Birinci Padşahlar 16:1—34
16 Hənani+ oğlu Yəhuya+ Başa padşahın əleyhinə Yehovadan bu söz nazil oldu:
2 «Mən səni torpaqdan qaldırıb xalqım İsrailin hökmdarı etdim.+ Amma sən Ərubamın yolu ilə getdin, xalqım İsraili günaha sürüklədin. Onlar da öz günahları ilə Məni qəzəbləndirdilər.+
3 Buna görə Mən Başanı və onun nəslini məhv edəcəyəm, onun evini Nəbat oğlu Ərubamın evinin gününə salacağam.+
4 Başa evindən şəhərdə ölənləri itlər, çöldə ölənləri göyün quşları yeyəcək».
5 Başanın qalan işləri, onun etdikləri və qüdrəti barədə İsrail padşahlarının tarixi kitabında yazılmışdır.
6 Başa ata-babalarına qovuşdu və onu Tirzədə+ dəfn etdilər. Oğlu İlah onun yerinə taxta çıxdı.
7 Hənani oğlu Yəhu peyğəmbər vasitəsilə Başa və onun evi əleyhinə Yehovanın sözü nazil oldu. Ona görə ki, Başa Ərubam evi kimi, Yehovanın bəyənmədiyi pis işlər görüb öz əməlləri ilə Onu qəzəbləndirmişdi. Üstəlik, o, Nadabı öldürmüşdü.+
8 Yəhuda padşahı Asanın hakimiyyətinin iyirmi altıncı ilində Başa oğlu İlah Tirzədə İsrailin padşahı oldu və iki il hakimiyyət sürdü.
9 Onun əyanı, cəng arabalarının yarısının başçısı Zümri ona sui-qəsd hazırladı. Həmin vaxt o, Tirzədə eşikağası Ərzanın evində içib sərxoş olmuşdu.
10 Zümri içəri girib onu öldürdü+ və onun yerinə padşah oldu. Bu, Yəhuda padşahı Asanın hakimiyyətinin iyirmi yeddinci ilində baş verdi.
11 O, padşah olub taxta çıxan kimi Başanın nəslini qırdı. Kişi xeylaqlarından heç kimi, istər qohumu olsun, istər dostu, bir nəfəri də sağ qoymadı.
12 Beləliklə, Yehovanın Yəhu peyğəmbər vasitəsilə Başanın əleyhinə dediyi kimi, Zümri Başanın evini məhv etdi.+
13 Bu, Başanın və onun oğlu İlahın etdikləri günahlara, həmçinin İsraili sürüklədikləri günahlara görə baş verdi. Çünki onlar puç bütləri ilə İsrailin Allahı Yehovanı qəzəbləndirdilər.+
14 İlahın qalan işləri və bütün etdikləri haqda İsrail padşahlarının tarixi kitabında yazılmışdır.
15 Yəhuda padşahı Asanın hakimiyyətinin iyirmi yeddinci ilində Zümri Tirzədə yeddi gün padşah oldu. O vaxt ordu filiştlilərə məxsus Gibtuna+ qarşı ordugah qurmuşdu.
16 Zümrinin padşaha qarşı sui-qəsd hazırlayıb onu öldürdüyü xəbəri ordugahdakı döyüşçülərə çatdı. İsraillilər ordu başçısı Omrini+ həmin gün ordugahda padşah etdilər.
17 Omri və bütün israillilər Gibtundan çıxıb Tirzəni mühasirəyə aldılar.
18 Zümri şəhərin zəbt olunduğunu görəndə sarayın bürcünə girdi və evi yandırdı, özü də orada öldü.+
19 Bu ona görə oldu ki, o, Ərubamın yolu ilə gedib Yehovanın bəyənmədiyi pis işlər gördü, həm özü günah etdi, həm də İsraili günaha sürüklədi.+
20 Zümrinin qalan işləri və hazırladığı sui-qəsd haqda İsrail padşahlarının tarixi kitabında yazılmışdır.
21 Həmin vaxt israillilər iki hissəyə bölündü. Bir hissə Cinat oğlu Tibninin tərəfinə keçib onu padşah etmək istədi. O biri hissə Omrinin tərəfini tutdu.
22 Amma Omrinin tərəfində olanlar Cinat oğlu Tibninin adamlarına üstün gəldilər. Tibni öldü və Omri padşah oldu.
23 Yəhuda padşahı Asanın hakimiyyətinin otuz birinci ilində Omri İsrailin padşahı oldu və on iki il hakimiyyət sürdü. O, Tirzədə altı il hakimiyyət sürdü.
24 Omri Səmirdən Səməriyyə dağını iki talant* gümüşə aldı və orada şəhər tikdi. Şəhərin adını dağın əvvəlki sahibi Səmirin adına görə Səməriyyə*+ qoydu.
25 Omri Yehovanın bəyənmədiyi pis işlər gördü, sələflərindən də betər oldu.+
26 O, Nəbat oğlu Ərubamın yolu ilə getdi və onun İsraili günaha sürüklədiyi işləri təkrarladı, puç bütləri ilə İsrailin Allahı Yehovanı qəzəbləndirdi.+
27 Omrinin qalan işləri, bütün etdikləri və qüdrətli işləri haqda İsrail padşahlarının tarixi kitabında yazılmışdır.
28 Omri ata-babalarına qovuşdu, onu Səməriyyədə dəfn etdilər. Oğlu Əhəb+ onun yerinə taxta çıxdı.
29 Omri oğlu Əhəb Yəhuda padşahı Asanın hakimiyyətinin otuz səkkizinci ilində İsrailin padşahı oldu və iyirmi iki il Səməriyyədə+ İsrail üzərində hakimiyyət sürdü.
30 Omri oğlu Əhəb Yehovanın gözündə öz sələflərindən də betər idi.+
31 O, Nəbat oğlu Ərubamın günahlarını təkrarladı.+ Bu azmış kimi, Sidon+ padşahı İsbaalın qızı İzəbili aldı+ və Baala ibadət edib səcdə qılmağa başladı.+
32 Sonra o, Səməriyyədə tikdiyi Baal bütxanasında+ Baal üçün qurbangah tikdi.
33 Əhəb həmçinin Aşera bütü+ düzəltdi. Öz sələflərindən də pis işlər görməklə İsrailin Allahı Yehovanı qəzəbləndirdi.
34 O günlərdə beytelli Xail Ərihanı yenidən tikdi. Yehovanın Nun oğlu Yuşə vasitəsilə dediyi kimi, şəhərin təməlini ilki Abiramın, darvazalarını isə sonbeşiyi Səqubun canı bahasına qoydu.+