İkinci işmuil 17:1—29
17 Əxtufil Absalama dedi: «İzin ver, 12 000 adam ayırıb bu gecə Davudu təqib edim.
2 O, yorğun, taqətsiz olan vaxt+ mən üstünə gəlib onu vahiməyə salaram. Yanındakı adamlar qaçar, mən təkcə padşahı öldürərəm.+
3 Sonra bütün xalqı qaytarıb sənin yanına gətirərəm. Hamının qayıtması üçün axtardığın adamı aradan götürmək lazımdır. Onda bütün xalq sülhə qovuşar».
4 Bu təklif Absalamın və bütün İsrail ağsaqqallarının xoşuna gəldi.
5 Amma Absalam dedi: «Gəlin arklı Xuşayı+ da çağıraq, onun da fikrini öyrənək».
6 Xuşay Absalamın yanına gəldi. Absalam ona dedi: «Əxtufil belə məsləhət verib. Onun məsləhətinə qulaq asaq? Əgər münasib bilmirsənsə, onda sən təklifini elə».
7 Xuşay Absalama dedi: «Yox, bu dəfə Əxtufilin məsləhəti yaxşı deyil!»+
8 Xuşay sözünə davam elədi: «Sən öz atanı, onun adamlarını yaxşı tanıyırsan, bilirsən ki, onlar igid adamlardır.+ İndi onlar balasını itirmiş ayı kimi qəzəblidirlər.+ Üstəlik, atan cəngavərdir.+ O, gecəni camaatla birgə keçirməyəcək.
9 İndi o, hansısa bir mağarada, ya da başqa bir yerdə gizlənir.+ Əgər birinci o həmlə etsə, eşidən deyəcək ki, “Absalamın adamları məğlub oldu!”
10 Hətta şir ürəkli+ cəsurların belə, ürəyi qorxudan əriyəcək. Çünki atanın igidliyi, yanındakı adamların da şücaəti bütün İsrailə bəllidir.+
11 Mənim məsləhətim budur: qoy Dandan Biir-Səbaya kimi bütün İsraildən dəniz qumu qədər+ adam yanına toplaşsın.+ Sən də onların başında döyüşə get.
12 Onu harada tapsaq, üstünə hücum edərik. Yerə düşən şeh kimi üstlərinə şığıyıb özünü də, yanındakıları da məhv edərik, bir nəfəri də sağ qoymarıq.
13 Əgər o, şəhərə çəkilsə, bütün israillilərlə gedib şəhərdə daşı daş üstdə qoymarıq, kəndirlə şəhəri çəkib çaya tökərik. Şəhərdə bir çınqıl da saxlamarıq».
14 Absalam və israillilər dedilər: «Arklı Xuşayın məsləhəti Əxtufilinkindən yaxşıdır!»+ Yehova Absalamın başına fəlakət gətirməyi qərara almışdı.+ Odur ki, Yehova Əxtufilin ağıllı məsləhətini heçə çıxartdı.+
15 Xuşay kahinlərə, Sadıqla Əbyatara dedi:+ «Əxtufil Absalama və İsrail ağsaqqallarına filan-filan məsləhəti verdi. Mən də belə-belə dedim.
16 İndi tez Davuda xəbər göndərin: “Bu gecə çöllükdəki keçidlərdə* qalma. O tərəfə keç, ey padşah, yoxsa sən də, yanındakılar da məhv olacaqsınız”».+
17 Yonatanla+ Əximas+ Eyn-Rogeldə+ qalırdılar, çünki şəhərdə görünə bilməzdilər. Bir qarabaş gedib hal-qəziyyəni onlara danışdı. Onlar xəbəri Davud padşaha çatdırmaq üçün yola düşdülər.
18 Lakin bir cavan onları görüb Absalama çuğulluq etdi. Yonatanla Əximas cəld bahurimli+ bir kişinin evinə girdilər. Onun həyətində quyu var idi. Onlar quyuda gizləndilər.
19 Kişinin arvadı quyunun ağzına örtük sərib üstünə yarma tökdü. Heç kim bundan xəbər tutmadı.
20 Absalamın nökərləri o evə gəlib qadından soruşdu: «Əximasla Yonatan haradadır?» Qadın dedi: «Onlar buradan keçib çay tərəfə getdilər».+ O adamlar onları axtardılar, amma tapmayıb Yerusəlimə qayıtdılar.
21 Adamlar gedəndən sonra Əximasla Yonatan quyudan çıxdılar və gedib Davud padşaha söylədilər: «Tez qalx, çayı keç. Əxtufil sənin əleyhinə belə-belə məsləhət verib».+
22 Davud və yanındakı adamlar dərhal durub İordanı keçdilər. Səhər dan yeri söküləndə artıq İordanın bu tayında adam qalmamışdı.
23 Əxtufil görəndə ki, onun məsləhəti keçmədi, ulağını palanlayıb öz şəhərinə, evinə getdi.+ Evindəkilərə vəsiyyət edəndən+ sonra özünü asdı.+ Onu ata-babalarının qəbrində dəfn etdilər.
24 Davud isə Mahanayimə+ getdi. Absalam israillilərlə İordanı keçdi.
25 Absalam Amassanı+ Yuabın yerinə ordu başçısı qoymuşdu.+ Amassa israilli İtra adlı bir kişinin oğlu idi. İtra Nahaşın qızı, Yuabın anası Səryanın bacısı Abiqayillə+ yaxınlıq etmişdi.
26 Absalam və israillilər Giladda+ ordugah qurdular.
27 Davud Mahanayimə çatan kimi əmunilərin Rabbah+ şəhərindən Nahaş oğlu Şobi, Lə-Dibərdən Əmail oğlu Mahir+ və Rəclimdən giladlı Bərzillay+
28 yorğan-döşək, teşt-ləyən, gil qab-qacaq, buğda, arpa, un, qovurğa, paxla, mərci, quru dən,
29 bal, yağ, qoyun, pendir gətirib gəldilər. Onlar bütün bunları Davudla adamları üçün gətirmişdilər.+ Düşünürdülər ki, camaat çöllükdə ac-susuz, yorğundur.+
Haşiyələr
^ Digər variant: düzənliklərdə.