ki, yeni məhsulu yığmağa yer olsun.
11 Çadırımı sizin aranızda quracağam,+ sizdən üz döndərməyəcəyəm.
12 Mən sizinlə olacağam. Mən sizin Allahınız,+ siz isə Mənim xalqım olacaqsınız.+
13 Mən sizin Allahınız Yehovayam. Sizi Misirdən çıxartdım ki, daha onların köləsi olmayasınız. Boyunduruğunuzu qırdım ki, dikəlib başı uca gəzəsiniz.
14 Ancaq Mənə qulaq asmasanız, əmrlərimə riayət edib onlara uyğun yaşamasanız,+
15 qanunlarımla oturub-durmasanız,+ hökmlərimə xor baxıb əmrlərimdən çıxsanız, sizinlə bağladığım əhdə xəyanət etsəniz,+
16 onda görün sizə neyləyəcəyəm, sizi necə cəzalandıracağam: canınıza vəlvələ salacaq, sizi vərəmə, qızdırmaya mübtəla edəcək, gözlərinizin nurunu alacaq, həyatınızı alt-üst edəcəyəm. Hədər yerə toxum səpəcəksiniz, ona görə ki, torpağın məhsulu düşmənlərinizə qismət olacaq.+
17 Sizə qarşı qalxacağam, düşmənlərinizə məğlub olacaqsınız.+ Yağıların ayaqları altında qalacaqsınız,+ qovan yoxkən, qaçacaqsınız.+
18 Bu da sizə kar eləməsə, yenə də Mənə qulaq asmasanız, günahlarınıza görə sizi yeddiqat artıq cəzalandıracağam.
19 Sınmaz qürurunuzu çilik-çilik edəcəyəm, səmanızı dəmirə,+ torpağınızı misə döndərəcəyəm.
20 Əlləşib-vuruşub taqətdən düşəcəksiniz, amma boş yerə, çünki torpağınız qısır olacaq,+ ağaclarınız bar gətirməyəcək.
21 Asiliyinizdən əl çəkməyib sözümə qulaq asmasanız, günahlarınıza görə cəzanı yeddi dəfə də artıracağam.
22 Vəhşi heyvanları canınıza salacağam,+ onlar sizi uşaqsız qoyacaq,+ heyvanlarınızın axırına çıxacaq, sayınızı azaldacaqlar, yollarınız boş, kimsəsiz qalacaq.+
23 Ancaq bunlar da sizə dərs olmasa,+ yenə də asililiyinizdə inad etsəniz,
24 onda Mən də sizin ziddinizə gedəcəyəm, günahlarınıza görə sizə yeddiqat cəza verəcəyəm.
25 Əhdi pozduğunuza görə üstünüzə qılınc çəkib sizdən intiqam alacağam.+ Qaçıb şəhərlərinizdə gizlənsəniz, içinizə azar salacağam.+ Beləcə, düşmənlərinizin əlinə keçəcəksiniz.+
26 Sizin çörək ehtiyatınızı məhv edəcəyəm.+ O zaman on qadın bir təndirdə çörək bişirəcək, çörəyi çəki ilə bölüşdürəcək.+ Qarındolusu çörək yeməyə həsrət qalacaqsınız.+
27 Bütün bunlara baxmayaraq, yenə də Mənə qulaq asmasanız və asiliyinizdə inad etsəniz,
28 onda Mən daha da şiddətlə ziddinizə gedəcəyəm,+ günahlarınıza görə sizə yeddiqat cəza verəcəyəm.
29 Məcbur qalıb oğullarınızı, qızlarınızı yeyəcəksiniz.+
30 Səcdəgahlarınızı* yerlə yeksan edəcəyəm,+ buxurdanlarınızı qıracağam, meyitinizi iyrənc bütlərinizin* meyitinin üstünə sərəcəyəm.+ İyrəndiyimdən sizin heç tərəfinizə də baxmayacağam.+
31 Şəhərlərinizi qılınc ağzına verəcəyəm,+ müqəddəs yerlərinizi viran qoyacağam, qurbanlarınızın ətrini qoxlamayacağam.
