Kontentə keç

Mündəricatı göstər

FƏSİL 7

Xalqlar biləcək ki, «Mən Yehovayam»

Xalqlar biləcək ki, «Mən Yehovayam»

HİZQİYAL 25:17

MƏZMUN: İsrail xalqının Yehovanın adını ləkələyən xalqlarla münasibətindən çıxardığımız ibrət dərsi

1, 2. a) İsrail xalqı hansı mənada canavar sürüsünün əhatəsində qalmış tənha quzuya bənzəyirdi? (Fəslin əvvəlindəki şəklə baxın.) b) İsraillilər və onların padşahları çox vaxt necə davranırdılar?

 İSRAİL XALQI yüz illər ərzində canavar sürüsünün əhatəsində qalmış tənha quzu kimi olub. Şərq tərəfdən onları əmunilər, muabilər və ədumilər sıxışdırırdı. İsrailin yağı düşməni Filişt onu qərbdən əhatə etmişdi. Ölkənin şimalında böyük ticarət imperiyasının qüdrətli mərkəzi olan zəngin Sur şəhəri yerləşirdi. Cənubda isə allah hesab olunan fironların idarə etdiyi qədim Misir xalqı yaşayırdı.

2 Ancaq bu o demək deyil ki, israillilər köməksiz idilər. Onlar Yehovaya bel bağlayanda Yehova onları düşmənlərdən qoruyurdu. Lakin çox vaxt həm xalq, həm də onun padşahları ətrafdakı xalqlara qaynayıb-qarışaraq onların şər əməllərini təkrarlayırdı. Misal üçün, onqəbiləli İsrail padşahlığının hökmdarı Əhəb padşah. O, Yəhuda padşahı Yəhuşafatın müasiri idi. Əhəb zəngin Sur şəhərini idarə edən Sidon padşahının qızı İzəbillə evlənmişdi. İzəbil Baalın qatı pərəstişkarı idi. O, Baala ibadəti İsraildə geniş surətdə yaymışdı. Zəif iradəli Əhəb də onun təsiri altına düşərək pak ibadəti görünməmiş dərəcədə ləkələmişdi (1 Pad. 16:30—33; 18:4, 19).

3, 4. a) Yerusəlimin mühasirəsi başlayanda Hizqiyalın diqqəti kimlərə yönəldi? b) Bu fəsildə hansı suallar nəzərdən keçirilir?

3 Yehova xalqını xəbərdar etmişdi ki, Ona xəyanət etməyin axırı pis qurtaracaq. Artıq Onun səbir kasası daşırdı (Ərm. 21:7, 10; Hizq. 5:7—9). Eramızdan əvvəl 609-cu ildə Babil ordusu üçüncü dəfə Vəd edilmiş diyara hərbi yürüş etdi. Onların son hücumundan on il keçmişdi. Bu dəfə onlar Yerusəlimin divarlarını uçuracaq, Navuxodonosora üsyan edənləri məhv edəcəkdilər. Mühasirə başlayanda Hizqiyalın söylədiyi tükürpərdən peyğəmbərliklər təfərrüatı ilə yerinə yetməyə başladı. İndi növbə Vəd edilmiş diyarın ətrafında yaşayan xalqların idi. Peyğəmbərin diqqəti onlara yönəldi.

Yehovanın adına qara yaxan xalqlar öz hərəkətlərinin acı nəticəsini biçəcəkdilər

4 Yehova Hizqiyala bildirdi ki, Yəhudanın düşmənləri Yerusəlimin məhv edilməsinə sevinəcək, od-alovun içindən sağ çıxanlara zülm edəcəklər. Lakin Yehovanın adına qara yaxan, Onun xalqını təqib edən, onları haqq yoldan sapdıran bu xalqlar mütləq əməllərinin bəhrəsini biçəcəklər. Bəs İsraillə bu xalqların münasibətindən özümüzə hansı ibrət dərslərini götürürük? Hizqiyalın bu xalqlar barədə söylədiyi peyğəmbərliklər bizə hansı ümidi bəxş edir?

İsrailin pis gününə sevinən qohumları

5, 6. Əmunilərlə israillilərin qohumluq əlaqələri və münasibətləri barədə nə məlumdur?

