Birinci Salnamələr 14:1—17

  • Davudun taxt-tacı möhkəmlənir (1, 2)

  • Davudun ailəsi (3—7)

  • Filiştlilər məğlub olur (8—17)

14  Sur padşahı Hiram+ Davuda qasidlər, həmçinin sidr ağacları, bənnalar, dülgərlər göndərdi ki, Davuda saray tiksinlər.+  Davud başa düşdü ki, Yehova onun taxt-tacını İsraildə möhkəmləndirib,+ xalqı İsrail naminə yüksəldib.+  Davud Yerusəlimdə də arvadlar aldı,+ onun başqa oğulları və qızları oldu.+  Onun Yerusəlimdə doğulan uşaqları bunlardır:+ Şamu, Şobab, Natan+, Süleyman+,  İbhar, Əlişu, İlfəlit,  Nuğa, Nafiq, Yafya,  Əlşama, Bəlyad, Əlfəlit.  Filiştlilər eşitdilər ki, Davud İsraildə padşah olub.+ Bütün filiştlilər onu axtarmağa çıxdılar.+ Davud bunu eşidəndə onlara hücum etdi.  Filiştlilər Rəfayim dərəsinə basqın etməyə başladılar.+ 10  Davud Allahdan soruşdu: «Filiştlilərin üstünə gedim? Onları mənə təslim edəcəksən?» Yehova Davuda cavab verdi: «Get, Mən onları mütləq sənə təslim edəcəyəm».+ 11  Davud Baal-Farisimə+ gəlib onları qırdı. O dedi: «Allah mənim əlimlə düşmən səflərini sel kimi yarıb keçdi». Buna görə də həmin yeri Baal-Farisim* adlandırdılar. 12  Filiştlilər bütlərini orada atıb qaçmışdılar; Davudun əmri ilə onları yandırdılar.+ 13  Filiştlilər yenidən dərəyə basqın etdilər.+ 14  Davud yenə Allaha müraciət etdi. Allah dedi: «Üstlərinə qarşıdan getmə, arxalarından dolanıb baka kollarının qabağında hücuma keç.+ 15  Baka kollarının baş tərəfində ayaq səsləri eşidəndə hücuma keç, bil ki, Allah Filişt ordusunu qırmaq üçün önündə gedir».+ 16  Davud Allahın buyurduğu kimi etdi,+ Gibyondan Cəzərə+ qədər Filişt ordusunu qırdı. 17  Davudun şöhrəti bütün ölkələrə yayıldı. Yehova elə etdi ki, bütün xalqları Davudun vəhmi basdı.+

Haşiyələr

Mənası: yarıqların ağası.