Salonikililərə birinci məktub 4:1—18
4 Qardaşlar, biz sizə Allahı razı salmaq+ üçün necə yaşamalı olduğunuz barədə göstəriş vermişdik və siz belə də yaşayırsınız. İndi isə Ağamız İsanın adı ilə sizdən xahiş edir və sizə tövsiyə edirik ki, bu məsələdə təkmilləşməyə davam edəsiniz.
2 Ağamız İsanın adı ilə sizə verdiyimiz əmrləri də ki yaxşı bilirsiniz.
3 Allah istəyir ki, siz müqəddəs olasınız+ və əxlaqsızlıqdan* uzaq durasınız.+
4 Qoy hər kəs öz bədənini+ paklıqla+ və şərəflə idarə etməyi bacarsın,
5 Allahı tanımayan xalqlara xas olan+ acgöz şəhvətin+ əsiri olmasın.
6 Heç kəs əxlaqi təmizlik məsələsində çərçivədən kənara çıxmasın, qardaşının haqqını tapdalamasın. Çünki Yehova belə şeyləri cəzasız qoymur. Bu haqda əvvəllər də sizinlə danışmışdıq və sizə ciddi xəbərdarlıq vermişdik.
7 Axı Allah bizi natəmizliyə göz yummağa deyil, pak olmağa çağırıb.+
8 Buna görə də bu məsələyə saymazyana yanaşan adam, əslində, insana yox, sizə Öz müqəddəs ruhunu verən+ Allaha hörmətsizlik edir.+
9 Qardaşlıq məhəbbətinə+ gəlincə bu haqda sizə nə isə yazmağa lüzum yoxdur, çünki bir-birinizi sevməyi+ sizə Allah öyrədir.
10 Doğrudan da, Makedoniyadakı bütün qardaşlara məhəbbət göstərirsiniz. Bununla belə, qardaşlar, sizə tövsiyə edirik ki, bu sahədə daha da inkişaf edəsiniz.
11 Sizə tapşırdığımız kimi, başınızı aşağı salıb dinc yaşayın,+ başqasının işinə qarışmayın,+ əlinizin zəhməti ilə dolanın.+
12 Bu yolla kənar adamların qarşısında ləyaqətli həyat sürəcək+ və heç nəyə möhtac olmayacaqsınız.
13 Qardaşlar, ümidi olmayan digər insanlar kimi kədərlənməyəsiniz deyə, ölüm yuxusuna gedənlər+ barədə sizi bixəbər qoymaq istəmirik.+
14 Əgər biz İsanın öldüyünə və sonra dirildiyinə inanırıqsa,+ onda buna da inanırıq ki, İsanın sadiq davamçısı kimi ölüm yuxusuna gedənləri Allah dirildib ona qovuşduracaq.+
15 Yehovanın sözünə əsaslanaraq deyirik: Ağanın hüzuru* zamanı bizlərdən sağ olanlar ölüm yuxusuna gedənləri heç bir vəchlə qabaqlamayacaq.
16 Çünki Ağa amiranə bir çağırışla, baş mələk+ səsi ilə, Allahın kərənayı ilə göydən enəcək və ilk növbədə Məsihlə vəhdətdə olaraq ölənlər diriləcəklər.+
17 Sonra sağ qalıb yaşayan bizlər onlarla birlikdə olmaq və havada Ağa ilə görüşmək+ üçün buludda aparılacağıq+ və həmişə Ağa ilə birlikdə olacağıq.+
18 Beləliklə, bu sözlərlə daima bir-birinizə təsəlli verin.
Haşiyələr
^ Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.