5 Əmun, Muab və Ədum israillilərin qan qohumu idi desək, yanılmarıq. Qohumluq tellərinə, eyni tarixi paylaşmaqlarına baxmayaraq, bu xalqlar əzəldən Allahın xalqına ədavət bəsləmiş, onun pis gününə sevinmişdilər (Hizq. 25:6).

6 Götürək əmuniləri. Onlar İbrahim peyğəmbərin qardaşı oğlu Lutun kiçik qızından törəmişdilər (Yar. 19:38). Onların dili ibrani dilinə yaxın idi. Ehtimal ki, israillilər onların dilini başa düşürdülər. Əmunilərlə qohum olduqları üçün Yehova israillilərə buyurmuşdu ki, onlarla döyüşmək fikrinə düşməsinlər (Qan. 2:19). Amma əmunilər nə etmişdi? Hakimlərin dövründə onlar İsrailə zülm edən Muab padşahı Əcluna tərəfdaş çıxmışdılar (Hak. 3:12—15, 27—30). Sonralar Talut padşahın dövründə İsrailin üstünə hücum çəkmişdilər (1 İşm. 11:1—4). Yəhuşafat padşahın hakimiyyəti illərində yenidən Muabla birləşib Vəd olunmuş diyara yürüş etmişdilər (2 Saln. 20:1, 2).

7. Muabilər qohum xalq olan israillilərlə necə rəftar edirdilər?

7 Muabilər də Lutun nəslindən idilər, onun böyük qızından törəmişdilər (Yar. 19:36, 37). Yehova israillilərə əmr etmişdi ki, Muabla döyüşməsinlər (Qan. 2:9). Lakin muabilər bu yaxşılığın əvəzini pisliklə qaytardılar. Onlar Misir köləliyindən qaçan qohumlarına kömək etmək əvəzinə, onlara Vəd olunmuş diyara girməyə mane olurdular. Muab padşahı Balaq Bələmə bəxşiş vermişdi ki, israilliləri lənətləsin. Bələm də Balaqı öyrətmişdi ki, israilliləri əxlaqsızlıq və bütpərəstlik toruna salsın (Say. 22:1—8; 25:1—9; Vəhy 2:14). Muabilər əsrlərlə, düz Hizqiyal peyğəmbərin dövrünə kimi israillilərə göz verib, işıq vermirdilər (2 Pad. 24:1, 2).

8. Nəyə görə Yehova Ədumu İsrailin qardaşı adlandırmışdı, bəs ədumilər israillilərlə necə rəftar edirdilər?

8 Ədumilər Yaqubun əkiz qardaşı Eysin törəmələri idi. Onlar İsraillə o qədər yaxın qohum idilər ki, Yehova onlarla israilliləri qardaş adlandırmışdı (Qan. 2:1—5; 23:7, 8). Bununla belə, ədumilər israillilərlə düşmənçilik edirdilər. İsrail Misirdən çıxandan ta Yerusəlim e. ə. 607-ci ildə işğal olunana qədər onlarla yola getmirdilər (Say. 20:14, 18; Hizq. 25:12). Yerusəlim işğal olunan vaxt ədumilər israillilərin iztirablarına sevinir, babilliləri qızışdırırdılar ki, Yerusəlimi xaraba qoysunlar. Hələ bu, bir yana qalsın, onlar qaçıb canını qurtaran israilliləri tutub babillilərə təslim edirdilər (Zəb. 137:7; Əbd. 11, 14).

9, 10. a) Əmunun, Muabın və Ədumun aqibəti necə oldu? b) Həmin xalqlardan olan bütün adamların israillilərə ədavət bəsləmədiyini haradan bilirik?

