Timutiyə birinci məktub 6:1—21

  • Qullar ağalarına hörmət etsinlər (1, 2)

  • Saxta müəllimlər və pulpərəstlik (3—10)

  • Allah bəndəsi üçün göstərişlər (11—16)

  • Xeyirli işlərdə zəngin olun (17—19)

  • Əmanəti qoru (20, 21)

6  Qoy köləlik boyunduruğu altında olanlar sahiblərinə böyük hörmətlə+ yanaşsınlar ki, Allahın adı və təlimi bədnam edilməsin.+ 2  Ağaları imanda olan qullar isə qardaşdır deyə, onlara hörmətsiz yanaşmasınlar. Əksinə, qoy onlar daha da canla-başla xidmət etsinlər, axı onların yaxşı xidmətindən yararlananlar elə öz əziz iman qardaşlarıdır. Bundan sonra da dediyim bu şeyləri öyrət və nəsihət elə. 3  Əgər kimsə başqa bir təlimi yayırsa və Ağamız İsa Məsihdən gələn sağlam nəsihətə+ və möminliklə uzlaşan təlimlə razılaşmırsa,+ 4  deməli, o qürrələnib, heç nəyi dərk etmir,+ mübahisə və söz davası xəstəliyinə tutulub.+ Bütün bunların axırı paxıllıq, münaqişə, böhtan, bədgümanlıqdır. 5  Bunlar əqlən pozğun+ və həqiqətdən məhrum adamların boş şey üstündə axırı olmayan mübahisələrinə gətirib çıxarır. Onlar möminliyi qazanc mənbəyi hesab edirlər.+ 6  Düzdür, möminlik böyük qazanc mənbəyidir,+ bir şərtlə ki, insan nəyi varsa, ona qane olsun. 7  Axı biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq.+ 8  Buna görə də yeməyimiz, paltarımız* varsa, bunlara qane olacağıq.+ 9  Ancaq varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər,+ insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar.+ 10  Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək iman yolundan çıxmış, özlərinə çoxlu əzab çəkdirmişlər*.+ 11  Sən isə, ey Allah bəndəsi, belə şeylərdən qaç. Salehliyə, möminliyə, imana, məhəbbətə, mətinliyə və mülayimliyə can at.+ 12  İman uğrunda gedən şanlı mübarizədə şücaətlə döyüş və əbədi həyatdan bərk yapış. Sən bu həyata dəvət almısan və ona inandığını gözəl bir şəkildə çoxlarının qarşısında bəyan etmisən. 13  Ponti Pilatın+ qarşısında gözəl şəhadət vermiş Məsih İsanın və hər şeyə həyat verən Allahın önündə sənə əmr edirəm: 14  Ağamız İsa Məsihin zühurunadək+ sənə verdiyim əmrlərə mükəmməl və qüsursuz şəkildə riayət et. 15  Xoşbəxt və yeganə hakimiyyət sahibi təyin olunmuş vaxtda zühur edəcək. O, padşahlar Padşahı və ağalar Ağasıdır,+ 16  ölməzliyə yeganə malik olan,+ əlçatmaz nurda yaşayan,+ insanlardan heç kəsin görmədiyi və görə bilmədiyi kəsdir.+ Qoy izzət və əzəmət əbədiyyən onun olsun! Amin. 17  Bu dövrdə* varlı olanlara əmr et ki, təkəbbürlü olmasınlar və ümidlərini gəldi-gedər var-dövlətə yox,+ həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar.+ 18  Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli olsunlar, əl tutmağa hazır olsunlar,+ 19  əsl həyatdan bərk-bərk yapışmaqdan ötrü özləri üçün salamat qalacaq xəzinə yığsınlar,+ yəni gələcək üçün möhkəm təməl qoysunlar.+ 20  Ey Timuti, sənə verilmiş əmanəti qoru,+ müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən və saxta bilikdən doğan ziddiyyətli fikirlərdən uzaq dur.+ 21  Bəziləri belə biliyi nümayiş etdirərək imandan döndülər. Qoy Allahın lütfü sizə yar olsun.

Haşiyələr

Yaxud qalmağa yerimiz. Hərfən: örtüyümuz.
Yaxud özlərini başdan-ayağa yaralamışlar.