32 Ölkəni xarabazara çevirəcəyəm,+ gəlib orada məskunlaşan düşmənləriniz belə, bunu görəndə mat qalacaq.+
33 Sizi pərən-pərən edib xalqların arasına səpələyəcəyəm,+ qılıncımı siyirib izinizə düşəcəyəm.+ Ölkəniz boş qalacaq,+ şəhərlərinizdə daş-daş üstə qalmayacaq.
34 Siz düşmən torpağında ikən torpaq dincəlmədiyi şənbələrin əvəzini çıxacaq. Bütün bu viranəlik vaxtı torpaq doyunca dincələcək.+
35 Orada yaşadığınız vaxt şənbə illərində görmədiyi dincliyi torpaq viranəlik dövründə görəcək.
36 Sağ qalanlara gəlincə isə,+ onları düşmən ölkəsində səksəkə içində yaşadacağam. Yel əsib yarpaq xışıldayanda belə, qaçmağa üz qoyacaqlar. Təqib edən olmaya-olmaya, qılıncdan qaçırmış kimi qaçacaqlar.+
37 Qılıncdan qaçan adamlar kimi, bir-birilərinin ayaqları altında qalacaqlar, halbuki onların dalınca düşən olmayacaq. Düşmənlərinizə qarşı baş qaldıra bilməyəcəksiniz.+
38 Yad xalqların arasında məhv olub gedəcəksiniz.+ Düşmən torpağı sizin axırınıza çıxacaq.
39 Sağ qalanlarınız günahlarınıza görə düşmən torpağında çürüyəcək.+ Bəli, atalarının günahına görə çürüyüb gedəcək.+
40 Onda özlərinin günahlarını, atalarının günahını və xəyanətkarlığını etiraf edəcəklər.+ Boyunlarına alacaqlar ki, Mənə asi çıxıb xəyanətkarlıq etmişlər,+
41 Mən də onların ziddinə getmişəm,+ onları düşmən torpağına sürgün etmişəm.+
Bəlkə, onda sünnətsiz* ürəkləri yumşalar+ və günahlarını yuyarlar.
42 O zaman Mən Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdi xatırlayacaq,+ torpağı yada salacağam.
43 Onlarsız qaldığı vaxt ərzində torpaq kimsəsiz, boş olacaq, dincəlmədiyi şənbələrin əvəzini çıxacaq.+ Onlar isə günahlarının əvəzini ödəyəcəklər, çünki hökmlərimi saya salmayıb əmrlərimə xor baxmışdılar.+
44 Lakin bütün bunlara baxmayaraq, düşmən ölkəsində olduqları müddətdə belə, Mən onları tamamilə rədd etməyəcəyəm,+ nifrətim o dərəcəyə çatmayacaq ki, onların kökünü kəsim. Belə etsəm, onlarla bağladığım əhdə xəyanət etmiş olaram.+ Çünki Mən onların Allahı Yehovayam.
45 Onların xatirinə əcdadları ilə bağladığım əhdi xatırlayacağam.+ Mən Allahları olmaq üçün onları başqa xalqların gözü önündə Misirdən çıxarmışdım.+ Mən Yehovayam”».
46 Yehovanın Sina dağında Özü ilə İsrail xalqı arasında Musa vasitəsilə təsis etdiyi qaydalar, qanun və hökmlər bunlar idi.+
Haşiyələr
^ Bu daşlar bütpərəstlikdə sitayiş məqsədilə istifadə olunurdu.
^ Hərfən: yüksəkliklərinizi.
^ İbrani mətnində işlənən ifadə «nəcis» sözü ilə eyni kökdəndir və ikrah ifadə edir.
^ Yaxud inadkar.