9 Yehova bu qohum xalqların Öz xalqı ilə amansız rəftarını cavabsız qoymadı, onlardan haqq-hesab tələb etdi. Allah dedi ki, əmuniləri «şərqlilərin ixtiyarına verəcəyəm. Əmunun adı xalqların arasında anılmayacaq». Sonra Muab haqqında dedi: «Muabda hökmümü icra edəcəyəm, onda biləcəklər ki, Mən Yehovayam» (Hizq. 25:10, 11). Yerusəlimin süqutundan təxminən beş il sonra bu peyğəmbərliklər yerinə yetməyə başladı. Babillilər Əmunu və Muabı istila etdilər. Ədumla bağlı Yehova demişdi: «Adamları da, heyvanları da qıracağam, oranı viranəliyə çevirəcəyəm» (Hizq. 25:13). Yehova necə demişdisə, elə də oldu. Əvvəl-axır Əmunun, Muabın və Ədumun yer üzündən kökü kəsildi (Ərm. 9:25, 26; 48:42; 49:17, 18).

10 Amma bu xalqların içində Allahın xalqına ədavət bəsləməyən insanlar da var idi. Məsələn, Davudun igid döyüşçülərinin sırasında əmuni Saliqin, muabi İsmahın adı çəkilir (1 Saln. 11:26, 39, 46; 12:1). Yehovaya iman gətirib Ona sədaqətlə ibadət edən Rut da muabi idi (Rut 1:4, 16, 17).

Heç vaxt, xırda şeydə belə, Yehovanın qanunundan kənara çıxmayın

11. İsrailin Əmun, Muab və Ədum xalqları ilə münasibətindən hansı dərsi götürürük?

11 İndi isə gəlin israillilərin bu xalqlarla münasibətinə baxaq və görək özümüzə hansı ibrəti götürürük. Birincisi, İsrail xalqı sayıqlığı əldən verəndə qohum xalqların etiqad etdiyi dinlərin murdar ayinləri onların da arasında yayılırdı. Onlar da muabilər kimi, Faur Baalına, əmunilər kimi, Molekə sitayiş etməyə başlayırdılar (Say. 25:1—3; 1 Pad. 11:7). Bizimlə də oxşar şey baş verə bilər. Məsihi olmayan qohumlarımız bizi Yehovanın hansısa qanununu pozmağa təhrik edə bilər. Məsələn, bəlkə, onlar başa düşə bilmir, niyə biz bayramları qeyd etmirik, niyə bayramda hədiyyə verib-almırıq, yalan dinlə bağlı adət-ənənələri yerinə yetirmirik. Onlar yaxşı niyyətdən irəli gələrək bizə təzyiq göstərə bilər ki, xırda bir şeydə etiqadımıza zidd davranaq. Ancaq biz qətiyyən bu cür təzyiqlər qarşısında təslim olmamalıyıq. İsrailin tarixindən göründüyü kimi, uçuruma atılan bircə addım belə, fəlakətlə nəticələnir.

12, 13. Biz hansı təqiblərlə üzləşə bilərik və sadiq qalsaq, hansı bəhrələri biçərik?

12 İsraillə Əmunun, Muabın və Ədumun arasındakı münasibətdən başqa bir şey də öyrənirik. Yehovaya ibadət etdiyimizə görə qohumlarımız bizə şiddətli təqib göstərə bilər. İsa Məsih demişdi ki, bəzən təbliğ etdiyimiz xəbər «oğulu atadan, qızı anadan, gəlini qayınanadan» ayıracaq (Mət. 10:35, 36). Yehova israillilərə buyurmuşdu ki, qohum xalqlarla münaqişəyə başlamasınlar. Biz də imanda olmayan ailə üzvlərimizlə mübahisə yaratmamalıyıq. Onlar bizə müqavimət göstərəndə isə təəccüblənməməliyik (2 Tim. 3:12).

13 Ola bilsin, qohumlar ibadətimizə birbaşa müqavimət göstərmir. Bununla belə, ehtiyatlı olmalıyıq ki, onların təsiri altına düşməyək. Yaddan çıxarmamalıyıq ki, bizə həyatda istiqamət verən Yehova olmalıdır. Çünki qəlbimizdə əsas yeri tutmağa yalnız Yehova layiqdir. (Mətta 10:37 ayəsini oxuyun.) Həm də əgər biz Yehovaya sadiq qalsaq, qohumlarımızdan kimsə Saliq, İsmah və Rut kimi pak ibadətə qoşula bilər (1 Tim. 4:16). O zaman onlar da tək Allah Yehovaya ibadət etməyin sevincini yaşayar, Onun məhəbbətini duyar və kölgəsinə sığınar.

