FƏSİL 110
İsa peyğəmbərin məbəddəki son günü
MƏTTA 23:25—24:2 MARK 12:41—13:2 LUKA 21:1—6
-
MƏSİH DİN XADİMLƏRİNİ YENƏ MÜHAKİMƏ EDİR
-
MƏBƏD DARMADAĞIN OLACAQ
-
KASIB DUL QADIN İKİ XIRDA PUL İANƏ EDİR
İsa Məsih sonuncu dəfədir ki, məbəddədir. O, yenə də mirzələri və fərisiləri ifşa edir və açıq-aşkar onları ikiüzlü adlandırır. O, əyani nümunədən istifadə edərək deyir: «Siz camı və boşqabı üstdən təmizləyirsiniz, amma onların içi acgözlüklə və kef-səfa ilə doludur. Ey kor fərisi, əvvəlcə camın və boşqabın içini təmizlə, onda onların üstü də təmiz olacaq» (Mətta 23:25, 26). Fərisilər xırdalığına qədər təmizlənmə ayinini icra edib zahiri görünüşlərinə fikir verirlər, lakin onlar daxillərinin nə vəziyyətdə olduğuna fikir vermirlər və məcazi ürəklərini təmizləmirlər.
Onların ikiüzlüyü peyğəmbərlər üçün canfəşanlıqla türbələr ucaldıb onları bəzəməklərindən də görünür. Halbuki onlar İsa Məsihin qeyd etdiyi kimi, peyğəmbərləri qətlə yetirmiş adamların övladlarıdırlar (Mətta 23:31). Belə olduqları İsa Məsihi öldürməyə çalışmalarından görünür (Yəhya 5:18; 7:1, 25).
Sonra İsa Məsih din xadimlərinin tövbə etmədikləri halda aqibətlərinin necə olacağını deyir: «Siz, ey ilanlar, əfi ilan balaları! Hinnom vadisinə məhkumiyyətdən canınızı necə qurtaracaqsınız?» (Mətta 23:33). Yaxınlıqdakı Hinnom vadisində zibilləri yandırırlar. Bu, bədxah fərisiləri və mirzələri gözləyən əbədi məhvin əyani nümunəsidir.
İsa Məsihin şagirdləri onu peyğəmbərlər, ariflər və müəllimlər kimi təmsil edəcəklər. Bu şagirdlərlə necə davranacaqlar? Üzünü din xadimlərinə tutaraq İsa Məsih deyir: «[Şagirdlərimdən] bəzilərini öldürəcək, dirəkdə edam edəcəksiniz, bəzilərini isə sinaqoqlarınızda qamçılayacaq və bir şəhərdən o biri şəhərə qovacaqsınız. Beləcə, saleh Habilin qanından tutmuş... Zəkəriyyənin qanına kimi, yer üzündə axıtdığınız bütün salehlərin qanına görə günahkar sayılacaqsınız». O xəbərdar edir: «Bilin və agah olun, bütün bu günahlara görə bu nəsil cavab verəcək» (Mətta 23:34—36). Bu sözlər eramızın 70-ci ilində Roma ordusu Yerusəlimi işğal edəndə və yüz minlərlə yəhudini məhv edəndə yerinə yetir.
İsa peyğəmbər bu dəhşətli hadisə barədə düşünərək qüssələnir və ürək yanğısı ilə deyir: «Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim! Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz! Buna görə də Allah bu məbədi tərk edəcək» (Mətta 23:37, 38).
Sonra peyğəmbər əlavə edir: «Siz: “Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər bir daha məni görməyəcəksiniz» (Mətta 23:39). O, Zəbur 118:26 ayəsindəki peyğəmbərlik sözlərini sitat gətirir: «Yehovanın adı ilə gələnə eşq olsun! Yehovanın evindən sizə alqış deyirik». Aydındır ki, bu məbəd dağılandan sonra heç kim Allahın adı ilə ora gəlməyəcək.
Sonra İsa peyğəmbər məbədin xəzinə qabları olan hissəsinə gedir. Ora gələnlər ianələrini qabın başındakı balaca deşikdən içəri atırlar. Peyğəmbər müxtəlif varlı yəhudilərin xəzinə qablarına çoxlu pul atdıqlarını görür. Sonra İsa peyğəmbərin diqqətini iki xırda pul atan bir dul qadın cəlb edir (Mark 12:41, 42). Peyğəmbər şübhəsiz əmindir ki, Allah həmin qadının ianəsini qəbul edir.
Peyğəmbər şagirdlərini yanına çağırıb deyir: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qabına hamıdan çox atdı». Bu, necə ola bilər? Peyğəmbər izah edir: «Onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola dolanmaq üçün nəyi vardısa hamısını verdi» (Mark 12:43, 44). Bu qadının düşüncəsi və əməlləri din xadimlərinkindən necə də fərqlənir!
Hələ də nisanın 11-dir. İsa peyğəmbər axırıncı dəfə məbədin qapılarından çıxır. Şagirdlərdən biri deyir: «Ustad, bir bu möhtəşəm daşlara, bu binalara bax!» (Mark 13:1). Həqiqətən də, məbədin divarlarının bəzi daşları olduqca böyükdür. Bunun sayəsində məbəd möhkəm və sarsılmaz görünür. Bu səbəbdən İsa peyğəmbərin növbəti sözləri adama qəribə gələ bilər: «Gördüyün bu möhtəşəm binaların daşı daş üstə qalmayacaq, hamısı dağılacaq» (Mark 13:2).
İsa peyğəmbər bundan sonra həvariləri ilə Qidron vadisini keçib Zeytun dağına qalxır. Sonra o, Butrus, Andreas, Yaqub və Yəhya ilə təklikdə qalır. Buradan onlar möhtəşəm məbədi seyr edə bilirlər.