İkinci işmuil 18:1—33
18 Davud yanındakı adamları saydı və onların üzərinə yüzbaşılar, minbaşılar qoydu.+
2 Onların üçdə birini Yuaba+, üçdə birini Yuabın qardaşı Sərya+ oğlu Abşaya+, o biri üçdə birini isə catlı İttaya+ tapşırdı. Padşah dedi: «Mən də sizinlə döyüşə gedəcəyəm».
3 Camaat isə dedi: «Yox, sən getmə.+ Döyüşçülər qaçsa, hətta qoşunun yarısı ölsə belə, onların vecinə olmayacaq. Çünki sən bizim on minimizə bərabərsən.+ Ona görə də yaxşı olar ki, sən şəhərdən bizə kömək göndərəsən».
4 Padşah onlara dedi: «Necə məsləhət bilirsiniz, elə də edərəm». Padşah şəhər darvazasının yanında durdu. Qoşun yüz-yüz, min-min şəhərdən çıxdı.
5 Padşah Yuaba, Abşaya və İttaya tapşırdı: «Mənim xətrimə o cavanla, Absalamla kobud davranmayın».+ Padşahın Absalamla əlaqədar başçılara verdiyi göstərişi hamı eşitdi.
6 Qoşun israillilərlə döyüşmək üçün irəlilədi. Döyüş Əfraim meşəsində baş tutdu.+
7 İsraillilər+ Davudun adamları qarşısında basıldılar.+ Həmin gün çoxlu adam — 20 000 nəfər qırıldı.
8 Döyüş bütün bölgəni bürüdü. Üstəlik, həmin gün meşədə ölənlərin sayı qılıncdan ölənlərin sayından çox oldu.
9 Nəhayət, Absalam Davudun döyüşçüləri ilə üz-üzə gəldi. Absalam qatırın üstündə gedirdi. Qatır böyük bir ağacın altından keçəndə onun saçı ağacın sıx budaqlarına dolaşdı. Qatır getdi, o isə havada asılı qaldı.
10 Bir nəfər onu görüb Yuaba+ xəbər verdi: «Absalamı gördüm, ağacdan asılıb qalmışdı».
11 Yuab ona dedi: «Görmüsən, bəs niyə elə oradaca vurub yerə sərməmisən? Belə etsəydin, sənə on gümüş, üstündə də bir qurşaq peşkəş edərdim».
12 O adam isə Yuaba dedi: «Mənə min gümüş də versəydilər, yenə hökmdarın oğluna əl qaldırmazdım. Padşahın sənə, Abşaya və İttaya: “Hamınıza deyirəm, o cavandan, Absalamdan muğayat olun”, — tapşırdığını öz qulağımızla eşitdik.+
13 Əgər padşahın əmrindən çıxıb onu öldürsəydim, bu, padşahdan gizli qalmazdı, heç sən də mənə qahmar çıxmazdın».
14 Onda Yuab ona dedi: «Səninlə söz güləşdirməyə vaxtım yoxdur!» O, üç mizraq* götürdü və ağacın budaqları arasında asılı qalan və hələ sağ olan Absalamın köksünə sapladı.
15 Yuabın on silahdarı gəldi və Absalamı vurub öldürdü.+
16 Yuab şeypur çalıb təqibi dayandırdı. Döyüşçülər İsraili təqib etməkdən əl çəkib geri qayıtdılar.
17 Onlar Absalamın cəsədini meşədə böyük bir çuxura atdılar və üstünə böyük bir daş qalağı yığdılar.+ Bütün israillilər dağılışıb evlərinə qaçdılar.
18 Absalam sağlığında Padşah dərəsində+ özü üçün sütun ucaltmışdı. O, öz-özünə deyirdi: «Oğlum yoxdur ki, adımı yaşatsın».+ Ona görə də sütuna öz adını qoymuşdu. Sütun bu günədək Absalam abidəsi adlanır.
19 Sadığın oğlu Əximas+ dedi: «Xahiş edirəm, icazə ver, gedim padşaha xəbər çatdırım. Yehova onu düşmənlərindən qurtarıb, onun üçün haqq-ədaləti bərqərar edib».+
20 Lakin Yuab ona dedi: «Sən bu gün xəbər aparma. Başqa gün apararsan, bu gün yox. Bu gün padşahın oğlu ölüb».+
21 Yuab kuşlu+ bir adama dedi: «Get, nə görmüsən padşaha danış». Kuşlu Yuaba təzim edib qaçdı.
22 Sadığın oğlu Əximas bir də Yuabdan xahiş etdi: «Nə olur-olsun, qoy mən də kuşlunun dalınca qaçım». Yuab ona dedi: «Qaçıb nə deyəcəksən, oğlum? Axı sənin üçün aparmağa xəbər yoxdur».
23 O israr etdi: «Nə olur-olsun, qoy qaçım». Onda Yuab dedi: «Qaç!» Əximas İordan bölgəsi yolu ilə qaçıb kuşlunu ötdü.
24 Davud şəhərin iki darvazası arasında oturmuşdu.+ Gözətçi+ divardakı darvazanın damına çıxıb baxdı, bir nəfərin qaçdığını gördü.
25 Gözətçi qışqırıb bunu padşaha bildirdi. Padşah dedi: «Əgər o, təkdirsə, deməli, xəbər gətirir». O adam getdikcə yaxınlaşırdı.
26 Gözətçi başqa bir adamın da qaça-qaça gəldiyini gördü. Gözətçi darvaza keşikçisini haylayıb dedi: «Bir nəfər də qaça-qaça gəlir!» Padşah dedi: «O da xəbər gətirir».
27 Gözətçi dedi: «Birinci adam qaçmağından Sadıq oğlu Əximasa bənzəyir».+ Padşah dedi: «O, yaxşı adamdır, yaxşı xəbərlə gəlir».
28 Əximas padşahı səsləyib dedi: «Hər şey yaxşıdır!» Bunu deyib yerədək padşaha təzim etdi. Sonra əlavə etdi: «Ey hökmdarım, qiyamçıları sənə təslim edən Allahın Yehovaya alqış olsun!»+
29 Padşah soruşdu: «Absalam sağ-salamatdır?» Əximas dedi: «Ey hökmdar, Yuab sənin qulunu və məni göndərəndə gördüm ki, orada nəsə qarışıqlıq var, amma bilmədim nə olub».+
30 Padşah dedi: «Keç, burada dur». Əximas keçib o tərəfdə durdu.
31 Kuşlu gəlib çatdı+ və dedi: «Ey hökmdarım padşah, sənə xəbərim var. Bu gün Yehova səni qiyamçıların əlindən qurtararaq haqq-ədaləti bərqərar etdi».+
32 Padşah kuşludan soruşdu: «Absalam sağ-salamatdır?» Kuşlu dedi: «Qoy hökmdarımın bütün düşmənləri, ona qiyam qaldırıb xətər yetirmək istəyənlərin hamısı o cavanın gününə düşsün!»+
33 Bu xəbər padşahı sarsıtdı. O, ağlaya-ağlaya darvazanın üstündəki otağa qalxdı. Gedə-gedə deyirdi: «Oğlum, oğlum Absalam, oğlum Absalam! Kaş sənin yerinə mən öləydim, Absalam, oğlum, oğlum!»+
Haşiyələr
^ Digər variant: ox, nizə. Hərfən: çubuq.