Yehovanın düşmənləri amansız cəzalara düçar oldu

14, 15. Filiştlilər israillilərlə necə rəftar edirdilər?

14 Yehovanın İbrahim peyğəmbərə və onun övladlarına vəd etdiyi diyarda yaşayan xalqlardan biri də filiştlilər idi. Onlar buraya Krit adasından gəlmişdilər. Həm İbrahimin, həm də İshaqın bu xalqla müəyyən əlaqələri olmuşdu (Yar. 21:29—32; 26:1). İsraillilər Vəd edilmiş diyara gələndə filiştlilər artıq böyük hərbi qüvvəsi olan qüdrətli bir xalq idi. Onlar Baal-Zəbub və Daqon kimi yalan allahlara ibadət edirdilər (1 İşm. 5:1—4; 2 Pad. 1:2, 3). Bəzən israillilər də onların təsiri altına düşüb həmin yalan allahlara sitayiş edirdilər (Hak. 10:6).

15 İsraillilərin xəyanətinə görə Yehova izin verirdi ki, filiştlilər uzun illər ərzində onlara ağalıq etsin (Hak. 10:7, 8; Hizq. 25:15). Onlar İsrailə zülm edir, azadlığını əlindən alır *, onları qırıb-çatırdılar (1 İşm. 4:10). Ancaq israillilər tövbə edib əməllərini düzəldəndə Yehova onları xilas edirdi. Şimşon, Talut, Davud kimi igidləri göndərib xalqını filiştlilərin əlindən qurtarırdı (Hak. 13:5, 24; 1 İşm. 9:15—17; 18:6, 7). Yehova Hizqiyal vasitəsilə onu da bildirmişdi ki, filiştlilərə əməllərinin altını çəkdirəcək. Əvvəlcə babillilər, sonralar isə yunanlar filiştlilərin məmləkətini ələ keçirəndə onlar amansız cəzalara düçar oldular (Hizq. 25:15—17).

16, 17. Filiştlilərin israillilərə münasibətindən nə öyrənirik?

16 Filiştlilərin israillilərə münasibətindən nə öyrənirik? Yehovanın müasir xalqı bu dünyada olan ən qüdrətli xalqlar tərəfindən təqiblərə məruz qalırlar. İsraildən fərqli olaraq, biz Yehovaya əzmlə sadiq qalırıq. Amma hərdən elə görünə bilər ki, pak ibadətə düşmən kəsilənlər qələbə qazanırlar. Məsələn, XX əsrin əvvəllərində Birləşmiş Ştatlar hökuməti Yehovanın xalqının fəaliyyətini dayandırmaq üçün təşkilata rəhbərlik edən qardaşlara 10 ildən çox iş kəsərək onları həbsə atdırmışdı. İkinci Dünya Müharibəsi dövründə Almaniyada Nasist partiyası minlərlə bacı-qardaşımızı həbs etmiş, yüzlərlə dindaşımızı qətlə yetirmişdi. Həmin müharibədən sonra Sovet İttifaqında uzun illər ərzində Yehovanın Şahidləri təqib olunmuşdular, qardaşlarımız əmək düşərgələrinə göndərilmiş, ucqar ərazilərə sürgün olunmuşdular.

17 Hökumətlər indən belə də təbliğ işini qadağan edə, Allahın xalqını həbsə sala, hətta bəzilərimizi edam edə bilər. Bu hadisələr bizi əsla qorxutmamalıdır, imanımızı sarsıtmamalıdır! Yehova sadiq xidmətçilərini qoruyacaq. (Mətta 10:28—31 ayələrini oxuyun.) Biz artıq qüdrətli, zalım hökumətlərin dünya səhnəsindən birdəfəlik silindiyinin şahidi olmuşuq. Yehovanın xalqı isə ildən-ilə böyüyür. Tezliklə bütün dövlətlər filiştlilərin aqibətinə düçar olacaq. Filiştlilər kimi onlar da yoxluğa qərq olacaqlar. Onda biləcəklər, Yehova kimdir.

