DƏRS 94
Şagirdlər müqəddəs ruh alır
İsa Məsihin göyə qalxmasından on gün sonra həvarilər müqəddəs ruh alırlar. Eramızın 33-cü ilinin Əllinci gün bayramında insanlar müxtəlif ərazilərdən bayramı qeyd etmək üçün Yerusəlimə gəlirlər. İsanın təxminən 120 şagirdi bir evin yuxarı otağına yığışır. Birdən qəribə bir hadisə baş verir. Hər bir şagirdin başının üstündə oda bənzəyən bir şey peyda olur və onlar müxtəlif dillərdə danışmağa başlayırlar. Şiddətli küləyin səsinə bənzər bir səs evi bürüyür.
Başqa ərazilərdən Yerusəlimə gələn qonaqlar səsi eşidir və nə baş verdiyini görmək üçün evə tərəf qaçırlar. Həmin adamlar şagirdlərin onların dillərində danışdığını görəndə heyrətə gəlirlər. Onlar deyirlər: «Axı bu adamlar Cəlilədəndir. Necə olur ki, bizim dilimizdə danışırlar?»
Sonra Butrus və digər həvarilər camaatın qarşısında dayanır. Butrus onlara İsanın necə öldürüldüyünü və Yehovanın onu
necə diriltdiyini danışır. Butrus deyir: «İndi İsa göydə Allahın sağındadır və o, söz verdiyi kimi üzərimizə müqəddəs ruh töküb. Gördüyünüz və eşitdiyiniz möcüzələr bunun sayəsindədir».Butrusun sözləri camaata güclü təsir edir. Onlar soruşurlar: «Bəs indi biz nə etməliyik?» Butrus onlara deyir: «Günahlarınızdan tövbə edin və İsanın adı naminə vəftiz olun. Siz də müqəddəs ruh alacaqsınız». Həmin gün təxminən 3000 adam vəftiz olur. Bundan sonra Yerusəlimdə şagirdlərin sayı sürətlə artmağa başlayır. Müqəddəs ruhun köməyi ilə həvarilər daha çox yığıncaqlar təşkil edir və beləcə, İsanın onlara tapşırdığı hər şeyi şagirdlərə öyrədə bilirlər.
«Əgər sən dilinlə İsanın Ağa olduğunu hamıya bəyan edirsənsə və ürəyində Allahın onu diriltdiyinə iman edirsənsə, xilas olacaqsan» (Romalılara 10:9)