Hekayə 116
Əbədi yaşamaq üçün nə etməliyik?
DEYƏ bilərsən bu qız öz dostları ilə hansı kitabı oxuyur? Hə, hə, onlar da «Müqəddəs Kitab hekayələri»ni oxuyurlar. Onlar da sənin oxuduğun hekayəni — «Əbədi yaşamaq üçün nə etməliyik?» hekayəsini oxuyurlar.
Bilirsən onlar bu hekayədən nə öyrənirlər? Onlar öyrənirlər ki, əbədi yaşamaq üçün Yehova Allah və Onun Oğlu İsa haqqında bilik almaq lazımdır. Müqəddəs Kitabda deyilir: ‘Əbədi yaşamaq üçün tək həqiqi Allah və onun yer üzünə göndərdiyi Oğlu İsa Məsih haqqında öyrənin’.
Biz Yehova Allah və onun Oğlu İsa Məsih haqqında haradan öyrənə bilərik? «Müqəddəs Kitab hekayələri»ni başdan axıra kimi oxumaq bu işdə sənə kömək edər. Buradan Yehova Allah və İsa Məsih haqqında çox şey öyrənmisən. Bu kitabda həm də onların əvvəlki və gələcəkdə görəcəkləri işlər haqqında yazılıb. Amma elə fikirləşmə ki, bu kitabı oxumaqdan savayı heç nə lazım deyil.
Yerdə o biri kitabı görürsən? Bu Müqəddəs Kitabdır. Oxuduğumuz hekayələr onun əsasında yazılıb. Böyüklərdən xahiş elə, sənə bu hekayələrdə gətirilən ayələri Müqəddəs Kitabdan oxusunlar. Yehova Allaha düzgün xidmət etmək və əbədi yaşamaq üçün ancaq Müqəddəs Kitab bizə lazımi biliyi verir. Buna görə də Müqəddəs Kitabı müntəzəm öyrənməliyik.
Amma bunu da bil ki, Yehova Allah və İsa Məsih haqqında öyrənmək azdır. Bizim Yehova Allah və İsa Məsih, həmçinin onların təlimləri haqqında çoxlu biliyimiz ola bilər. Ancaq bu, əbədi yaşayacağımıza zəmanət vermir. Bilirsən əbədi yaşamaq üçün başqa nə etməliyik?
Biz öyrəndiyimiz şeyləri sonra həyatımızda tətbiq etməliyik. Yəhuda İskaryot yadındadır? O, İsanın 12 həvarisindən biri idi. Yəhudanın da Yehova və İsa haqqında çoxlu biliyi vardı. Amma onun axırı necə oldu? O yavaş-yavaş özünü Allahdan çox sevməyə başladı və İsanı düşmənlərə 30 gümüş pula satdı. Buna görə də Yəhuda əbədi yaşamayacaq.
Bəs 69-cu hekayədəki Gehazi yadındadır? Gehazi ona məxsus olmayan paltara və pula tamah salmışdı. Bu şeyləri götürmək üçün yalan danışdı. Bunun üçün Yehova Allah onu cəzalandırdı. Biz də Allahın qanunlarına qulaq asmasaq, Allah bizi cəzalandırar.
Yehovanın keçmişdə çoxlu sədaqətli xidmətçiləri də olub. Biz də onlara oxşamaq istəyirik, elə deyilmi? Məsələn, balaca Şamueli götürək. Yadındadır, 55-ci hekayədə oxumuşduq ki, o, ibadət çadırında xidmət etməyə başlayanda dörd-beş yaşı vardı. Bəli, yaşından asılı olmayaraq, sən Yehovaya hər vaxt xidmət edə bilərsən.
Əlbəttə, biz hamımız İsa Məsihə bənzəmək istəyirik. O, uşaq yaşlarında da məbəddə insanlarla göydəki Atası haqqında danışırdı. Bunu 87-ci hekayədən görmək olar. Gəl biz də onun kimi olmağa çalışaq. Gəl gözəl Allahımız Yehova və Onun Oğlu İsa Məsih haqqında imkanımız daxilində hamıya danışaq. Əgər bunları edəriksə, onda Allahın yer üzündə yaradacağı Cənnətdə əbədi yaşayacağıq.