Ərəmya 35:1—19
-
Rəhablıların itaətkarlığı (1—19)
35 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründə Ərəmyaya Yehovanın sözü nazil oldu:
2 «Rəhablıların+ evinə get və onlarla danış. Onları Yehovanın məbədinə, yemək otaqlarından birinə gətir və onlara içməyə şərab ver».
3 Mən Həbəzzinyə oğlu Ərəmyanın oğlu Əzniyanı, onun qardaşlarını, oğullarını, rəhablıların bütün nəslini
4 Yehovanın məbədinə gətirdim. Onları Allah adamı İqdiyal oğlu Hənanın oğullarının yemək otağına apardım. Bu otaq qapıçı Səllum oğlu Məseyyənin yemək otağının üstündə yerləşən başçıların yemək otağı ilə yanbayan idi.
5 Mən şərabla dolu piyalələri və camları rəhablıların qarşısına qoyub dedim: «Şərab için».
6 Amma onlar dedilər: «Biz şərab içmirik. Çünki əcdadımız Rəhab oğlu Yəhunədab+ bizə buyurub: “Nə siz, nə də oğullarınız heç vaxt şərab içməyin,
7 ev tikməyin, toxum səpməyin, üzüm bağı salmayın, ona sahib olmayın. Ömrü boyu çadırlarda yaşayın. Belə edin ki, qərib kimi yaşadığınız diyarda çox yaşayasınız”.
8 Biz əcdadımız Rəhab oğlu Yəhunədabın əmr etdiyi hər şeyə tabe oluruq. Nə özümüz, nə arvadlarımız, nə oğullarımız, nə də qızlarımız şərab içmirik,
9 ev tikib orada yaşamırıq, üzüm bağlarımız, tarlalarımız yoxdur, toxum səpmirik.
10 Çadırlarda yaşayırıq, əcdadımız Yəhunədabın əmrinə tabe oluruq.
11 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edəndə+ biz dedik: “Gəlin kəldanilərin və aramilərin qoşunlarından canımızı qurtarıb Yerusəlimə gedək”. Ona görə indi Yerusəlimdə yaşayırıq».
12 Bu zaman Ərəmyaya Yehovanın sözü nazil oldu:
13 «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Get, Yəhuda camaatına və Yerusəlim əhlinə söylə: “Mən dönə-dönə sizə əmr etməmişəm ki, sözlərimə tabe olun?+ — bəyan edir Yehova. —
14 Rəhab oğlu Yəhunədab övladlarına şərab içməməyi buyurub, onlar da onun əmrinə itaət edirlər. Bu günə kimi şərab içmirlər, əcdadlarının əmrinə tabe olurlar.+ Amma Mən dəfələrlə sizinlə danışsam da, siz Mənə tabe olmursunuz.+
15 Peyğəmbər qullarımı dönə-dönə sizin yanınıza göndərib+ demişəm: “Dönün pis yolunuzdan,+ saleh əməllər görün. Başqa allahlara ibadət etməyin, qulluq etməyin. Onda sizə və ata-babalarınıza verdiyim torpaqda yaşayarsınız”.+ Amma siz qulaq asmadınız, Məni eşitmədiniz.
16 Rəhab oğlu Yəhunədabın övladları əcdadlarının əmrinə tabe olur,+ amma bu xalq Mənə qulaq asmır”».
17 «Odur ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Budur, söylədiyim bəlanı Yəhuda və Yerusəlim sakinlərinin başına gətirəcəyəm.+ Çünki Mən onlarla danışdım, onlarsa qulaq asmadılar. Onları çağırdım, hay vermədilər”».+
18 Ərəmya rəhablılara dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Siz ki əcdadınız Yəhunədabın əmrinə tabe olursunuz, onun heç bir sözündən çıxmırsınız, dediyi hər sözü yerinə yetirirsiniz,
19 ona görə də İsrailin Allahı, ordular Allahı Yehova belə söyləyir: “Rəhab oğlu Yəhunədabın övladları daim hüzurumda xidmət edəcək”».