Hekayə 82
Mordokay və Ester
GƏL səninlə, Ezranın Yerusəlimə getməsindən bir neçə il əvvələ qayıdaq. Mordokay və Ester Fars padşahlığında yaşayan ən adlı-sanlı israillilərdir. Ester padşahın arvadı, onun əmisi oğlu Mordokay isə padşahdan sonra ikinci adamdır. Gəl onların belə yüksək mövqeyə necə qalxdıqlarını öyrənək.
Ester balaca ikən valideynləri ölür. Buna görə də onu Mordokay böyüdür. Fars padşahı Axaşveroşun Şuşan şəhərində sarayı var. Mordokay da padşah əyanlarından biridir. Bir gün padşahın arvadı Vaşti ərinin sözünə qulaq asmadığından padşah özünə yeni bir arvad seçmək qərarına gəlir. Heç bilirsən o kimi bəyənir? Bəli, gənc və gözəl Esteri.
Şəklə bax. Adamların baş əydiyi bu qürurlu insan Hamandır. O, Fars padşahlığının ən nüfuzlu əyanıdır. Oturan isə Mordokaydır. Haman istəyir ki, Mordokay da ona baş əysin. Amma Mordokay bunu etmək fikrində deyil. O hesab edir ki, belə pis adama baş əymək düzgün deyil. Haman buna bərk hirslənir və gör nə edir.
Haman padşaha israillilər barədə yalan danışır: ‘Onlar pis xalqdır, sənin qanunlarına da əməl etmirlər. Onların kökünü kəsmək lazımdır’. Axaşveroş arvadı Esterin israilli olduğundan xəbərsizdir. Buna görə Hamana qulaq asıb israilliləri bir gündə məhv etmək üçün fərman verir.
Mordokay bu qanunu eşidəndə çox pis olur və Esterə xəbər göndərir: ‘Padşahla mütləq danışıb ona yalvar ki, bizi ölümdən qurtarsın’. Amma Fars padşahlığında bir qanun var: padşahın çağırışı olmadan heç kim onun hüzuruna gələ bilməz. Ester isə çağırılmadan padşahın hüzuruna gəlir. Padşah Esteri görəndə öz qızıl əsasını ona tərəf uzadır. Bu o deməkdir ki, Ester bu hərəkətinə görə öldürülməyəcək. Ester padşahı və Hamanı böyük ziyafətə dəvət edir. Padşah Esterdən nə istədiyini soruşur. O deyir: ‘Əgər padşah Hamanla sabah da verdiyim ziyafətə gəlsə, istəyimi onda deyəcəyəm’.
Ziyafət zamanı Ester padşaha deyir: ‘Xalqımı və məni öldürmək istəyirlər’. Padşah qəzəblənib soruşur: ‘Bunu etməyə kimin cəsarəti çatar?!’
‘Xalqımın düşməni bu pis Hamandır!’ deyə Ester cavab verir.
İndi padşah daha çox hirslənir. O, Hamanın öldürülməsinə əmr verir. Bundan sonra Mordokayı padşahlıqda ikinci adam təyin edir. Mordokay yeni bir fərmanın verilməsinə nail olur. Bu qanun israillilərə, həmin o təyin olunmuş gündə özlərini müdafiə etməyə imkan verir. Mordokay indi çox nüfuzlu adam olduğundan çoxları israillilərə kömək edir və onları düşmənlərinin əlindən qurtarır.
«Ester» kitabı.