FƏSİL 47
Yairin qızı dirilir
MƏTTA 9:18, 23—26 MARK 5:22—24, 35—43 LUKA 8:40—42, 49—56
-
İSA PEYĞƏMBƏR YAİRİN QIZINI DİRİLDİR
Yair İsa peyğəmbərin qanaxmadan əziyyət çəkən qadını sağaltdığını görür. Qızının artıq öldüyünü düşünsə də, əmindir ki, peyğəmbər onu dirildə bilər (Mətta 9:18). Bəs görəsən, qıza hələ də ümid var?
İsa Məsih hələ sağaltdığı qadınla danışmaqda ikən bir neçə kişi gəlib Yairə deyir: «Qızın öldü. Daha Ustada əziyyət vermə» (Mark 5:35).
Bu, necə də bəd xəbərdir! Cəmiyyətdə hörmət-izzət sahibi olan bu kişi indi acizdir, onun gözünün ağı-qarası yeganə qızı ölüb. Söhbəti eşidən İsa peyğəmbər dönüb Yairə toxtaqlıq verir: «Qorxma, sən bircə inan» (Mark 5:36).
İsa peyğəmbər Yairlə birgə onun evinə gedir. Evə çatanda görürlər ki, hamı bir-birinə dəyib: kimi ağlayır, kimi şivən qoparır, kimi dərddən sinəsini döyür. Peyğəmbər içəri girib qəribə bir şey deyir: «Uşaq ölməyib, yatır» (Mark 5:39). Oradakılar bunu eşidəndə İsa peyğəmbərə gülürlər, çünki uşağın öldüyünü bilirlər. Lakin Allahın gücü ilə peyğəmbər göstərəcək ki, ölən insanı diriltmək mümkündür və bu, yatan insanı yuxudan oyatmaq kimi bir şeydir.
İsa peyğəmbər Butrus, Yaqub, Yəhya və qızın ara-anasından savayı hamını bayıra çıxarır. Sonra onlarla birgə uşağın yatdığı otağa girir. O, qızın əlindən tutub: «Talita kumi», — deyir. Bu sözün mənası «qızcığaz, səninləyəm, qalx» deməkdir (Mark 5:41). Qız o andaca durub gəzməyə başlayır. Bunu görən Yairlə arvadının sevinci yerə-göyə sığmır! Uşağın, həqiqətən də, dirildiyini sübut etmək üçün İsa peyğəmbər deyir ki, ona yemək versinlər.
Peyğəmbər şəfa verdiyi adamlara həmişə deyir ki, bu barədə heç kimə heç nə deməsinlər. O, qızın valideynlərinə də bunu tapşırır. Amma sevincək olan valideynləri və hadisənin şahidi olan digər insanlar bu xəbəri bütün əraziyə yayırlar (Mətta 9:26). Məgər siz sevdiyiniz insanın dirildiyini görsəydiniz, bunu sevinə-sevinə başqalarına danışmazdınız? Bu, İsa peyğəmbərin diriltdiyi ikinci insandır ki, Müqəddəs Kitabda qeydə alınıb.