Var-dövlət daimi sığınacaq ola bilməz

18. Sur nə ilə məşhur idi?

18 Sur * şəhəri qədim dünyanın böyük ticarət imperiyasının mərkəzində yerləşirdi. Sur Aralıq dənizində çoxlu ticarət yolları salaraq qərblə sıx ticarət əlaqələri yaratmışdı. Eyni zamanda Surun tacirləri quru yollarla da hərəkət edərək şərqdə uzaq məmləkətlərlə ticarət əlaqələri qurmuşdu. Əsrlər ərzində apardığı ticarət sayəsində o, çoxlu var-dövlət toplamışdı. Onun tacirləri elə varlanmışdı ki, özlərini bəy hesab edirdilər (Əşy. 23:8).

19, 20. Sur sakinləri ilə gibyonlular arasında hansı fərq var idi?

19 Davud və Süleyman padşahın hakimiyyəti dövründə israillilərlə Sur sakinləri yaxın işgüzar əlaqələr qurmuşdular. Surlular əvvəlcə Davuda saray tikməyə, sonralar isə Süleymana məbəd tikməyə taxta-şalban və ustalar göndərmişdilər (2 Saln. 2:1, 3, 7—16). Sur İsrailin ən yaxşı vaxtını görmüşdü (1 Pad. 3:10—12; 10:4—9). Minlərlə surlunun pak ibadət haqqında öyrənmək, Yehovanı tanımaq imkanı olmuşdu. Onlar öz gözləri ilə görmüşdülər ki, Yehovaya ibadət etmək insana necə böyük nemətlər gətirir.

20 Buna baxmayaraq, Sur sakinləri malpərəst olaraq qalmışdılar. Onlar Kənanın qüdrətli Gibyon şəhərinin əhlindən nümunə götürmədilər. Gibyon sakinləri Yehovanın möhtəşəm işləri haqqında uzaqdan-uzağa eşitmişdilər. Bu kifayət etmişdi ki, onlar Yehovaya iman gətirsinlər (Yuş. 9:2, 3, 22—10:2). Sur sakinləri isə tamam başqa cür davrandılar. Hətta iş o yerə gəlib çatdı ki, onlar Allahın xalqına qarşı çıxdılar, onların bəzisini qul kimi satdılar (Zəb. 83:2, 7; Yuil 3:4, 6; Ams. 1:9).

Heç vaxt mal-mülkü özümüzə sipər bilməməliyik

21, 22. Surun başına nələr gəldi və nəyə görə?

21 Yehova Hizqiyal vasitəsilə surlulara demişdi: «Ey Sur, Mən sənə qarşı qalxmışam. Dəniz çalxalanıb dalğalarını şahə qaldırdığı kimi, Mən də xalqları sənin üstünə qaldıracağam. Onlar Surun divarlarını uçuracaq, bürclərini yerlə yeksan edəcəklər. Mən də onu çılpaq qayaya döndərənəcən torpağını qaşıyıb atacağam» (Hizq. 26:1—5). Sur sakinləri var-dövlətlərinə güvənirdilər, onlar düşünürdülər ki, adada yerləşən Surun 46 metr hündürlüyündə olan divarları şəhəri necə qoruyursa, var-dövlətləri də onları elə qoruyacaq. Ancaq gərək onlar Süleymanın bu hikmətli sözlərinə qulaq asaydılar: «Varlının dövləti onunçün istehkamlı şəhərdir, onun xəyalında qala divarıdır» (Məs. 18:11).

22 Hizqiyalın Sur əleyhinə söylədiyi peyğəmbərlik əvvəlcə babillilərin, sonra isə yunanların vasitəsilə yerinə yetdi. O zaman Sur sakinləri anladılar ki, istər var-dövlətin, istərsə də qala divarlarının mühafizəsi ilğımdan başqa bir şey deyil. Yerusəlimi yerlə yeksan edəndən sonra babillilər Sura hücum etdilər və 13 illik hərbi əməliyyatdan sonra şəhərin materik hissəsini darmadağın etdilər (Hizq. 29:17, 18). E. ə. 332-ci ildə isə Böyük İsgəndər Hizqiyalın söylədiyi peyğəmbərliyin mühüm bir məqamını yerinə yetirdi *. Onun ordusu Surun materik hissəsindəki xarabalıqdan daşı, torpağı, taxtaları yığıb suya tökdü və Surun ada hissəsinə yol düzəltdi (Hizq. 26:4, 12). İsgəndər qala divarlarını uçurtdu, şəhəri talan etdi, minlərlə əsgəri, sakini öldürdü, on minlərlə insanı isə kölə kimi satdı. Sur sakinləri böyük var-dövlətin insanı həmişə qorumadığını öz acı təcrübələrindən öyrəndilər. Başlarına bu müsibət gələndə bildilər ki, Yehova kimdir (Hizq. 27:33, 34).

