Birinci İşmuil 3:1—21

  • İşmuil peyğəmbər seçilir (1—21)

3  Bu arada balaca İşmuil Əlinin nəzarəti altında Yehovaya qulluq edirdi.+ O vaxtlar Yehovanın sözü hərdən bir, vəhylər+ isə nadir hallarda nazil olurdu.  Əlinin gözləri zəifləmişdi, o artıq görmürdü.+ Bir gün o, öz yatağında uzanmışdı.  Allahın çırağı+ hələ sönməmişdi. İşmuil Allahın sandığı olan yerdə, Yehovanın məbədində* uzanmışdı.+  Yehova İşmuili çağırdı. O: «Bəli», — deyə cavab verdi  və Əlinin yanına qaçıb dedi: «Bəli, ağam. Məni çağırdın?» Əli: «Yox, çağırmamışam, get yat», — dedi. O da gedib yerinə uzandı.  Yehova yenə: «İşmuil!» — deyə çağırdı. İşmuil durub Əlinin yanına getdi və ona dedi: «Bəli, ağam. Məni çağırdın?» O isə: «Yox, oğlum, çağırmamışam, get yat», — dedi.  (O vaxt İşmuil hələ Yehovanı yaxından tanımırdı və Yehova hələ ona Öz sözünü açmamışdı.+)  Yehova üçüncü dəfə: «İşmuil!» — deyə onu səslədi. İşmuil durub Əlinin yanına getdi və: «Bəli, ağam. Məni çağırdın?» — dedi. Onda Əli başa düşdü ki, uşağı çağıran Yehovadır.  Əli İşmuilə dedi: «Get uzan. Əgər bir də səni çağırsa, belə de: “Danış, Yehova, qulun səni eşidir”». İşmuil gedib yerində uzandı. 10  Yehova yenə də çağırdı: «İşmuil! İşmuil!» İşmuil: «Danış, qulun səni eşidir», — dedi. 11  Yehova İşmuilə dedi: «İsraildə elə şey edəcəyəm ki, eşidənlərin qulağı cingildəyəcək.+ 12  O gün Mən Əlinin evi barədə dediklərimin hamısını əvvəldən axıradək yerinə yetirəcəyəm.+ 13  Ona de ki, bu təqsirə görə evini həmişəlik cəzalandıracağam.+ O, oğullarının Allahı təhqir etdiyini+ bilə-bilə onlara qulaqburması vermir.+ 14  Buna görə də Əlinin evi üçün and içmişəm ki, heç bir qurban, heç bir təqdimə onun evinin günahını yumayacaq».+ 15  İşmuil yerinə uzandı. Səhər durub Yehovanın evinin qapılarını açdı. O, aldığı vəhyi Əliyə danışmağa qorxurdu. 16  Əli İşmuili çağırdı: «İşmuil, oğlum!» O: «Bəli», — deyə cavab verdi. 17  Əli soruşdu: «O, sənə nə dedi? Xahiş edirəm, məndən heç nə gizlətmə. Onun dediklərindən bircə kəlmə belə, məndən gizlətsən, qoy Allah səni cəzalandırsın». 18  İşmuil hər şeyi olduğu kimi danışdı, heç nəyi ondan gizlətmədi. Əli dedi: «Məsləhət Yehovanındır. Qoy gözündə nə xoşdursa, onu da etsin». 19  İşmuil böyüyürdü. Yehova onunla idi+ və onun heç bir sözünü boşa çıxartmırdı. 20  Dandan tutmuş Biir-Səbaya qədər bütün İsrailə məlum oldu ki, İşmuil Yehovanın peyğəmbəri təyin edilib. 21  Yehova Şiloda görünürdü, çünki Yehova İşmuilə sözlərini Şiloda bildirmişdi. Beləcə, Yehova Özünü İşmuilə bəlli etmişdi.+

Haşiyələr

Yəni çadırında.