Korinflilərə birinci məktub 1:1—31
1 Allahın iradəsilə Məsih İsanın həvarisi olmağa çağırılmış Bulusdan+ və qardaşımız Sostendən
2 Allahın Korinfdəki yığıncağına,+ Allahın ayırdığı, Məsih İsa ilə vəhdətdə olan,+ müqəddəs olmaq üçün çağırılmış sizlərə və hər yerdə bizim də, onların da Ağası İsa Məsihin+ adını çağıranlara məktub.
3 Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.
4 Məsih İsa vasitəsilə sizə lütf göstərildiyindən sizdən ötrü həmişə Allaha şükür edirəm.
5 Çünki siz Məsihlə vəhdətdə olduğunuz üçün hər şeydə, eləcə də hərtərəfli bilikdə+ və Allahın sözünü bəyan etmək qabiliyyətində zənginləşmisiniz.
6 Bundan görünür ki, Məsih haqqındakı şəhadət+ sizdə dərin kök salıb.
7 Beləliklə, siz Ağamız İsa Məsihin zühurunu səbirsizliklə gözləyərkən heç bir ənamdan kənarda qalmamısınız.+
8 Allah sizi sonadək möhkəmləndirəcək ki, siz Ağamız İsa Məsihin gününə üzüağ çıxasınız.+
9 Sizi Öz Oğlu və bizim Ağamız İsa Məsihlə vəhdətdə olmağa çağıran Allah sözünə sadiqdir.+
10 Qardaşlar, sizdən Ağamız İsa Məsihin adı ilə rica edirəm ki, danışığınız aranızdakı fikir birliyini əks etdirsin,+ aranızda parçalanma olmasın, əksinə, hamınız yekdil və həmfikir olasınız.+
11 Çünki qardaşlar, Kloinin ailəsindən mənə xəbər çatıb ki, aranızda ixtilaflar var.
12 Sizdən bəziləri: «Mən Bulusun», digərləri: «Mən Apollosun»,+ o biriləri: «Mən Kifanın*», başqaları da: «Mən Məsihin şagirdiyəm», — deyirlər.
13 Məsihin yığıncağı bölünüb! Məgər sizin uğrunuzda Bulus dirəkdə edam edilmişdi? Yoxsa siz Bulusun adı ilə vəftiz* edilmisiniz?
14 Allaha şükür, mən Krispdən+ və Qaydan+ başqa heç kəsi vəftiz etməmişəm,
15 beləcə, heç biriniz mənim adımla vəftiz olunduğunu deyə bilməz.
16 Hə, bir də ki Stefanasın+ ailəsini vəftiz etmişəm. Başqalarına gəlincə, daha kimisə vəftiz etdiyim yadıma gəlmir.
17 Məsih məni vəftiz etmək üçün yox, müjdəni təbliğ etmək üçün göndərib.+ Özü də mən bu xəbəri alimanə sözlərlə təbliğ etmirəm, yoxsa Məsihin işgəncə dirəyi* qiymətdən düşərdi.
18 İşgəncə dirəyi barəsindəki xəbər məhvə gedənlər üçün cəfəngiyat,+ xilas olan bizlər üçünsə Allahın qüdrətidir.+
19 Çünki yazılıb: «Müdriklərin hikmətini yox edəcəyəm, ariflərin zəkasını rədd edəcəyəm».+
20 Hanı müdriklər? Hanı mirzələr*? Hanı bu dövrün* mütəfəkkirləri*? Məgər Allah dünyanın hikmətinin axmaqlıq olduğunu göstərmədi?
21 Dünya öz müdrikliyi ilə Allahı tanımadı,+ Allah isə Öz hikməti ilə+ münasib bildi ki, təbliğ edilən xəbərin ağılsızlığı+ vasitəsilə iman gətirənləri xilas etsin.
22 Yəhudilər əlamət istəyir,+ yunanlar hikmət axtarır,
23 biz isə dirəkdə edam olunmuş Məsihi təbliğ edirik. O, yəhudilər üçün bir maneə, digər xalqlar üçün səfehlikdir.+
24 Dəvət edilmiş yəhudilər və yunanlar üçünsə Məsih Allahın qüdrəti və hikmətidir.+
25 Çünki Allahdan gələn bir şey ağılsız görünsə də, insanların müdrik saydığı şeydən müdrikdir, Allahdan gələn bir şey zəif görünsə də, insanların güclü saydığı şeydən güclüdür.+
26 Axı qardaşlar, siz öz təcrübənizdən də görürsünüz ki, dəvət olunanlar arasında insan gözü ilə baxsaq,+ müdrik, güclü, əsil-nəcabətli adam çox deyil.+
27 Allah müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı adamları, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı adamları seçdi.+
28 Allah dünyanın adsız-sansızlarını və heç sayılanlarını — dünyanın gözündə mövcud olmayanları seçdi ki, nüfuz sahiblərini məhv etsin+
29 və heç bir insan Allahın qarşısında öyünməsin.
30 Siz Onun sayəsində Məsih İsa ilə vəhdətdəsiniz. Biz Allahın hikmətini, həmçinin salehliyi,+ müqəddəsliyi+ və fidyə vasitəsilə qurtuluşu+ Məsihdə tapdıq.
31 Müqəddəs Yazılar belə deyir: «Öyünən qoy Yehova ilə öyünsün».+