Sur şəhəri fətholunmaz görünsə də, Hizqiyalın dediyi kimi məhv edildi (22-ci abzasa baxın)

23. Sur sakinlərindən özümüzə hansı dərsi götürürük?

23 Sur sakinlərindən nə öyrənirik? Biz heç vaxt var-dövlətin aldadıcı qüvvəsinə uyub ümidimizi maddi şeylərə bağlamamalıyıq, onları özümüzə sipər bilməməliyik (Mət. 13:22). Biz «həm Allahın, həm də var-dövlətin qulu» ola bilmərik. (Mətta 6:24 ayəsini oxuyun.) Yehovaya yalnız sidqi-ürəkdən xidmət edənlər, sözün əsl mənasında, təhlükəsizlikdədirlər (Mət. 6:31—33; Yəh. 10:27—29). Surla bağlı peyğəmbərliklər kimi, bu şər dünyanın sonu ilə bağlı peyğəmbərliklər də ən xırda təfərrüatına qədər yerinə yetəcək. Yehova bu dünyanın acgöz kommersiya sistemini məhv edəcək, həmin vaxt ümidini var-dövlətə bağlayanlar Yehovanın kim olduğunu biləcəklər.

Saman çöpünə bənzər dövlət

24—26. a) Nəyə görə Yehova Misiri saman çöpü adlandırmışdı? b) Sidqiyyə padşah Yehovanın hansı məsləhətini qulaqardına vurdu və bunun nəticəsi nə oldu?

24 Vəd edilmiş diyarın yerləşdiyi bölgədə Misir çox böyük nüfuza malik idi. Misir Yusifdən də əvvəl əldə etdiyi bu mövqeni ta babillilər Yerusəlimə yürüş edənə kimi qoruyub saxlamışdı. Misirin kökü çox qədimlərə dayanırdı. Bunun sayəsində o, dərinə kök atmış qocaman ağaca bənzəyirdi. Lakin Yehovanın yanında o, saman çöpü kimi kövrək idi (Hizq. 29:6).

25 Əfsuslar olsun ki, Sidqiyyə padşah bunu başa düşmürdü. Yehova Ərəmya peyğəmbər vasitəsilə Sidqiyyəni Babil padşahına tabe olmağa səsləmişdi (Ərm. 27:12). Sidqiyyə hətta Yehovanın adına and içmişdi ki, Navuxodonosora qarşı qiyam qaldırmayacaq. Ancaq o, Yehovanın məsləhətini rədd edib Navuxodonosora içdiyi andı pozdu. O, babillilərlə döyüşmək üçün Misirdən kömək istədi (2 Saln. 36:13; Hizq. 17:12—20). Lakin israillilər Misirin qüdrətinə arxalanmaqla özlərinə çox böyük ziyan vurdular (Hizq. 29:7). Misir «nəhəng dəniz əjdahası» kimi vahiməli görünə bilərdi (Hizq. 29:3, 4). Lakin Yehova demişdi ki, ovçular Nildən timsahı necə tuturlarsa, onunla o cür davranacaq. Çənəsinə qarmaq keçirib onu məhvə doğru sürüyəcək. Yehova babilliləri bu qədim ölkəni zəbt etməyə göndərməklə bu peyğəmbərliyi yerinə yetirdi (Hizq. 29:9—12, 19).

