Çıxış 37:1—29
37 Bəsalil+ akasiya ağacından uzunluğu iki qulac* yarım, eni və hündürlüyü qulac yarım olan sandıq+ düzəltdi.+
2 Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkdi. Kənarlarına qızıldan naxışlı haşiyə düzəltdi.+
3 Sonra qızıldan 4 ədəd tökmə halqa düzəldib sandığın dörd ayağının üstünə bərkitdi, ikisini bir tərəfinə, ikisini o biri tərəfinə.
4 Həmçinin akasiya ağacından şüvüllər düzəldib üstünü qızılla örtdü.+
5 Sandığı daşımaq üçün olan şüvülləri sandığın yan tərəflərindəki halqalardan keçirtdi.+
6 Xalis qızıldan iki qulac yarım uzunluğunda, qulac yarım enində qapaq düzəltdi.+
7 Qapağın hər iki qırağı üçün döymə qızıldan bir kərrub düzəltdi.+
8 Kərrubları düzəldib hərəsini qapağın bir qırağına qoydu.
9 Kərrubların qanadları yuxarıya tərəf açılıb qapağın üstünü örtürdü.+ Onlar qarşı-qarşıya qoyulmuşdu, üzləri isə qapağa baxırdı.+
10 Sonra o, akasiya ağacından iki qulac uzunluğunda, yarım qulac enində, qulac yarım hündürlüyündə bir masa düzəltdi.+
11 Üstünə xalis qızıl çəkdi. Qıraqlarına qızıldan naxışlı haşiyə vurdu.
12 Sonra masaya dörd barmaq* enində çərçivə vurdu. Çərçivənin qırağına da naxışlı haşiyə düzəltdi.
13 Masa üçün qızıldan 4 halqa düzəltdi və onları masanın dörd küncünə, ayaqların bərkidildiyi yerə vurdu.
14 Halqalar çərçivəyə yaxın vurulmuşdu. Masanı daşımaq üçün olan şüvüllər onlardan keçiriləcəkdi.
15 O, bu şüvülləri akasiya ağacından düzəldib üstünə qızıl çəkdi. Bu şüvüllər masanı daşımaq üçün idi.
16 Bundan sonra masa üçün xalis qızıldan ləvazimatlar — nimçələr, camlar, kasalar, eləcə də şərab təqdiməsini tökmək üçün dolçalar düzəltdi.+
17 Sonra o, xalis döymə qızıldan çıraqdan düzəltdi.+ Çıraqdan — onun altlığı, gövdəsi, qolları, tumurcuqları, qönçələri və gülləri bir bütöv idi.+
18 Çıraqdanın gövdəsindən altı qol ayrılırdı — üçü bir tərəfə, üçü digər tərəfə.
19 Hər iki tərəfdəki qollarda tumurcuq və qönçələrlə növbələşən badam çiçəyinə bənzər üç gül var idi. Çıraqdanın gövdəsindən ayrılan altı qol bu cür düzəldilmişdi.
20 Çıraqdanın gövdəsində də tumurcuq və qönçələrlə növbələşən badam çiçəyinə bənzər dörd gül var idi.
21 Çıraqdanın gövdəsindən ayrılan altı qolun hər cütünün altında bir tumurcuq var idi: birinci cüt qolun altında bir tumurcuq, ikinci cüt qolun altında bir tumurcuq və üçüncü cüt qolun altında bir tumurcuq.
22 Tumurcuqlar, qollar, ümumiyyətlə, çıraqdan xalis, döymə qızıldan düzəldilmişdi və bir bütöv idi.
23 Sonra o, çıraqdan üçün xalis qızıldan yeddi çıraq,+ maşalar və xəkəndazlar düzəltdi.
24 Çıraqdana və onun bütün avadanlığına bir talant* xalis qızıl sərf olundu.
25 Sonra o, buxur yandırmaq üçün akasiya ağacından qurbangah düzəltdi.+ Qurbangah dördbucaq şəklində idi, eni və uzunu 1 qulac, hündürlüyü isə 2 qulac idi. Buynuzları qurbangahla bir bütöv idi.+
26 Qurbangahın hər yerinə, üstünə, yanlarına və buynuzlarına xalis qızıl çəkdi. Kənarlarına qızıldan haşiyə vurdu.
27 Hər tərəfdə iki-iki olmaqla, iki tərəfdə haşiyənin altına qızıl halqa bərkitdi. Qurbangahı daşıyanda şüvüllər bu halqalardan keçiriləcəkdi.
28 Sonra akasiya ağacından şüvüllər düzəldib üstünə qızıl çəkdi.
29 O həmçinin ustalıqla müqəddəs məsh yağı+ və qarışıqsız ətirli buxur+ düzəltdi.
Haşiyələr
^ Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
^ Təx. 7,4 sm. B14 əlavəsinə bax.
^ 34,2 kq. B14 əlavəsinə bax.