Kontentə keç

Mündəricatı göstər

DƏRS 45

Padşahlıq bölünür

Padşahlıq bölünür

Süleyman Yehova Allaha ibadət etdiyi müddətdə İsrail əmin-amanlıq içində idi. Ancaq Süleyman başqa xalqlardan olan çoxlu qadınlarla evlənir. Bu qadınlar bütlərə sitayiş edir. Getdikcə Süleyman da bütlərə sitayiş etməyə başlayır. Yehova qəzəblənir. O, Süleymana deyir: «İsrail hakimiyyəti sənin nəslindən alınıb iki yerə bölünəcək. Mən onun böyük hissəsini nökərlərindən birinə verəcəyəm. Sənin ailən isə İsrailin kiçik bir hissəsinə hökmdarlıq edəcək».

Yehova qərarını başqa yolla da bəyan edir. Süleymanın nökərlərindən biri Ərubam yol ilə gedərkən Əxiyyə peyğəmbərlə qarşılaşır. Əxiyyə öz cübbəsini cırıb 12 yerə bölür və Ərubama deyir: «Yehova İsrail padşahlığını Süleymanın nəslindən alıb, iki yerə böldü. On hissəsi sənindir, götür, çünki sən on qəbilə üzərində padşah olacaqsan». Süleyman padşah bunu eşidəndə Ərubamı öldürmək istəyir. Ərubam isə qaçıb Misirə gedir. Bir müddət sonra Süleyman ölür və onun yerinə taxta oğlu Rəhabam çıxır. Ərubam düşünür ki, artıq təhlükə sovuşub, İsrailə qayıtmaq olar.

İsrail ağsaqqalları Rəhabama deyir: «Xalqla yaxşı rəftar etsən, onlar sənə sadiq olacaq». Ancaq Rəhabamın cavan dostları ona deyir: «Gərək xalqla pis rəftar edəsən! Onların yükünü ağırlaşdır!» Rəhabam dostlarının məsləhətinə qulaq asır. O, xalqa qarşı qəddarlıq edir, xalq da üsyan qaldırır. Onlar Ərubamı on qəbilə üzərinə padşah seçirlər. Qalan iki qəbilə isə Yəhuda padşahlığı adlanır. Oranın əhalisi Rəhabama sadiq qalır. Beləcə, İsrailin 12 qəbiləsi bölünür.

Ərubam istəmir ki, xalq ibadət etmək üçün Rəhabamın padşahlıq etdiyi şəhərə, Yerusəlimə getsin. Bilirsən niyə? Çünki Ərubam qorxur ki, camaat ondan üz döndərib, Rəhabamın tərəfini tutar. Buna görə də o, iki qızıl dana bütü düzəldir və camaata deyir: «Yerusəlim buradan çox uzaqdır. Siz burada ibadət edə bilərsiniz». Xalq qızıl danalara ibadət edir və Yehovadan uzaqlaşır.

«İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehliklə qanunsuzluq arasında nə əlaqə ola bilər?.. Yaxud imanlı ilə imansızın şərikli nəyi ola bilər?» (2 Korinflilərə 6:14, 15)