26 Bəs xəyanətkar Sidqiyyənin axırı necə oldu? Hizqiyal peyğəmbərlik etmişdi ki, Yehovaya asi çıxdığı üçün bu mənfur rəhbər tacından məhrum olacaq və hakimiyyəti süquta yetəcək. Lakin Hizqiyal peyğəmbər ümid xəbəri də çatdırmışdı (Hizq. 21:25—27). Ona Yehovadan nazil olmuşdu ki, bir gün taxta şah sülaləsindən olan padşah, taxtın qanuni sahibi çıxacaq. Növbəti fəsildə bu şəxsin kim olduğu yazılıb.

27. İsrailin Misirlə münasibətindən özümüzə hansı dərsi götürürük?

27 İsrailin Misirlə münasibətlərindən nə öyrənirik? Bu gün Yehovanın xalqı ümidini siyasi qüvvələrə bağlamamalı, onların əmin-amanlıq yaradacağını düşünməməlidir. Biz hətta düşüncələrimizdə də dünyaya məxsus olmamalıyıq (Yəh. 15:19; Yaq. 4:4). Siyasi quruluşlar möhkəm görünə bilər, lakin onlar qədim Misir kimi kövrək saman çöpünə bənzəyir. Kainatın qüdrətli Hökmdarını qoyub, ümidimizi fani insanlara bağlamaq çox böyük ağılsızlıq olardı. (Zəbur 146:3—6 ayələrini oxuyun.)

Hətta təklikdə belə, dünyanın siyasi qüvvələrinin tərəfini tutmamalıyıq (27-ci abzasa baxın)

Xalqlar biləcəklər

28—30. Xalqların Yehovanı tanıması ilə bizim Yehovanı tanımağımız arasında hansı fərq var?

28 «Hizqiyal» kitabı boyunca Yehova dəfələrlə xalqlarla bağlı belə deyir: «Biləcəklər ki, Mən Yehovayam» (Hizq. 25:17). Yehova qədimdə xalqının düşmənlərinə çıxardığı hökmü icra edəndə bu sözlər həyata keçdi. Bizim günlərimizdə bu, daha böyük miqyasda yerinə yetəcək. Necə?

29 Allahın qədimdəki xalqı kimi, biz də ətrafdakı xalqların gözündə müdafiəsiz tənha quzuya bənzəyirik (Hizq. 38:10—13). Bu kitabın 1718-ci fəsillərindən görəcəyimiz kimi, tezliklə xalqlar Allahın xalqına qarşı amansızcasına hücuma keçəcəklər. Ancaq bu zaman onlar əsl qüdrətin nə olduğunu görəcəklər. Yehova onların hamısını Armageddonda məhv edəcək. Onda onlar biləcəklər, Yehova kimdir. Onun əsl hakimiyyət Sahibi olduğunu dərk edəcəklər (Vəhy 16:16; 19:17—21).

30 Bizi isə Yehova qoruyacaq. O, bizə bol nemətlər verəcək. Çünki biz indi göstəririk ki, Yehovanın kim olduğunu bilirik. Biz Ona etibar edirik, Ona tabe oluruq və Ona layiq olduğu kimi pak şəkildə ibadət edirik. (Hizqiyal 28:26 ayəsini oxuyun.)

^ Məsələn, filiştlilər İsraildə heç kimə dəmirçiliklə məşğul olmağa icazə vermirdilər. İsraillilər təsərrüfat alətlərini itiləmək üçün filiştlilərin yanına getməli olurdular. Filiştlilər bu işin əvəzində onlardan bir neçə günün əməkhaqqısına bərabər miqdarda pul alırdılar (1 İşm. 13:19—22).

^ Görünür, Sur şəhəri əvvəlcə sahildən bir qədər aralıda yerləşən qayada, Karmel dağından təxminən 50 kilometr şimalda salınmışdı. Sonralar isə materikdə də Sur şəhəri salındı. İbrani sözü «sur» «qaya» mənasını daşıyır.

^ Əşiya, Ərəmya, Yuil, Amus və Zəkəriyyə də Sur əleyhinə peyğəmbərliklər söyləmişdi; onlar da xırdalığına kimi yerinə yetmişdi (Əşy. 23:1—8; Ərm. 25:15, 22, 27; Yuil 3:4; Ams. 1:10; Zək. 9:3, 4).